Türkiyə uğrunda Qərb və Şərqin mübarizəsi - BRICS-ə üzvlük Zəngəzur dəhlizini aça bilərmi?

“Türkiyə NATO-nun yeganə üzvüdür ki, onun xarici siyasəti milli maraqları qlobal aktorların, təşkilatın maraqlarından ön planda tutmağa yönəlib və bu siyasət NATO-nun ümumi mənafeyi və mövqeyindən fərqli mövqe ortaya qoymağı tələb edirsə, Türkiyə ali rəhbərliyi buna gedəcək. Məsələn, hələ 2005-ci ildə Ərdoğan Putinlə görüşündə deyirdi ki, “Dünyada sabitliyin təmin olunması mövzusunda, o cümlədən bölgədəki vəziyyətlə bağlı fikirlərimiz Rusiya ilə tam şəkildə üst-üstə düşür.” O dövrdə ABŞ-nin Türkiyənin daxili işlərinə müdaxiləsi, xüsusilə PKK terrorçularına dəstəyi, İraq kürdlərinin Amerika müttəfiqi elan edilməsi Türkiyəni fərqli davranış seçməyə vadar etmişdi. Bu, 2000-ci illərin əvvəllərindəki səbəb-nəticə bağlantısıdır”.

Bu fikirləri Musavat.com-a şərhində Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə deyib.

sehla son.jpg (273 KB)

Ekspert vurğulayıb ki, ötən 20 ildə bu məsələdə ciddi dəyişiklik olmayıb:

“Yenə bənzər səbəb-nəticə bağlantıları ilə Türkiyənin ara-sıra Qərblə baş-başa gəldiyini görə bilirik. Məsələn, 2015-ci ildə Türkiyədəki dövlət çevrilişinə cəhdə Qərbin münasibətindən sonra Türkiyə-Rusiya yaxınlaşması xatırlana bilər. Bunun qarşısını almağa çalışan qüvvələr tərəfindən törədilən sui-qəsd, 2016-cı ilə Ankarada rus səfirin öldürülməsindən sonra Türkiyə-Rusiya münasibətləri gərginləşmişdisə də, bundan yarım il sonra əlaqələr bərpa olundu, hətta gözlənilməz dərəcədə müsbət yöndə dəyişdi. Türkiyə Rusiyadan S-400-lər almaq qərarına gəldi. Bu, təbii olaraq, Qərbin sərt münasibəti ilə qarşılandı.

Həmin dövrdə Ərdoğan bəyan etmişdi ki, Türkiyə Avropa İttifaqı (Aİ) yerinə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyir. Beləliklə, Ərdoğan istənilən anda Qərb, yəni Aİ və NATO-dan imtina edərək Rusiya-Çin liderliyində qurulan təşkilatlara yönələ biləcəyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Ən son NATO ilə Türkiyənin baş-başa gəldiyi məsələ ittifaqın genişlənməsi ilə, Finlandiya və İsveçin üzvlüyü ilə bağlı idi. Bu məsələdəki israrına görə hətta Türkiyənin Avro-Atlantik alyansdan çıxarılmasını dilə gətirənlər olmuşdu. Lakin nə Qərb, nə də Türkiyə ittifaqı tərk etməkdə maraqlıdır”.

Ş.Cəlilzadə xatırladıb ki, Qərbin anti-Türkiyə addımlarına qarşılıq olaraq Ərdoğan zaman-zaman rəqib cəbhəyə keçid edəcəyini bəyan edib, lakin bu, hələ ki, təhdid xarakteri daşıyır:

“Bilirik ki, Türkiyə 2012-ci ildən ŞƏT Dialoq ortağı olaraq qalmaqda davam edir. Maraqlıdır ki, 2024-cü ilin iyul ayında Astanada ŞƏT-in Liderlər Zirvəsində “Dialoq Ortağı” olaraq iştirak edən Türkiyə lideri Ərdoğan bundan bir həftə sonra NATO-nun 75 illik Zirvəsində ittifaqın Rusiya və Çin əleyhinə qərarlarına imza atdı və bunun ardından yenə ŞƏT üzvlüyündə maraqlı olduğunu bəyan etdi.

Hətta deyə bilərik ki, Türkiyə uğrunda hazırda Qərb və Şərq blokları arasında mübarizə gedir. Belə ki, bir neçə gün öncə Türkiyə XİN Hakan Fidan Aİ XİN-lərinin toplantısına dəvət alıb, halbuki uzun illərdir Türkiyə nümayəndələri bu toplantılara dəvət olunmurdu. Qərb anlayır ki, Türkiyə Şərq blokuna keçərsə, yəni ŞƏT-də və BRICS-də üzv olarsa, bu, onlar üçün çox böyük itki olar. Odur ki, bunun qarşısını almaq üçün Türkiyə ilə uzlaşma yoluna gedəcəklərini təxmin etmək olar. İstənilən halda bu, Türkiyənin mövqeyinin güclənməsi, Qərb və Şərq blokları, yəni Aİ ilə Asiya arasında bir körpü olması deməkdir.

Türkiyəyə gəlincə, ŞƏT-də üzvlük siyasi reorientasiya olaraq qəbul olunduğu üçün hələ ki, gözlənilmir. BRICS-də üzvlük isə iqtisadi xarakter daşıdığı üçün mümkün görünür və beləcə Şərq blokunun iqtisadi əməkdaşlıq platformasına üzv olmaqla Türkiyə Avropa və Asiya arasında artan qlobal ticarətdə körpü olmağı hədəfləyir. Bu, onların Qərb blokundan (NATO-dan) ayrılacağı anlamına gəlmir. Ərdoğan son olaraq açıq şəkildə bəyan etdi ki, Türkiyə həm Şərq, həm də Qərb blokları ilə eyni anda əməkdaşlıq edərək, qazan-qazan (win-win) durumu yarada, daha da inkişaf edə, prestijini və effektivliyini artıra bilər”.

Şəhla Cəlilzadə bu prosesin Azərbaycana təsirini də şərh edib:

“Türkiyə-Azərbaycan qardaşlığı və əməkdaşlığı bütün sahələrdə olduğu kimi, bu məsələdə də ortaq çalışmalarla davam edəcək. Bilirik ki, Azərbaycan da eynilə Türkiyə kimi ŞƏT-lə dialoq tərəfdaşı statusuna malikdir və ən son Astana Zirvəsində Çinlə ölkəmiz arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalandı və münasibətlər yeni inkişaf mərhələsinə keçid etdi. Bundan sonra ölkəmizin BRICS üzvlüyünə müraciət etdiyi elan olundu. Türkiyə ilə bütün sahələrdə olduğu kimi, qlobal siyasi fəaliyyət istiqaməti üzrə də bərabər addımlayırıq. Həmçinin, xüsusilə qeyd olunmalıdır ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas kəsişmə nöqtəsidir. Bu baxımdan olduqca strateji mövqeyə sahibik. Türkiyənin Şərq-Qərb blokları arasında körpü olmaq niyyətinin Azərbaycanın maraqları ilə üst-üstə düşdüyü qeyd oluna bilər. Belə ki, Zəngəzur dəhlizinin açılmasına həm Türkiyə, həm Şərq bloku üzvləri töhfə verərsə, ölkəmizin bu məsələdə tezliklə qazanclı olacağını, BRICS üzvlüyünün ilk bəhrəsini verəcəyini deyə bilərik”.

Ekspert əlavə edib ki, qütbləşən dünyada bu cür bağlayıcı, körpü rolu oynayan siyasət yürütməklə həm Türkiyə, həm Azərbaycan daha balanslı və daha müstəqil siyasət yürütmüş olacaq.

Nigar HƏSƏNLİ,
Musavat.com

03.09.2024 16:36
436