Basketbol üzrə Avropa kuboku B qrupunun 9-cu həftəsində “Türk Telekom”un ev sahibliyi edəcəyi yarış Avroliqa rəhbərliyi tərəfindən Serbiyaya transfer olunub.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Ankara təmsilçisi liqanın 9-cu həftəsində 28 noyabrda İsrailin "Hapoel Bank" komandası ilə qarşılaşacaq. Kuboku təşkil edən Avroliqa Ankarada oynanılmalı olan oyunun Serbiyanın paytaxtı Belqradda keçirilməsinə qərar verib.
“Türk Telekom” idman klubunun rəhbəri Savtekin Şentürk qərarın təhlükəsizlik səbəbiylə verildiyini bildirib. Şentürk açıqlamasında bunları deyib: "Matç Avroliqa səlahiyyətliləri tərəfindən görülən təhlükəsizlik tədbirləri çərçivəsində Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Biz də matçı azarkeşlərimizin önündə oynamağı çox istərdik, amma tribunada ola bilməyən azarkeşlərimizin ekran qarşısında bizə dəstək olacağı şübhəsizdir”.
“Beşiktaş”ın UEFA Avropa Liqasında “Makkabi Tel-Əviv”lə oyunu Macarıstana, “Fənərbaxça Beko” və “Anadolu Efes”in basketbol üzrə İsrail təmsilçiləri ilə oynadığı ev matçları isə müxtəlif ölkələrdə oynanılıb.
Qeyd edək ki, İsrail və Türkiyə arasında münasibətlər İsrail dövlətinin qurulmasından bəri ilk dəfədir ki, bu qədər ciddi gərginlik yaşayır.
Musavat.com