Türkiyədən gələn şifrəli teleqramlar, şimaldan eşidilən top səsləri – Bakı necə təslim olmuşdu?

Xəlil Qut paşa - Kut'ül Ammare qəhrəmanı olaraq tanınan Xəlil paşa 1882-ci ildə İstanbulda doğulub. Hərbi akademiyada Mustafa Kamal Paşa ilə birgə təhsil alıb. Ənvər paşanın əmisidir. 1905-ci ildə yüzbaşı rütbəsi ilə məzun olub. Müxtəlif cəbhələrdə xidmətdə olan Xəlil paşa 1916-cı ildə İraq cəbhəsində Kut'ül Ammare qəsəbəsində baş verən döyüşdə ingilis general Çarlz Taunsendi əsir götürüb. 1917-ci ildə Qafqaz cəbhəsinə göndərilib. Bakının azad edilməsində iştirak edib.

HALİL.png (300 KB)

Lakin 1920-ci ildə Azərbaycandakı bolşevik təbliğatına qoşulub. Cümhuriyyət xadimləri onu ruslarla əməkdaşlıqda ittihab ediblər. Qafqaz cəbhəsindən sonra Mustafa Kamal Paşanın yanında milli mücadiləyə qoşulub. 1957-ci ildə İstanbulda vəfat edib.

Musavat.com Xəlil paşanın Qafqaz Cəbhəsinə gəlişi və Bakının azad edilməsi ilə bağlı xatirəsini təqdim edir:

- İstanbuldan ümumi qərargahdan aldığım əmrlə VI Ordunun da komandanlığı məndə qalmaqla Qafqaz Orduları Qrup Komandanlığına təyin edildim. Bu yeni vəzifəmlə birlikdə İstanbuldan Qafqaza hərəkət etməyim əmr olunurdu. Yeni vəzifəmdə IX Ordu ilə III Ordu, VI Ordu və ayrıca Azərbaycan üçün təşkil edilən və Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu tabeliyimdə olacaqdı. Xülasə, önümüzdə bu dəfə başqa bir istiqamətdə yeni, geniş üfüqlər açılırdı.

NURU.jpeg (98 KB)

Ermənilərlə qarşı-qarşıya

Rusiyada inqilabın baş verməsi, Qafqaz cəbhələrində rus ordularının dağılması bizi bu cəbhələrdə sərbəst buraxmalı idi, lakin elə olmadı. Qarşımızda rus ordularının yerini erməni birlikləri aldı. Cənubi Qafqazda üç hökumət təşəkkül etmişdi: Ermənistan, Azərbaycan, Gürcüstan...

Ermənistanın mərkəzi İrəvan idi və burada erməni inqilabçı komitələrinin ən sərti və bizə qarşı ən mücadiləçisi olan Daşnaksütyun komitəsi idarəçiliyə hakim idi. Keçmiş komitəçi liderlər dərhal hərbi idarəçiliyi də ələ keçirmişdilər... Rus ordusunun, demək olar ki, bütün silah və əşyalarına da sahiblənmişdilər. Cəbhənin gerisində qalan türk xalqına qarşı da toplu qətliama əl atmışdılar. Bu savaş normal deyildi. Ermənilər üçün bir intiqam hərbi idi. Hərb qaydaları aradan qaldırılmışdı. Qışın da ən sərt ayları idi. Hərəkat yavaş irəliləyirdi. İtkili və qanlı idi. Bu şərtlər daxilində şərq vilayətlərimizlə mərkəzdə Ərzincan, Ərzurum azad edilərək Qars yaylasına çıxıldı. Qars alındı. Ordularımız Ermənistanın sərhədinə çatdı. Gümrünü ələ keçirərək Ermənistan ərazisinə girdik. Bu sürətlə Gürcüstanla da sərhəd qonşusu olduq.

Azərbaycanla aramızda isə hələ Ermənistan var idi. Amma nə olur- olsun, Azərbaycana keçməli, oradakı qardaşlarımıza yetişməli idik. Yoxsa keçmişdən bəri yaxşı silahlanmış əsgər və intiqamçı olan erməni birlikləri qarşısında çar zamanında əsgərliyə aparılmayan, silahsız və təlimsiz azərbaycanlı qardaşlarımızın da həyatları əmniyyətdə ola bilməzdi.

Almanlarla qarşı-qarşıya

Fəqət Cənubi Qafqaza girib, xüsusilə Gürcüstanla da təmas qurduğumuzda bu dəfə qarşımızda bir də almanları gördük. Bir qədər alman əsgər ilə Tiflisdə xidmət edən alman generalı von Kress burada həm alman təmsilçisi idi, həm də özünü Gürcüstanın, hətta Ermənistanın da qoruyucusu kimi aparırdı. Cənubdan və Gümrü istiqamətindən gələn türklərə qarşı bəzi alman qüvvətləri çıxarılmışdı. Onlarla əsgərlərimiz arasında bəzi çarpışmalar da oldu. Xülasə, alman müttəfiqlərimiz, yəni vaxtilə bizə Qafqaz yollarını işarət edən dostlarımız indi önümüzdə yollar açılınca hərəkətlərimizə əngəl olurdular. Yolumuzu kəsmək istəyirdilər. Fəqət biz öz planımıza uyğun davam etmək məcburiyyətində idik.

TURKO.jpeg (98 KB)

Planımız nə idi?

Mən Şərq Orduları Qrup Komandanlığına təyin olunduqdan sonra İstanbuldan dəniz yolu ilə Batuma gəldim, orada iki gün qaldıqdan sonra qatarla Tiflisə getdim. Batum gürcü torpaqları sayılırdı. Tiflis də Gürcüstanın mərkəzi olmuşdu. Tiflisdəki yeni gürcü hökumətini ziyarət edərək təbrik etdim. Oradan yenə qatarla cənuba hərəkət etdim...

Planımız belə idi: Ordumuzla Azərbaycana keçmək və Azərbaycan Cümhuriyyətinin mərkəzi olacaq Bakını qurtarmaq. Çünki İranın daxilindən irəliləyən ingilislər Bakını işğal etmişdilər. Oraya gətirdikləri ingilis əsgərlərindən başqa rus ordusunun qalıqlarından bəzi qismləri də tabeçiliklərinə almışdılar. Ermənilərlə də təbii olaraq olduqca dost münasibət qurmuşdular. Fəqət biz mütləq Bakını qurtarmalı və azad etməli idik.

Bakının azad olunması

Daha öncə də bəhs etdiyim kimi, Azərbaycanın təlimli əsgərləri yox idi. 

AZERİ SON.jpeg (111 KB)

Çünki ruslar türkləri əsgərliyə aparmırdılar. Beləcə türk irqinin hərbi qabiliyyətini yox etməyə çalışırdılar. Bakının qurtarılması üçün mühüm əsgəri birliklərə və hərbi təcrübəyə ehtiyac var idi. Məhz bu şərtlər daxilində mənə Şərq Orduları Qrupu komandanlığı verilərkən Azərbaycanda və Bakı istiqamətində bir də İslam Ordusu təşkil edilməsini nəzərə almışdıq. Qurulacaq bu təşəkkülün komandanlığına da paşa ünvanı ilə yarbay Nuru gətirilmişdi. Nuru Paşa Ənvər paşanın qardaşı idi. Trablisdə birlikdə çalışmışdıq. Balkan müharibəsində ümumi hərbdə ona önəmli vəzifələr verilmişdi. Şərq və İslam aləmində əfsanəvi şöhrəti olan Ənvər paşanın qardaşı olması da Qafqazdakı şansını artırırdı. Fəqət nə olursa-olsun, Gümrü və Araz cəbhəsindəki ordumuzdan Bakıya  birliklər yönəltməli idik. Bundan başqa, əvvəlcə ruslara əsir düşüb inqilabdan sonra qurtulan, Cənubi Qafqazda olan və ya oralara gələ bilən əsgərlər də ordu səflərində təşkilatlanmalı idilər.

Xülasə, bu istiqamətdə çalışıldı. İslam Ordusu Bakını mühasirəyə aldı. Fəqət oranı ələ keçirəcək qüvvətə sahib deyil dik. Bizim Gümrüdən oraya əsgər göndərə bilməyimiz üçün Gürcüstanın dəmir yollarından faydalanmağımız lazım idi və bu da gürcü hökumətinin icazəsinə bağlı idi. Tiflisdəki alman generalı von Kressin buna əngəl yaradacağı bəlli idi.

Gürcülərlə anlaşa bildim. Gürcüstanın cənubunda əvvəllər rus çarlarının yay köşklərinin olduğu Abastuman və Ahishori mövqelərini işğal etmişdik. Oralarda möhtəşəm yay sarayları vardı. Gürcülər bu mövqelərə tarixi bağlılıq göstərərək çox əhəmiyyət verirdilər. Buraların onlara geri qaytarılmasını istəyirdilər. Nəticədə ümumi qərargahın da razılığını alaraq bu mövqelərdən əsgərlərimizi çəkdim. Sarayları gürcülərə təslim etdim. Buna qarşılıq olaraq onlar əsgərlərimizin Gürcüstanın içindən və dəmir yollarından keçməyimizə icazə verdilər.

Beləcə, iki sarayın qarşılığında biz Bakının qurtarılması üçün lazım olan əsgəri birlikləri Bakı cəbhəsində topladıq. Qafqaz ordusu gücləndi. Beləcə, önündə yeddiqatlı hücum xətti qurduq. Müharibə şiddətli və qanlı oldu. Hücum gün ağararkən başlamışdı. İngilislər xüsusilə də Bakının cənub qisminə öz birliklərini yerləşdirmişdilər. Müharibə axşama qədər davam etdi. Bu zaman ən qəribə hadisələrdən biri müttəfiqlərimiz olan almanların Bakıya bir neçə tabor alman əsgəri göndərmək, yəni şəhəri əlində tutmaq yolundakı israrı oldu!

Bu, gülünc bir şey idi. Von Kressin bu təşəbbüsünə əvvəlcə etinasız yanaşdıq. Sonra israr ardınca Nuru Paşayla razılaşaraq daha qəti bir yol seçdik: Tiflislə telqraf xətlərini kəsərək xəbərləşməni dayandırdıq. Nəticədə von Kress Bakını aldığımızı və idarəçiliyə də sahibləndiyimizi hər şey bitdikdən sonra öyrəndi.

Xülasə, Bakı alındı. Talançılığın da qarşısı alındı. Nuru Paşanın əmri ilə 43 talançı qərargahın önündə asıldı. Bir tərəfdən də qərargahımda nə qədər alman zabiti varsa, hamısını işdən çıxardım.

Gəncədəki Azərbaycan hökuməti artıq Bakıya dönə bilərdi. Elə də oldu. Mənim də artıq burada işim tamamlanmışdı. İndi isə İrana keçməli idim. Elə də etdim. Həmin vaxt Təbrizdə olan Kazım Qarabəkir paşanın ordusunu görmək üçün oraya hərəkət etdim. Planımızın birinci qismi müvəffəq olmuşdu...

Ənvər paşa Qafqazda müsəlman dövlətləri qurmaq istəyir

Ənvər paşanın hərbin sonundan və xüsusilə bolqar müttəfiqlərimizdən şübhələrinə aid ilk şifrəli teleqramlarını hələ İrana keçmədən Bakıda olanda almışdım. Buna görə də Qafqazda hər ehtimala qarşı bəzi tədbirlər düşündüyünü göstərən bir əmrini aldım. Bu əmr 16-17 oktyabr 1918 tarixli idi. Mənim vasitəmlə İslam Ordusu Komandanlığına, yəni Ənvər paşanın qardaşı Nuru Paşaya xitab edirdi... Bu vəzifə belə idi: Nuru Paşa Azərbaycan hökumətinin rəisi və ən güvənilən liderləri ilə olduqca gizli şəkildə təmas quraraq onlardan da razılıq aldıqdan sonra Tehrana gizlicə inandığı təmsilçilər göndərəcəkdi. Bu təmsilçilər orada ingilis və fransız səfirləri ilə gizli təmas quraraq, onlardan Cənubi Qafqazdakı Azərbaycan hökuməti ilə Şimali Qafqazdakı bir İslam hökumətinin istiqlallarına təminat istəyəcəkdilər. Bu cəhət təmin olunduğu təqdirdə bu dövlətlər ingilislərin irəlidə bolşeviklərlə mücadiləsində əməkdaşlıq edəcəkdilər. Yaxud heç olmasa tərəfsiz qalacaqdılar. Belə bir təşəbbüsə Azərbaycan hökuməti razılıq verməzsə, Nuru Paşa təşəbbüsü Azərbaycan və Şimali Qafqaz İslam Orduları Komandanı olaraq özü edəcəkdi.

Yenə bu əmrdə Türk ordularının Azərbaycandan çəkilməsi təqdirdə Nuru Paşanın yerli xalqlardan bir ordu qura bilməsi imkanları soruşulurdu. Bu orduya lazım olacaq silahlan indidən təmin etmək üçün təlimat verilirdi. Əgər varsa, təcili Gümrüyə boş qatarlar göndərilməsi istənilirdi. Bununla yanaşı, bolşeviklərin Şimali Qafqaz və Dağıstandan indidən təmizlənməsi imkanlarının da araşdırılması istənilirdi.

Xülasə, vəziyyət anlaşılırdı. Ənvər paşa hərbin nəticəsindən ümidi kəsmiş görünürdü. Qafqazdakı İslam ölkələrinə göndərilə bilərsə, onları yollamaq və oralarda bir İslam ölkələrinin ərazisinə təminat almağa çalışırdı.

Təşəbbüs uğurlu olmur

Azərbaycan hökuməti ilə qurulan təmaslar müsbət nəticə vermədi. Onlarla razılıq əldə olunmadı. Ənvər paşanın yuxarıda qeyd etdiyim əmri 13 oktyabr 1918-ci ildə verdiyi digər bir əmrin təsdiqi mahiyyətində idi. O əmrində Ənvər paşa belə yazırdı:

"Siyasi vəziyyət bizim üçün qeyri-müsaid bir şəkil adığı üçün Qafqaz qüvvətlərinin istiqlallarının təsdiqinə Etilaf lətlərinin çox çətinlik yaradacaqları gözlənilir. Bu səbəblə Qafqaz müsəlmanlarının birlik halında çalışmalarını və bunun üçün də Azərbaycanla Şimali Qafqaz hökumətinin birləşərək "Şərqi Qafqaz Hökuməti" adı ilə bir İslam hökuməti yaratmaları, yaxud konfederasiya şəklində birləşmələrini çox gərəkli görürəm".

Uzun sözün qısası, işlər qarışıq və alınacaq tədbirlər əhəmiyyətli idi. Bu şərtlər daxilində həm İstanbuldakı vəziyyəti yaxından görmək, həm də alınacaq tədbirləri orada müzakirə etmək üzərə Tiflis-Batum üzərindən Qaradəniz yolu ilə təcili İstanbula  getdim. Təəssüf ki, Makedoniyadakı bolqar ordusu çökmüş və biz də 30 oktyabr 1918-ci ildə Etiraf dövlətləri ilə müqavilə bağlamışdıq. Beləcə, kabinet geri çəkilmiş, İttihad və Tərəqqi iqtidarı devrilmişdi...

Gözlər Şərqə dönür

Mustafa Kamal Paşanın Sivasdakı qərargahı məktəb binasında idi. Sivasda 10 gün qaldım. Bu günlər boyunca onunla gecə-gündüz danışmaq, dərdləşmək imkanı hasil oldu... Mustafa Kamal paşayla bu qərarı aldıq: Mən Şərqə gedəcəkdim. Ermənistan yolumuzu qapasa da, bir çarə tapıb Azərbaycana keçəcəkdim. Orada Azərbaycan məsələləri ilə məşğul olmaqla yanaşı, bolşeviklərlə bir təmas imkanı, çarəsi axtaracaqdım. Onların vəziyyətini və oralardan Anadolu hərəkatı üçün nə cür fayda və dəstək ala biləcəyimizi araşdıracaqdım. Bu təmaslarımda Anadolunun bir təmsilçisi kimi hərəkət edəcəkdim. Bir sözlə, mənə yenə Şərq yolları görünürdü. Gözlərimiz Şərqə dönmüşdü və orada bir ümid işığı seçməyə çalışırdıq. Amma bu missiyamı və şəxsiyyətimi indilik gizləmək lazım idi. Vəziyyəti Mustafa Kamal Paşa ilə ikimiz belə dəyərləndirmişdik. Mənə Şərq bölgələrimizdə yolları təftiş edən məmur minbaşı Kamil bəy adı ilə bir vəsiqə verildi. Bu adla hərəkət edəcəkdim...

Bakıda

Ərzurumdan Azərbaycana ancaq İran üzərindən gedə bilərdik. Biz də o yola çıxdıq. Fəqət İranın şimal-qərbindəki Maku bölgəsindən Araz çayına keçə bilmək təhlükəli idi. Nəhayət, çaya çatdıq və oradan Naxçıvan bölgəsinə keçdik. Bura şəklən Azərbaycana bağlı idi. Çünki istirahətə ehtiyacımız var idi. İstanbuldan buraya min bir macəra və təhlükələrdən keçərək gəlmişdik. Həmçinin burada ermənilərə qarşı yerli müqaviməti və təşkilatı qaydaya salmağa çalışdıq. Daha sonra Qarabağ üzərindən Azərbaycana girdik. Bakıya çatdıq.

Əvvəlcə Osmanlı Ordular Qrupu Komandanı olaraq gəldiyim və ingilislərdən qurtardığım Bakıda indi Azərbaycan Müsavat Partiyası idarəçiliyində milli hökumət hakim idi. Fəqət çətin şərtlər içində idilər. Məsələn, biz Bakıya gəlməmişdən öncə Qarabağda ikən ermənilər Əsgəran keçidi adlanan və Qarabağın kilidi olan bu yeri işğal etmişdilər. Qarabağ təcrid edilmişdi. Bu keçidin açıla bilməsi üçün lazımi əsgəri hərəkata qatıldım. Nəhayət, keçid açıldı. Fəqət Azərbaycan təkcə Ermənistan tərəfindən deyil, şimalda Dağıstan üzərindən də hərəkətlərə, təhlükələrə məruz qalmışdı. Çünki oralar artıq bolşeviklərin əlində idi. Bakıda təhlükəli havalar əsirdi.

İki cərəyan çarpışırdı: Bir tərəfdən şimalda olan sovetlər Azərbaycan neftinə möhtac idilər. Ona görə Azərbaycan hökuməti bu neftin onlar tərəfindən təmininə çətinlik yaradırdı. Digər tərəfdən, Bakıdakı ingilis nümayəndə heyətlərinə qarşı hökumət aşırı dərəcədə dostluq və ittifaq havası içində idi.

Hökumət mənsubları ilə olan təmaslarımda neft məsələsinin həll edilməsini israrla xatırlatdım. Çünki o ərəfələrdə ingilislərin Azərbaycana heç bir yardımı dəyməyəcəkdi, amma şimaldan Qırmızı ordu istədiyi anda Bakıya yürüş edə bilərdi. Neftin isə rus ordusu və iqtisadiyyatı üçün həyati bir əhəmiyyəti var idi. Çünki Rusiyada dəmiryolları, fabriklər, mərkəzlər, xülasə, hər təsisat neftlə işləyirdi.

Hökumət də çox sağlam zəmində deyildi. Kommunist cərəyanlar və təşəkkülləri ətrafı, bilxassə Bakını əhatə etmişdi. Çünki Bakı bir sənaye, xüsusilə də neft şəhəri idi. Fəhlələrin vəziyyəti və iş şərtləri heç də yaxşı deyildi.

Xülasə, Bakıdan normal yollarla neft ala bilməyəcəklərini və ingilislərin də buna mane olduqlarını görən ruslar Azərbaycanın şimalına əsgər yığmağa başlamışdılar. O ərəfədə Nuru Paşa Dağıstan cəbhəsində idi. Nuru Paşa müharibədən sonra İslam Orduları təşkilatı dağıldıqdan sonra İstanbula keçmək istəyərkən ingilislər tərəfindən tutulmuş, Batumda Ərdəhan qalasında həbs olunmuşdu. Amma mənim İstanbulda həbsxanadan qaçdığım kimi, o da təsadüfən eyni gün Batumdan qaçmışdı. Bu qaçışa azərbaycanlı dostları kömək etmişdi. Beləliklə, təkrar Azərbaycana gələn Nuru Dağıstana getmiş, orada Qırmızı Orduya qarşı bir sipər xətti təşkil edə bilmişdi. Fəqət, müqavimət gücü zəif idi.

O ərəfələrdə mənə Bakıda türkiyəli kommunistlərdən Baha Səidlə dağıstanlı kommunist Cəlal Qorxmazov müraciət edərək bu müqavimətin dayandırılması, Qırmızı Ordunun Azərbaycana bir dost kimi girəcəyini, hətta istəsəm, Dağıstana gedərək bu ordunun başında şəxsən dura biləcəyimlə bağlı təklif etdi. Bunu qəbul edə bilməzdim. Fəqət Nuru ilə danışmaq üçün Dağıstana getdim. Qasımkənddə Nuru ilə görüşdüm. Komandanlığı dağıstanlı komandanlara buraxaraq birgə Bakıya qayıtdıq. Bizi yüzlərlə atlı yola saldı. Fəqət, dönüş yolumuzdakı şəhərlərdə qırmızı bayraqlar qaldırmışdılar. Bolşevikləri gözləyirdilər. Vəziyyətlərindən məmnun olmayan kəndli və şəhərlilər də bolşeviklərin hər tərəfə yayılan azadlıq vədlərinin qüvvətli təsiri altında idilər.

Doğrudur, Azərbaycan xalqının tək və könüldən bağlılığı Türkiyəyə idi. Amma nə çarə ki, o əsnada Türkiyə artıq can qayğısı içində idi. Mənim Qarabəkirdən aldığım şifrəli teleqramlarda isə bir an öncə bolşeviklərlə təmas quraraq Anadoluya yardım məsələlərinin əldə edilməsi istənilirdi.  

MURSEL.jpeg (113 KB)

Çox kritik günlər yaşayırdıq. Hətta bu şifrəli teleqramlardan birində istər mənim, istər Nuru Paşanın, hətta Ənvərin ən önəmli vəzifələrimizin Türkiyə ilə Sovetlər arasında sərhəd birliyi qurmağımız olduğu bildirilirdi. Bu son ağrılı təlimatı olduğu kimi qəbul etmək mənim üçün, əlbəttə ki, mümkün deyildi. Amma nə çarə ki, sovetlərə istədikləri nefti normal yollardan verməmək qayəsindəki dirəniş Qırmızı Ordunun bir gün Azərbaycan üzərinə hücumuna fürsət verdi. Mən bu dirənişə son verilməsinə çalışdım. Hətta bir gün Baş vəkalətdə Baş nazir Nəsib bəylə, nazirlərdən Rəşid Kaplanov, Müsavat Partiyası rəisi Məhəmməd Əmin Rəsulzadə bəylə bir toplantı keçirərək vəziyyətin incəliyini izah etmişdim. Bunun üzərinə alınan qərar mənim dərhal xüsusi bir qatarla şimala gedərək orada Qırmızı Ordu komandanlığı ilə təmas qurmağım oldu.

Qırmızı Ordu gəlir

Fəqət bu yolçuluğumuz məqsədinə çatmadı. Bakıdan hərəkət etdiyimiz xüsusi qatarla 3-4 saata qədər yol getmişdik ki, əvvəlcə şimaldan gələn top səslərini eşitdik. Sonra olduğumuz stansiyaya bir zirehli qatar gəldi. Öyrəndik ki, X və XI Qırmızı Sovet orduları gecə Azərbaycan hüdudunu keçiblər. Bakıya doğru gedirdilər. Amma mən heç olmasa bəzi qarışıqlıqlara mane ola bilmək ümidi ilə yenə də şimala doğru hərəkətə davam etdim. Bir çox piyada və süvari qolları cənuba doğru irəliləyirdi. Nəhayət, bir kiçik stansiyada X və XI Orduların komandanı Levandovski ilə qarşılaşmağımız və tanış olmağımız mümkün oldu. Levandovski şəxsən olmasa da, qismən ötən hərbdə məni Şərq cəbhəsindən tanıdığını söylədi. Başlamış hərəkət qarşısında ediləcək bir şey yox idi. Amma təmkinli adam olan Levandovskiyə məmləkətdə terror törədilməməsini, xalqın nifrətinin qazanılmamasını, dostcasına davranış sərgiləndiyi təqdirdə həm Azərbaycanın simpatiyasının qazanılacağını, həm də inqilabçı Türkiyənin Sovet Rusiyası ilə təmasının mümkün olacağını izah etdim. Levandovski mənə eyni düşüncələrdə olduğunu söylədi.

Xülasə, artıq olan olmuş və milli Azərbaycanın varlığı, yaşama ümidi həzin bir şəkildə sönmüşdü. Artıq Bakıya qayıtmağın da faydası yox idi.

Şahanə Rəhimli
Musavat.com

Qeyd: materialın hazırlanmasında "Cümhuriyyət xatirələri" kitabından istifadə olunub. 

31.08.2024 20:10
3593