Yücel Karauz: “Bu, bir terror təxribatıdır”
Türkiyədə turistik bölgələrdə hər il yanğınlar baş verir. Maraqlıdır ki, bu fəlakətlər təkrarlansa da, növbəti illərdə önləyici tədbirlər görmək mümkün olmur, yaxud görülmür.
Hazırda İzmirdə güclü yanğınlar davam edir.
Türkiyə hökuməti bir həftə ərzində meşə yanğınlarından zərər çəkmiş dörd vilayətdən 4 minə yaxın sakini təxliyə edib.
Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin (AFAD) yaydığı məlumata görə, son bir həftə ərzində ölkə ərazisində 131 kənd təsərrüfatı və meşə yanğını baş verib: “AFAD Fəlakətlərə Cavab Planı çərçivəsində havadan və qurudan dərhal tədbirlər həyata keçirib. Yanğının nəzarət altına alındığı ərazilərdə zərərin qiymətləndirilməsi və bununla bağlı tədbirlər həyata keçirilir”.
Qeyd edilib ki, ola biləcək insan tələfatının qarşısını almaq üçün yanğınların yaxınlığında yerləşən yaşayış məntəqələrində yaşayan vətəndaşlar AFAD, polis və jandarm qüvvələri tərəfindən təhlükəsiz ərazilərə təxliyə edilib.
Bununla əlaqədar İzmirdə 1430, Manisada 1475, Boluda 516, Aydında 550 nəfər təxliyə edilib.
Ölkənin kənd təsərrüfatı naziri İbrahim Yumaqlı isə bildirib ki, cümə axşamı səhərindən indiyədək baş verən 247 meşə yanğınından 241-i nəzarət altına alınıb.
“Bizi narahat edəcək bir yanğın belə qalmayıb”, - deyə o, TRT Haber televiziyasında bildirib.
Daxili işlər naziri Ali Yerlikaya yanğına səbəb olan 7 nəfərin həbs edildiyini açıqlayıb.
Türkiyə mətbuatının yaydığı digər məlumata görə isə təqribən ötənilki dövrdə yenidən baş verən yanğınlarla mübarizəyə ümumilikdə 39 helikopter, 10 təyyarə, 458 texnika və iki min nəfərlik canlı qüvvə cəlb edilib. Alovlarla mübarizəyə dəstək məqsədilə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən bölgəyə ölkənin Hərbi Hava Qüvvələrinə məxsus 13 helikopter göndərib.
Aydındakı yanğınların söndürülməsinə 7 təyyarə, 15 helikopter, çox sayda texnika və təxminən 370-ə yaxın canlı qüvvə cəlb edilib. İzmirdəki yanğınların söndürülməsində isə 3 təyyarə, 15 helikopter, çox sayda texnika və canlı qüvvə iştirak edir.
Yücel Karauz
Ölkənin Manisa vilayətində də meşə yanğınları ilə mübarizə davam edir. Gecə boyu qurudan aparılan söndürmə işlərinə səhər saatlarından etibarən aviasiya vasitələrləri dəstək verir. Hazırda bölgədə 7 helikopter fəaliyyət göstərir.
Ölkənin Bolu vilayətində də vəziyyət eynidir. Sıx meşəlik ərazidə başlayan yanğının söndürülməsinə Bolu ilə yanaşı, ətraf vilayətlərdən də hava vasitələri cəlb olunub. Bölgədə 12 helikopter, çox sayda yanğınsöndürən avtomobil və 1500-ə yaxın canlı qüvvənin iştirakı ilə alovla mübarizə fasiləsiz davam edir.
Qardaş ölkədə baş verən yanğınlarla əlaqədar olaraq Azərbaycan tərəfi meşə yanğınlarına kömək etməyə hazır olduğunu və “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kömək üçün Türkiyəyə göndəriləcəyini bildirib. Avqustun 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib.
Cavabında İlham Əliyev “BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyib və qeyd edib ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Elə həmin gün - avqustun 17-də dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb və ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayıb.
Türkiyənin aparıcı media orqanları ölkənin müxtəlif bölgələrində baş verən irimiqyaslı meşə yanğınlarının söndürülməsi səylərinə Azərbaycanın dəstəyini xüsusi vurğulayıblar. “Azərbaycan yenidən qardaşlığını nümayiş etdirdi!”, “Qardaşlıq əlaqələri məhz belə günlərdə özünü göstərir”, “Azərbaycan yanğınların söndürülməsinə yardım göndərir”, “Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir”, “Azərbaycan meşə yanğınlarına qarşı Türkiyəyə kömək edir” kimi başlıqlarla qəzet və saytlarda xəbərlər dərc olunub.
Bəs Türkiyədə meşələr təsadüfən yanır, yoxsa turizm savaşı kontekstində qəsdən yandırılır?
Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Dünyada bir çox yerlərdə meşə yanğınları meydana gəlir. Lakin bir həftə ərzində Türkiyədə 69 yanğın meydan gəldi. Bəziləri bu yanğınları terror təxribatı, bəziləri havanın həddən artıq isti keçməsi, bir qisim isə insanların təbiətə qarşı diqqətsiz və təhlükəli davranış fəaliyyətlərindən qaynaqlandığını bildirir.
Lakin turizm bölgəsindəki yanğınlar terror təxribatıdır. Məqsəd ölkəni çətin vəziyyətdə qoymaq, insanları qorxuya salmaq, sistemin fəaliyyətinin bacarıqsız olduğunu göstərməkdir. Lakin Türkiyə 69 fərqli yerdə baş verən yanğınla mübarizə apara biləcək gücdədir. Məsələ ilə bağlı həm Türkiyə Daxili İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi lazımi tədbirlər görür, əlindən gələn hər cür dəstək göstərməyə çalışır.
Hər zaman olduğu kimi, bu dəfə də sevinc və kədərdə bərabər olduğumuz can Azərbaycandan dəstək gəldi. Cənab prezident İlham Əliyev Ərdoğana zəng etdi, hadisə ilə bağlı üzüntüsünü bildirdi, ardınca “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərildi.
Bu bir daha tarixi, mədəniyyəti eyni olan Türkiyə və Azərbaycanın yaxşı və pis gündə təmənnasız birgəlik nümayiş etdirməsinin göstəricisidir.
Məlum olduğu kimi, Van zəlzələsində də Azərbaycan Türkiyənim yardım istəməsini gözləmədən dərhal dəstək, yardım göstərmişdi. Azərbaycan Prezidentinin, xalqının göstərmiş olduğu bu həssaslıq 85 milyonluq Anadolu insanı tərəfindən çox yüksək qiymətləndirilmişdi".
Xalidə GƏRAY,
“Yeni Müsavat”