Türkiyə və ABŞ müdafiə nazirləri nədən danışdı - razılaşma, yoxsa...

İki NATO ölkəsinin təmasları sürətlənib; XİN rəhbərlərinin ardınca Pentaqon rəhbəri ilə türk həmkarı Yaxın Şərqi və Ukraynanı müzakirə edib - təhlil

İsrail-İran qarşıdurması fonunda ABŞ-ın Türkiyəyə əşhədü ehtiyacı artıb. Çünki Türkiyə Yaxın Şərqdəki münaqişələrdə gərginliyin azaldılmasında mühüm rol oynaya bilər. Ümumiyyətlə, qardaş dövlətin İsrail və müsəlman dövlətləri arasındakı konfliktlərdə siyasəti dünya ictimaiyyətinə bəllidir. Ancaq indi vəziyyət kifayət qədər mürəkkəbləşib və paralel olaraq Qərbin Türkiyə ilə dil tapması da aktuallaşıb. Belə kritik şəraitdə Türkiyə milli müdafiə naziri Yaşar Gülərlə ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Pentaqon rəhbəri ilə türk həmkarı xüsusən nədən danışıblar və nələri razılaşdırıblar? - Suallar açıqdır. 

Tərəflər oktyabrın 17-də Brüsseldə də görüşmüşdülər. Gülər və Ostin NATO müdafiə nazirlərinin Belçikada keçirilən növbəti iclası çərçivəsində bir araya gəlmişdilər. Oktyabrın 24-də isə dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefonla danışıb. Nazirlər Yaxın Şərqdə aktual problemləri və Cənubi Qafqazda möhkəm sülhə nail olunması məsələlərini müzakirə edib. Blinken Qəzzada müharibəyə son qoymağın və girovları evlərinə qaytarmağın vaxtı olduğunu bir daha qeyd edib. Onlar həmçinin Cənubi Qafqazda bütün regiona fayda verəcək qarşılıqlı əlaqənin artırılması ilə ədalətli və davamlı sülhə nail olmağın vacibliyini müzakirə ediblər. Bir sözlə, iki NATO dövləti arasında təmaslar sürətlənib. Həm diplomatlar, həm generallar səviyyəsində Yaxın Şərqin qan gölünə çevrilməsi intensiv şəkildə müzakirə edilir. Müttəfiq ölkələrin Qəzza zolağında və Livanda baş verənlərə münasibəti fərqlənir.

ABŞ İsraili hərtərəfli dəstəkləyir, sadəcə, Qəzzada mülki əhalini bombardman etməməyə çağırır. Lakin NATO ölkəsi Türkiyə HƏMAS-ı siyasi partiya hesab edir və terrorçu təşkilat saymır, Fələstin xalqının mübarizə hərəkatı kimi qiymətləndirir. Eynilə Livanda mənzillənmiş “Hizbullah”a da Ankaranın mövqeyi loyaldır. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Yaxın Şərq böhranının həlli yalnız paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından sonra mümkündür. Ərdoğan BMT qətnamələrinə istinad edir və yeri gəlmişkən, rəsmi Bakı da bu qərarı dəstəkləyir. Lakin bölgədə hərbi vəziyyət davam edir və İsrail HƏMAS və “Hizbullah”ı demilitarizasiya etməyi qarşısına məqsəd qoyub. Amma buna tam müvəffəq olmaq çətindir. Pentaqon rəhbəri ilə Gülərin müzakirəsində bu məsələnin türk general tərəfindən diqqətə çatdırılması istisna deyil.

Analitiklər müdafiə nazirlərinin Ukrayna münaqişəsini də müzakirə etdiklərini proqnozlaşdırırlar. Bu böhranda da yenə iki NATO ölkəsinin baxışları fərqlənir. Vaşinqton Kiyevi silahlandırır, di gəl, Qərbin uzaqmənzilli raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə də icazə vermir ki, işğala son qoymaqda köklü nəticə əldə edilsin, bu da hazırda sürünən bir müharibəyə gətirib çıxarıb. Ankara isə tərəfləri İstanbul razılaşmasına qayıtmağa çağırır və təbii ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krım da daxil olmaqla. Bununla yanaşı, Ərdoğanın ritorikasında bu gedişlə Qərbin Rusiya üzərində əzici üstünlüklə qələbə qazanmaq nikbinliyi yoxdur.

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, müdafiə nazirlərinin danışığı haqda məhdud informasiya verildi. Onun sözlərinə görə, telefon görüşündə tərəflərin Türkiyənin “F-35" proqramına qayıtması imkanlarının müzakirəsi istisna deyil: "Az əvvəl də ABŞ-la Türkiyə arasında “S-300" və "S-400" danışıqları olmuşdu. Ağ Evdən bildirilmişdi ki, bu raketlərin istifadəsi Türkiyə üçün uyğun deyil və Ankara "F-35" proqramına qayıtmalıdır. Zənnimcə, ilk növbədə bu mövzu prioritet olub. Ümumən, Bayden dövründə ABŞ-Türkiyə münasibətləri rəvan olmayıb. Xüsusən də qondarma soyqırımı ilə bağlı Baydenin mövqeyi Ərdoğanı narazı salıb. Həmçinin Rusiya-Türkiyə əlaqələrinin inkişafı Vaşinqtonu qane etməyib. Bununla belə, Blinken səviyyəsində aranı düzəltməyə cəhd ediblər”.

Q.Hüseynli vurğuladı ki, müdafiə nazirlərinin müzakirə etdiyi digər mövzular isə böyük ehtimalla Yaxın Şərq, Ukrayna böhranları, Cənubi Qafqaz, Suriya məsələləri olub: “Əlbəttə ki, ilk növbədə iki dövlət arasında fikir ayrılığı yaradan səbəbləri danışıblar, sonra regional münaqişələrə keçid ediblər. Noyabr seçkilərindən sonra ABŞ-ın yeni administrasiyasının Türkiyə ilə münasibətlərinin necə olacağı da maraq doğurur. Harris qalib gələcəksə, Bayden kursu davam etdiriləcək, Tramp isə Ankara və Moskva arasında bir "orta qızıl" tapmağa çalışacaq. ABŞ onu da anlayır ki, Türkiyə hərbi sənaye kompleksində misilsiz uğurlar əldə edir, inkişafdadır və müttəfiq ölkədən uzaqlaşma ona heç nə qazandıra bilməz. Türkiyəni Birləşmiş Ştatlarla məsafə saxlamağa vadar edən “F-35"lər məsələsi oldu. Burada qardaş ölkənin günahı yoxdur. Ancaq düşünürəm ki, nə qədər olsa belə, iki NATO dövləti arasında münasibətlər pozula bilməz. Qarşılıqlı ehtiyac var və Türkiyə ABŞ üçün Qafqazda xüsusi əhəmiyyətə malikdir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

31.10.2024 10:37
294