Türkiyədən sonra Rusiya da qadağa qoydu - məktəblərdə mobil telefon məsələsi...

Bu ildən təhsil ocaqlarında bir sıra qadağalar olacaq, onlardan biri də...

Rusiyada məktəblilərin dərs zamanı mobil telefondan istifadə edə bilməyəcəyi qanun qüvvəyə minib. “Yeni Müsavat” xəbər verir ki, sentyabrın 1-dən etibarən rusiyalı məktəblilərə yalnız fövqəladə hallar istisna olmaqla, dərsdə mobil telefondan istifadə etməyə icazə verilməyəcək. Rusiya prezidenti Vladimir Putinin imzaladığı müvafiq qanun bazar günü qüvvəyə minib.

“Superjob” iş axtarışı xidmətinin araşdırmasının nəticələrinə görə isə yeni qanunu həm valideynlər, həm də müəllimlər dəstəkləyib. Valideynlərin 87%-ə yaxını, müəllimlərin 90%-i bunun tərəfdarıdır. “Sorğu göstərdi ki, məktəblilərin valideynlərinin 87 faizi bu qərarın lehinədir. "Smartfon diqqəti yayındırır. Dərslərdə istifadə etməyə ehtiyac yoxdur". Respondentlərin yalnız 5%-i qadağanın əleyhinə olub.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə də məktəbə telefonla gəlmək qadağan olunmuşdu. Bu barədə ölkənin milli təhsil naziri Yusuf Tekin elan edib. Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təslim edəcəklər. “Müəllimlərimizi narahat edən nizam-intizam tədbirləri və şəxsi həyatın toxunulmazlığı ilə bağlı problemləri həll etmək üçün cib telefonları ilə bağlı tənzimləmələr etdik”, - deyə o bildirib. Qurum rəhbəri müəllimlərin də pis nümunə olmamaq üçün sinfə telefonla girməyəcəklərini vurğulayıb. Yaxın günlərdə Belçika məktəblərində də mobil telefon qadağan edilib. Qadağa ibtidai və orta məktəblərə şamil edilir. Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq şagirdlərin mobil telefondan istifadəsinə də qadağa qoyulub. Qadağa təkcə dərs deyil, tənəffüs vaxtına da aiddir.

Azərbaycanda isə illərdir bu məsələ gündəmə gəlsə də, məktəbə telefon gətirilməsini qadağan edən hər hansı qayda, hüquqi əsas yoxdur. Jurnalistlərin suallarını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev bir neçə dəfə bu məsələ ilə bağlı  deyib ki, bu, məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər, gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür. 

Valideynlər isə mobil telefonların məktəbdə icazə verilməsindən narazıdırlar. Hətta bu məsələ əksər valideyn qruplarında mübahisələrə də səbəb olub. Övladları 145 saylı orta məktəbdə təhsil alan valideynlərdən biri bizimsə söhbətdə qeyd edib ki, bir neçə şagird məktəbə telefon gətirdiyinə görə övladı da ondan telefon almağı istəyib: “Siz təsəvvür edin, dəfələrlə valideyn qrupuna yazırıq, uşağınıza telefon verməyin. Evdə oğlum səhər-axşam deyir ki, mama, bütün uşaqların telefonu var, mənim yoxdur. Özü də hamısı bahalı telefonlar gətirirlər. Belə özbaşınalıq olar?! Mən istəmirəm uşağım telefona öyrəşsin, dərs vaxtı fikri orada qalsın, 3-cü sinif şagirdinə niyə telefon verməliyəm axı. Burada həm müəllim, həm də direktor məsuliyyət daşımalıdır”.  

Ekspertlər də məktəblərə mobil telefon gətirilməsinin əleyhinədirlər. Mobil telefonların təhsilə böyük zərər verdiyini deyən təhsil eksperti Nadir İsrafilov bildirir ki, telefon məktəbin girişində şagirddən alınmalı, dərsdən sonra təhvil verilməli və məktəbin rəhbərliyi tərəfindən bununla bağlı valideynlərlə söhbət aparılmalıdır.

Xatırladaq ki, 2022-ci ildə hazırlanan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” sənədində bir sıra qadağalar nəzərdə tutulmuşdu. Həmin layihəyə görə, şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, amma dərs zamanı onlardan istifadə edə bilməzlər. Bu layihənin bu ildən tətbiq ediləcəyi gözlənilir. Həmin qaydaların tələblərinə əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla ağıllı telefon və digər cihazlardan istifadə etməsi qadağan edilir. Müasir dövrdə həyatın bütün sahələrində olduğu kimi, təhsili də çağdaş texnologiyaların, xüsusilə internetin təsir dairəsinin xaricində təsəvvür etmək mümkün deyil. Artıq orta məktəblərdə ən aşağı siniflərdən etibarən tədris prosesində internetin imkanlarından istifadə olunur. Lakin bu zaman da, ümumi təhsil müəssisələrinin internetə çıxışını təmin edən müvafiq provayderlər tərəfindən xüsusi onlayn süzgəcləmə sistemi tətbiq edilir ki, bu da internet istifadəçilərinin uyğun hesab olunmayan sayt və məlumatlara əlçatanlılığının qarşısını alır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

03.09.2024 10:55
734