Türkiyədə "Instagram"ın bağlanması barədə İLGİNC AÇIQLAMA

"Son illərdə qlobal sosial media resursları ("Facebook", "Instagram", "YouTube" və s.) xeyli siyasiləşib, ikili standartlar artıb. Bir çox hallarda bu resurslar vasitəsilə sərbəst fikir bildirməkdə problemlər yaranır".

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.

osman.jpg (66 KB)

Ekspert qeyd edib ki, bu məsələdə əsas səbəb məhz bu resursların özləri tərəfindən uzun illər oturuşan və hamını qane edən prinsipin, "məzmuna istifadəçi cavabdehdir" prinsipinin pozulması olub:

"Yəni qlobal resurslar məzmuna müdaxiləyə başladığı andan, ifadə azadlığına ikili standartlarla müdaxiləyə başladığı andan bu tip qapanmalar, kontentin silinməsi, "kontent saxta ola bilər" kimi işarələnməsi və s. reallığa çevrilib. Məhz bu səbəbdən sosial resursların hüdudsuz hakimiyyət əldə etməsindən dolayı 5 il öncə Tramp bu resurslarla bağlı ciddi bir tənzimləmə hazırlamışdı.

Prinsip ondan ibarət idi ki, əgər qlobal resurs kontenti redaktə edirsə, bu, artıq ifadə azadlığının pozulmasıdır, demək, o özü senzordur və kontentə görə özü məsuliyyət daşımalıdır. Yəni indiyədək mövcud olan "kontentə istifadəçi cavabdehdir" prinsipi pozulursa, onda qlobal resurslar da tənzimlənməyə cəlb olunmalıdır.

Tramp o zaman bunu reallaşdıra bilmədi. İndi həmin məsələ Türkiyədə baş verib. "Meta" şirkəti İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı Türkiyədəki paylaşımları "Instagram"dan silib. Yəni qlobal resurs yenə kontentə müdaxilə edib, yenə "redaktorluq" edib. Amma "Meta" Türkiyənin terrorçu hesab etdiklərilə bağlı çoxsaylı paylaşımları "Instagram"dan silməyib. Bu baxımdan "Instagram"ın qapadılması ilə bağlı Türkiyə hökumətinin, prezident Ərdoğanın mövqeyi anlaşılandır. Amma dövlət maraqlarının reallaşması istiqamətində Türkiyənin atdığı addımlar, "baltanın kökündən vurulması" sərt olub.

"Instagram" Türkiyədə ən populyar, ən çox ictimai və biznes əhəmiyyəti olan sosial platformadır. Türkiyədə milyonlarla insanın burada böyük biznesi var, milyonlarla insanlar burada işləyir. Türkiyə "Instagram"ı sadə bir şey deyil, milyonların "oturduğu" biznes və ictimai bir platformadır. İctimai fikrin formalaşmasına təsir edən bir platformadır. Yəni Türkiyə cəmiyyəti üçün bu platforma yetərincə əhəmiyyətli bir resursdur. Əlbəttə, "Meta" da Türkiyənin rəqəmsal bazarından milyonlar qazanır. Bu baxımdan problemin əvvəllər olduğu kimi, xəbərdarlıqlar, danışıqlar, müvəqqəti məhdudlaşmalarla, "Meta" ilə əməkdaşlıqla həll etmək doğru yanaşma olardı. Türkiyənin özünün də bu sahədə təcrübəsi var.

Ümid edirəm, qısa zamanda problem öz həllini tapacaq və "Instagram" Türkiyədə fəaliyyətini bərpa edəcək".

Xatırladaq ki, bir neçə gün öncə Türkiyədə "Instagram" bağlanıb.

Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) tərəfindən "Instagram"ın bloklanmasının səbəbi barədə bildirilib ki, radikal qərar "kataloq cinayətlər" kimi müəyyən edilən qaydalara uyğun olmadığı üçün verilib. Səlahiyyətlilər qadağanın nə vaxt ləğv ediləcəyinin "Instagram"ın mövqeyindən asılı olduğunu bildiriblər. Bunun nə qədər davam edəcəyi barədə hələ açıqlama verilməyib.

Qeyd edək ki, "kataloq cinayətlər" - uşağa qarşı cinsi istismar, intihara təhrik etmə, Atatürkə təhqir kimi məzmunların çıxarılmasında çətinliyi ehtiva edir.

Xalidə Gəray
Musavat.com

06.08.2024 16:01
813