Türkiyədə “hər şey daxil” otellərin sayı azalacaq

Türkiyədə qidanın əsassız istehlakı səbəbindən “all inclusive” (hər şey daxil - Qeyd) sistemi ilə işləyən otellərin sayı azaldılması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Ankara Gənc İşadamları Dərnəyinin nümayəndəsi Mustafa Korkutata məlumat verib.

Onun sözlərinə görə, hər gün bir turist 220-400 qram yeməyi israf edir: “Yəni bu cür otellərdə yemək tullantıları ildə 1,5 milyard dollara başa gəlir. Odur ki, “hər şey daxil” sisteminin tətbiq olunduğu otellərin sayı azalacaq”.

Qeyd edək ki, Türkiyə hakimiyyəti “hər şey daxil” sistemi ilə işləyən otellərin bufetlərində israfçılığın qarşısını almaq üçün “yol xəritəsi” hazırlamaq niyyətindədir. Ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi otellərdə qida israfının qarşısını almaq üçün yeni araşdırmaya başlayıb. Bildirilib ki, Türkiyədə hər il 18 milyon tondan çox ərzaq israf edilir.

16.10.2024 04:22
701