Türkiyə Mərkəzi Bankı bu gün keçirilən iclasında əsas faiz dərəcəsini 2,5 faiz bəndi artırıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 42,5 faizdən 45 faizə yüksəldilib.
Mərkəzi Bankın qərarı “Trading Economics” tərəfindən verilən konsensus proqnoz ilə üst-üstə düşüb.
Hazırkı dərəcə 2003-cü ildən bəri ən yüksək səviyyədir. Faizlər inflyasiya ilə mübarizənin bir hissəsi kim ötən ilin iyun ayından bəri ardıcıl olaraq 8 dəfə ümumilikdə 36,5 faiz bəndi artırılıb.
Mərkəzi Bankın rəhbərliyinin sözlərinə görə, inflyasiyanın ləngiməsi üçün zəruri olan pul siyasətinin sərtliyi səviyyəsinə artıq nail olunub. Hazırkı faiz dərəcələri inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşüb inflyasiya gözləntiləri hədəf həddə çatana qədər hazırkı səviyyədə saxlanacaq.
Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatına görə, dekabr ayında Türkiyədə inflyasiya illik müqayisədə 64,8 faizə yüksələrək bir ildən artıq müddətdə ən yüksək həddinə çatıb. Noyabrda qiymət artımı 62 faiz təşkil edib. Mərkəzi Bankın hədəf inflyasiya göstəricisi isə 5 faizdir.
Mərkəzi Bankın qərarından sonra Türkiyə milli valyutası ABŞ dollarına nəzərən 0,2 faiz ucuzlaşıb.
Musavat.com