Türkiyədə ev kirayəsindən vergi ödəməyən 750 min şəxs cərimələnəcək  

Türkiyədə kirayə evlərdən gəlirləri haqqında bəyannamə təqdim etməyən 700 minə yaxın adam müəyyən edilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin maliyyə naziri Mehmet Şimşək açıqlayıb.

Onun sözlərinə görə, ölkədə təxminən 1,5 milyon daşınmaz əmlakın yoxlanılmasına başlanılıb, onlardan 400 mindən çox ünvan yoxlanılıb, ümumilikdə 153,4 milyon lirə (4,5 milyon dollar) məbləğində cərimə bildirişi verilib, 700 minə yaxın ev sahibi - icarə gəlirləri haqqında bəyannamə təqdim etməyənlər vergi orqanları tərəfindən müəyyən edilib.

Şimşək xatırladıb ki, səlahiyyətlilər ilin əvvəlindən kirayə evlərdən bəyan edilməmiş gəlir əldə edən şəxslərlə mübarizə kampaniyası çərçivəsində ev sahiblərini gəlirlərin bəyan edilməsi zərurəti barədə məlumatlandırır. Müəyyən həddən yuxarı kirayə verilən yaşayış obyektlərinə, qısamüddətli kirayələrə, eləcə də kommersiya obyektlərinə xüsusi diqqət yetirilir. Ümumilikdə, vergi orqanları 1 milyona yaxın vergi ödəyicisinə, o cümlədən nağd kirayə pulu alan, lakin gəlir vergisi bəyannaməsini təqdim etməyənlərə xatırlatmalar göndərib. Şimşək hökumətin “vergi sistemində ədaləti təmin etmək” və büdcə kəsirini azaltmaq üçün vergidən yayınanlara qarşı sərt tədbirləri davam etdirəcəyini bildirib.

 

Musavat.com

26.08.2024 16:33
425