Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə hərbi ittifaq yaratdı  


Türkiyə, Rumıniya və Bolqarıstanın müdafiə nazirlikləri Qara dənizdə minalara qarşı hərbi dəniz qrupunun yaradılmasına dair memorandum imzalayıblar. Bu barədə Türkiyə Müdafiə Nazirliyi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat yayıb.


Türkiyənin müdafiə naziri Yaşar Gülər sənədlərin imzalanması mərasimində bildirib: "Ukraynada hərbi əməliyyatlar Qara dənizdə mina təhlükəsi yaradıb. Biz üç ölkə birlikdə keçən ilin yayında mühafizə tədbirləri görmək, birgə qrup yaratmaq qərarına gəldik. Qərar qəbul edilib və indi sizin qarşınızda imzalanır. Komitə yaradılacaq ki, bu işdə iştirak məsələsi səs çoxluğu ilə həll olunacaq”.

Onun sözlərinə görə, Qara dənizin üzən minalardan təmizlənməsi işində yalnız memorandumu imzalayan üç ölkənin hərbi dəniz qüvvələri iştirak edəcək: "Bu təşəbbüs yalnız bu üç Qara dəniz ölkəsinin gəmilərinin iştirakı üçün açıq olacaq. Biz Qara dənizə daxil olmayan ölkələrin və müttəfiqlərimizin bu işə mümkün töhfəsini yüksək qiymətləndiririk. Onların bu işə yardımı uyğun şərait olarsa gələcəkdə müəyyən edilə bilər”.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya mətbuatı Türkiyənin Böyük Britaniya tərəfindən Ukraynaya göndərilən minatəmizləyici gəmilərin Qara dəniz boğazlarından keçməsinə şərait yaratmaqda ittiham etmiş, rəsmi Ankara isə bunu təkzib etmişdi.

Musavat.com

11.01.2024 13:13
550