Türkiyə Qarabağ müharibəsinə dair film çəkəcək - Azərbaycanla birgə, yoxsa...

Layihənin həyata keçirilməsi zamanı ssenarinin Azərbaycan tərəfi ilə razılaşdırılması vacibdir, çünki...

“İkinci Qarabağ müharibəsi ilə bağlı film çəkəcəyik, onun layihəsini hazırlayıram”. Oxu.az-a açıqlamasında bunu Türkiyənin məşhur aktyoru, “Sunqurlar”, “Qurdlar Vadisi” seriallarında oynadığı rollarla tanınan Ərtoğrul Şakar bildirib.

Qarabağ müharibəsi dünya hərb tarixində yeni səhifə açaraq, həm müasir texnologiyaların istifadəsi, həm də Azərbaycanın əldə etdiyi zəfərlə diqqət mərkəzindədir. Belə bir tarixi hadisənin kinoya çevrilməsi, şübhəsiz ki, həm regionda, həm də beynəlxalq miqyasda böyük maraq doğurur. Lakin sual yaranır: bu film Azərbaycanla birgə çəkiləcəkmi? Əsasən də ssenari və yaradıcı heyətin seçimi prosesində Azərbaycanın rolu necə olacaq?

Türkiyə film sənayesi ilə dünyada tanınır və xüsusilə hərbi, tarixi mövzuda çəkilən filmləri ilə öncül yerlərdən birini tutur. Buna misal olaraq, “Diriliş Ertuğrul”, “Kuruluş Osman” və digər çox izlənən layihələri göstərmək olar. Amma Qarabağ mövzusu yalnız texniki və yaradıcı tərəflərlə məhdudlaşa bilməz. Bu mövzu Azərbaycan xalqı üçün xüsusi həssaslıq daşıyır və hər detal diqqətlə nəzərdən keçirilməlidir.

Məhz bu səbəbdən, layihənin həyata keçirilməsi zamanı ssenarinin Azərbaycan tərəfi ilə razılaşdırılması vacibdir. Çünki bu müharibənin gerçək hekayələri, şəhidlərin qəhrəmanlığı və Azərbaycan xalqının fədakarlığı ən doğru şəkildə təqdim olunmalıdır. Üstəlik, filmdə azərbaycanlı aktyorların iştirakı da bu layihəni daha doğma edər və orijinallığını artırar.

Ərtoğrul Şakarın açıqlaması böyük maraq doğursa da, layihənin konkret detallarına dair məlumat verilməyib. Azərbaycanın bu layihədə hansı formada iştirak edəcəyi, filmin əsas məqsədinin nə olduğu və beynəlxalq auditoriyaya hansı mesajların çatdırılacağı hələ ki, naməlumdur. Amma ümid edirik ki, Qarabağ müharibəsinə dair çəkilən bu film, yalnız tarixi bir hadisəni əks etdirməklə kifayətlənməyəcək, həm də Azərbaycanın haqq səsini dünyaya çatdıran bir əsərə çevriləcək.

Film sənətinin gücü, hadisələri daha geniş kütləyə çatdırmaq və tarixi gələcək nəsillərə çatdırmaq baxımından əvəzsizdir. Bu layihənin uğurlu olması üçün hər iki ölkənin - Türkiyə və Azərbaycanın - əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Tərəflərin həm yaradıcı, həm də strateji olaraq birgə işləməsi, Qarabağ müharibəsinin mahiyyətini və Azərbaycanın haqlı mövqeyini ən yaxşı şəkildə əks etdirəcək bir film yaradılmasına imkan verə bilər.

Mövzu ilə bağlı sorğumuza Mədəniyyət Nazirliyindən bu cür cavab verilib:

“Məlumat üçün bildiririk ki, hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Türkiyənin tanınmış aktyoru Ərtoğrul Şakar tərəfindən belə bir layihə ilə bağlı rəsmi müraciət daxil olmamışdır. 

Qeyd etmək istərdik ki, Qarabağ mövzusunun mədəniyyət sahəsində işıqlandırılmasını vacib hesab edirik və bu cür təşəbbüslərə daim müsbət yanaşırıq".

Fehruz Şamiyev: “Mənə elə gəlir ki, bizdə kinonun inkişafına mental  məsələlər imkan vermir.” 1905.az

Fehruz Şamıyev

Tanınmış kinoprodüser, rejissor Fehruz Şamıyev “Yeni Müsavat”a açıqlamasında qeyd edib:

“Azərbaycan və Türkiyə arasında ortaq istehsal olunmuş ciddi kino nümunəsi çox azdır. Son illərdə bununla bağlı bir neçə cəhdlər olub, amma hələ ki, bu məsələnin konkret nəticəsi yoxdur.

“Mahmud və Məryəm” filmi iki ölkənin birgə filmi kimi son on ildə ortaya çıxan filmlərdəndir. Ölkəmizdə müəyyən layihələr Türkiyənin bir neçə müsabiqə proqramlarından dəstək alıb. TRT Punto proqramında müxtəlif illərdə “Durnalara xütbə”, “Məryəm” və s. filmlərimiz dəstək alıb. Müəyyən mənada bu filmlər də müştərək film hesab olunur. 

O ki qaldı Qarabağ müharibəsindən bəhs edən filmlərə, müharibədə olmuş Azərbaycan  bu mövzuda ciddi filmlərin ərsəyə gətirməsində maraqlıdır. Türkiyənin kino sənayesi təcrübə baxımından çox irəlidədir və bu sənaye artıq həmin ölkənin hüdudlarını çoxdan ötüb. Qarabağ zəfərimizlə bağlı Türkiyə şirkətlərinin burada film istehsal etmək cəhdləri olub. Amma yekunda ortaq nöqtə tapılmayıb deyə yarımçıq qalıb. Azərbaycan tərəfi bu mövzuya çox həssas yanaşır. Buna görə də, qələbəmizi özündə əks etdirən böyük büdcəli filmin istehsalı hələ reallaşmayıb. Türkiyə tərəfinin bu mövzuda cəhdlərini müsbət qiymətləndirmək lazımdır, bir şərtlə ki, qarşı tərəfin istehsalçıları və ssenari araşdırılsın, birgə işlənilsin. 

Bilirik ki, türkiyəli rejissor və texniki heyətin döyüş filmlərinin istehsalında böyük təcrübəsi var, amma nəzərə almalıyıq ki, Qarabağ müharibəsindəki azərbaycanlı portretini, azərbaycanlı qəhrəmanı yerli rejissor daha çox duyur. Bu baxımdan da azərbaycanlı müəlliflərin bu mövzuda iştirakı vacibdir. Amma bunla belə biz türkiyəli kinematoqrafçıların təcrübəsindən yararlanmalıyıq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

23.11.2024 10:52
432