Türkiyənin Vergilər İdarəsi vergi qanunlarına nağd alışların maksimum məbləğinə məhdudiyyət qoyacaq düzəlişlər hazırlayıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, bu qanunvericilik təşəbbüsü idarənin rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, vergi orqanı dəyəri 7 min türk lirəsini (cari məzənnə ilə 205 ABŞ dolları) keçən mal və xidmətlər üçün nağd ödənişlərə məhdudiyyət qoyulmasını zəruri hesab edir.
Dəyişikliklər qəbul olunarsa, fiziki və hüquqi şəxslər müəyyən edilmiş həddən artıq məbləğdə ödənişləri nağdsız üsulla həyata keçirməlidirlər.
Tələblərin pozulması alıcılar üçün cərimələrlə nəticələnə bilər.
Təşəbbüsdə qanun pozucunun ən azı 5 min lirə (146 dollardan çox) və ya satınalma məbləğinin 10 faizini ödəməli olacağı nəzərdə tutulur.
İstehlakçı qanun pozuntusu barədə beş gün ərzində vergi xidmətinə bildiriş təqdim edərsə, cərimə hesablanmayacaq.
Türkiyə hakimiyyət orqanlarının fikrincə, bu tədbir alıcı və satıcı arasında maliyyə münasibətlərinin şəffaflığını artıracaq, həmçinin vergilərin yığılması prosesini optimallaşdıracaq.
Türkiyə rəsmiləri daha əvvəl qeyd edib ki, vergi idarəsi tərəfindən idarə olunmayan əməliyyatların payı kifayət qədər yüksəkdir.
İqbal,
Musavat.com