“Türkiyə ilə qaz qovşağı layihəsi Avropanın maraqlarına uyğundur və Rusiya yaxın bir neçə ay ərzində onun həyata keçirilməsində konkret irəliləyiş gözləyir”.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 22-24-də Kazanda keçirilən BRİKS sammiti çərçivəsində “TRT World” telekanalına deyib.
Onun sözlərinə görə, iki ölkənin prezidentləri qaz qovşağı məsələsini bir neçə ildir müzakirə edirlər:
“Bu, Türkiyənin, Rusiya Federasiyasının və Avropadakı gələcək istehlakçıların maraqlarına cavab verən sırf iqtisadi layihədir. Avropada Rusiya qazını almaq istəyən bir çox ölkə var. Ona görə də bu layihənin reallaşdırılması həqiqətən zəruridir. İşlər ekspertlər səviyyəsində davam etdirilir və ümid edirik ki, yaxın aylarda nəzərəçarpacaq nəticələr əldə edəcəyik”.
Peskov əlavə edib ki, Rusiya qazı spot bazarda satılan və ya ABŞ-dan gələn LNG-dən çox ucuzdur:
“Bu, yarı qiymətədir və daha etibarlı mənbədir”.
Musavat.com