Xəbər verdiyimiz kimi, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında Ermənistan-Türkiyə sərhədində görüş keçirilir. Keçirilən görüşdən ilk foto da yayılıb.
Görüş yerli vaxtla saat 11:00-da başlayıb və iki mərhələdə: sərhədin Ermənistan tərəfində, sonra Türkiyə tərəfində baş tutacaq.
Musavat.com nümayəndələrin dosyelərini təqdim edir:
Serdar Kılıç 1958-ci ildə martın 28-də Samsunda anadan olub. Türkiyəli diplomat 1980-ci ildə TED Ankara Kollecini və Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1984-cü ildə Xarici İşlər Nazirliyində işə başlayıb və müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2006-2008-ci illərdə Nazirlikdə NATO baş direktorunun müavini, 2008-2010-cu illərdə Beyrut səfiri, 2010-2012-ci illərdə isə Milli Təhlükəsizlik Şurasının baş katibi olub.
2012-2014-cü illərdə Tokio səfiri, 2014-2021-ci illərdə isə Vaşinqton səfiri vəzifəsini icra edib. Prezidentin 23 fevral 2021-ci il tarixli fərmanı ilə Türkiyəyə qayıdıb. 15 dekabr 2021-ci ildə o zamankı xarici işlər naziri Mövlud Çavuşoğlu Serdar Kılıçın Türkiyə ilə Ermənistan arasında başlayan normallaşma prosesi çərçivəsində xüsusi nümayəndə təyin edildiyini açıqlayıb.
Kılıç 2023-cü ilin avqust ayından “Ziraat Bankı”nın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir və eyni zamanda Korporativ İdarəetmə Komitəsinin üzvüdür.
İngilis dilini bilir. O, Zeliha Sinem Kılıçla evlidir və üç övladı var. Atası 1961-1980-ci illərdə CHP Samsun millət vəkili olmuş İlyas Kılıçdır. O, həm də Ədalət və İnkişaf Partiyasının Samsun millət vəkili, keçmiş gənclər və idman naziri Çağatay Kılıçın əmisidir.
Ruben Rubinyan isə 1990-cı il martın 8-də anadan olub. Ermənistan xarici işlər nazirinin müavinidir. O, əslən İrəvandandır. 2010-cu ildə İrəvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasını bitirib.
2018-ci il mayın 29-da Ermənistan Xarici İşlər Nazirliyində işə başlayıb. 2019-cu ildə o, Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi vəzifəsində çalışıb, Ermənistan Milli Assambleyasının deputatı olub. Ruben Rubinyan “Mülki Müqavilə” partiyasının üzvüdür.
Şahanə Rəhimli,
Musavat.com