“Təxliyə olunan azərbaycanlıların harada yerləşdirilməsi ilə bağlı hazırda dəqiq məlumat yoxdur. Bununla bağlı müvafiq dəqiqləşdirmələr aparılır”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Musavat.com-a açıqlamasına deyib. O qeyd edib ki, siyahılara əlavələr olunur: “Azərbaycanın Türkiyədəki səfirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə çalışması ilə vətəndaşlarımızla bağlı məlumatlar dəqiqləşdirilir. Hər dəqiqə yenilənmə olduğu üçün dəqiq statistika bəlli deyil. Axtarış-xilasetmə əməliyyatları da davam edir. Eyni zamanda təxliyə tədbirləri həyata keçirilir”.
Kilis vilayətində axtarış-xilasetmə işləri başa çatıb. Bəs həmin ərazidə azərbaycanlılar varmı?
A.Hacızadə bu barədə dəqiq məlumatın olmadığını bildirdi.
Qeyd edək ki, Türkiyənin zəlzələ baş verən ərazilərindən azərbaycanlıları daşıyan 4 avtobus artıq Gürcüstan sərhədini keçib.
Nigar HƏSƏNLİ,
Musavat.com