"Ermənilərin 34 aydır sürən terror fəaliyyətləri və ən son təxribatları Azərbaycanın lokal antiterror tərbirləri həyata keçirməsinə gətirib, çıxardı. Bu lokal antiterror tədbirlərin həm hərbi, həm də siyasi hədəfi var".
Bu sözləri ehtiyatda olan türkiyəli general Yücel Karauz Musavat.com-a açıqlamasında deyib. Türkiyəli general vurğulayıb ki, Azərbaycan hazırda qeyri-qanuni olaraq ərazisində yerləşən terroristlərin silah sistemlərini zərərsizləşdirir:
"Azərbaycan beynəlxalq hərbi hüquqlar çərçivəsində davranır, yalnız terroristlərin sığınacağı və sistemlərini məhv edir. Bu tamamilə BMT-nin nizamnaməsinə uyğundur. Azərbaycan hərbi antiterror tədbirləri ilə hədəfinə nail olaraq Ermənistanı sülh masasına oturdacaq və diz çökdürəcək".
Yücel Karauz qeyd edib ki, Türkiyə 1918-ci ildə, həmçinin Qarabağ müharibəsində olduğu kimi indi və gələcəkdə də sonsuza qədər Azərbaycanın yanında olmağa davam edəcək:
"Siyasi partiyalar, ictimai qurumlar, ümumilikdə 85 milyon Anadolu insanı Azərbaycan ordusunun və dövlətinin müzəffər olması üçün dua etməkdədir. Milli Hərəkat Partiyasının rəhbəri Dövlət Bahçeli siyasi təşkilatın toplantısında "Ermənistan ağlını başına yığsın, Qarabağ türkündür, Qarabağ Azərbaycandır" dedi. Şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan tezliklə şəfa diləyirəm".
Xalidə Gəray,
Musavat.com