Türkiyə NATO-dan çıxsa... - uduzan ən çox kim olacaq, Alyans, yoxsa?..

Şəhla Cəlilzadə: “NATO-nun özü Türkiyəni ittifaqdan xaric edə bilməz”

NATO-ya yeni üzvlərin qəbulu məsələsi Türkiyənin təhlükəsizliyi mövzusunu, ona qarşı Alyans daxilindəki “ikili standart” siyasətini (Ərdoğan İsveç və Finlandiyanı terror yuvaları adlandırıb) bütün ciddiliyi ilə gündəmə gətirib. Şübhə yox ki, qardaş ölkə öz maraqlarını təsbit eləmək üçün bu unikal fürsəti qaçırmayacaq. Hərçənd, sağdan-soldan Ankaranın ünvanına hədələr də səslənir.

Məsələn, CNN analitiki Devid Andelman güman edir ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə mane olması Türkiyənin Alyansdan kənarlaşdırılması ilə nəticələnə bilər.

“Xüsusilə Ərdoğan 3 il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı artıq fikirlər səslənib. Amma bu addım NATO-nun strateji vacib regionda mövqelərini zəiflədə bilər. Çox az adam NATO-da ABŞ-dan sonra ən böyük, xüsusən də strateji Bosfor boğazına nəzarət edən və Qara dənizə çıxışı olan ən böyük ordunu itirmək riskinə razı olardı”, - Andelman bildirib.

Bu xüsusda ənənəvi sual bir daha gündəmə gəlir: Türkiyə NATO-ya daha çox lazımdır, yoxsa tərsinə? İtirən ən çox hansı tərəf olar? Qardaş ölkə alyansı tərk etməsi konkret olaraq Rusiyaya qarşı sanksiyaların effektivliyinə necə təsir göstərərdi? Ümumiyyətlə, Türkiyə onun iradəsindən kənar Alyansdan kənarlaşdırıla bilərmi?

Avropadan Rusiyaya diplomatik həmlə

 Şəhla Cəlilzadə 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”da məsələyə çox geniş şərh verdi və onun şərhində kifayət qədər maraqlı faktlar yer alır: “Qloballaşan, gedərək sürətlənən və ani bir şəkildə dəyişə bilən münasibətlərlə dolu bir dünyada digərlərindən geri qalmamaq və maraqlarını diktə edə bilmək üçün öncəni görə bilmək, olası ehtimallara açıq və hazır olmaq tələb olunur. Gələcəyi təxmin etmək üçün isə keçmişə baxmaq lazımdır. Bu baxımdan NATO-Türkiyə-Rusiya üçbucağında münasibətlərin hansı istiqamətdə dəyişəcəyini anlamaq üçün də müəyyən bir pəncərədən baxmalıyıq.

Tarixin müəyyən zamanlarında yaxşı olan, zaman-zaman yaşanan siyasi böhranlarla axsayan və hətta durma nöqtəsinə gələn, lakin tamamən qopmayan və təkrar yüksələn Türkiyə-Rusiya münasibətləri enişli-yoxuşlu bir seyrə sahibdir. Hələ Osmanlı və Rusiya imperiyaları dövründə bir-biri ilə toqquşan tərəflər, I Dünya müharibəsindən sonra xarici qüvvələrə qarşı mübarizə apara bilmək üçün müttəfiqliyi seçmiş, 16 mart 1921-ci il tarixində Moskvada imzalanan Türk-Sovet dostluq sazişi isə bunun rəsmi sənədi olub. 1922-ci ildə Türkiyədə bundan bir il öncə təsis olunan SSRİ səfirliyinin yandırılması münasibətləri korlamamış, əksinə, dövlətlər bir-birinə daha da yaxınlaşıblar. 1920-30-cu illərdə iki ölkə arasında ciddi iqtisadi əməkdaşlıqlar qurulmuş, Türkiyənin ilk xalq yatırım bankı, tekstil, kağız, şüşə və keramika məhsulları istehsal edən fabrikləri, mədənçilik, ağır sənaye və kimya zavodları SSRİ dəstəyilə təsis olunmuşdu. Lakin 1930-cu illərin sonlarından etibarən, xüsusilə SSRİ-də Stalin hakimiyyəti dövründən başlayaraq, eləcə də II Dünya Müharibəsi ərəfəsində Türkiyəyə dair Sovetlərin səsləndirdiyi iddialar münasibətləri korlamış və Türkiyə Soyuq Müharibənin Qərb blokunda, 1952-ci ildə isə rəsmi olaraq NATO-da yer alaraq tərəfini seçmişdir. 1945-ci ildə Stalinin Türkiyəyə ərazi iddiaları iki ölkə arasındakı ilk böhran idi. Lakin Qərb bloku heç də Türkiyənin maraqlarını tam olaraq təmin etməmişdi. Belə ki, 1963-1964-cü illərdə Kipr ilə bağlı Yunanıstan-Türkiyə münaqişəsi yaranarkən ABŞ və NATO Yunanıstana dəstək verib. Bu, Türkiyənin NATO-ya güvənini sarsıtmış və təkrar SSRİ ilə münasibətlər bərpa olunmağa başlamışdı. 1960-cı illərdə Türkiyə-SSRİ iqtisadi əlaqələri inkişaf etməyə başlamış, 1978-ci ildə enerji əməkdaşlığının təməli qoyulmuş, 1986-dan etibarən Türkiyə Rusiyadan illik 6 milyard kub metr qaz almağa başlamışdır. Gələcəkdə bu həcm daha da artırılmış və Türkiyə bu gün təbii qaz ehtiyacının 50%-dək Rusiyadan asılıdır. Türkiyə NATO və ABŞ üçün sadəcə SSRİ və Rusiyanın çəkindirilməsi və rus hərbi maşının önündə bir divar olaraq lazım olduğunu anlamış və xarici siyasətini diversifikasiya etməyə başlamışdı.

Bu siyasət bu gün Ərdoğanın əli ilə daha da sərt və qəti formatda icra olunur. Türkiyə-Rusiya arasında SSRİ-nin dağılması və “soyuq müharibə”nin başa çatması dövründə bir-sıra məsələlərdə toqquşmalar olsa da, bu gün bunlar öz həllini tapmış görünür. Məsələn, Türkiyə çeçenlərə dəstək verməkdən, Rusiya PKK-nı dəstəkləməkdən imtina edib, Türkiyənin Azərbaycanla və Türk Dünyası ilə münasibətlərini inkişaf etdirməsinə Rusiya təmkinliyi yanaşır, Türkiyə Rusiya təbii qazının Avropaya ötürülməsində  çox önəmli bir “koridor” rolunu oynayır, həmçinin bu siyasət sayəsində Türkiyə “enerjidə mərkəzi ölkə” roluna yaxınlaşır və ikitərəfli münasibətlər artıq qarşılıqlı iqtisadi bağlılıq səviyyəsinə çatıb. Hətta ən son 2015-ci ilin təyyarə böhranı belə bu münasibətlərin birdəfəlik kəsilməsinə səbəb olmadı.

Xüsusilə 2016-cı ildə Türkiyədə yaşanan uğursuz “Fetö” darbesi zamanı Qərbin müəmmalı mövqeyi Türkiyənin xarici siyasətini yenidən şəkilləndirməsinin və diversifikasiya etməsinin necə böyük önəm daşıdığını isbat etdi. Sadəcə, Rusiyadan yüksək enerji asılılığı və Rusiya lehinə bağlılıq da Türkiyənin maraqları çərçivəsində deyil. Odur ki, Türkiyə NATO-dakı yerini, həmçinin digər enerji ixracatçıları ilə əməkdaşlığın genişləndirilməsini də önəmli hesab edir. Türkiyə Rusiyadan S-400-ləri satın alsa da, NATO-dan çıxmağı düşünmür. NATO və o cümlədən Rusiyanın rəqib cəbhələri ilə, o cümlədən Ukrayna ilə münasibətləri Türkiyəyə eyni dərəcədə vacib olub, Rusiya ilə gərginliklər zamanı balanslaşdırıcı təminat yaradır. Bu baxımdan, Türkiyənin Qərblə münasibətləri gərginləşən anlarda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ola biləcəklərini xatırlatması kimi (2012-ci ildə), NATO-nun da Türkiyənin təşkilatdan uzaqlaşdırıla biləcəyinə dair səsləndirilən fikirlər (2022) qarşı tərəfi müəyyən güzəştlərə təhrik etmək məqsədi güdür.

Yəni, FETÖ-nün 2016-cı ilin avqust ayındakı çevriliş cəhdindən sonra Ərdoğan Türkiyənin ŞƏT-ə üzv ola biləcəyini açıqlamış, Rusiya ilə münasibətləri bərpa etmiş, eyni ildə Rusiya ilə Suriya məsələsində ortaq razılaşmaya (Moskva Deklarasiyası) imza atmışdır. Türkiyənin Qərblə münasibətlərinin gərildiyi zamanlarda dilə gətirdiyi Avrasiyada əməkdaşlığa dair, Avrasiya İqtisadi Birliyi və ŞƏT üzvlüyünə dair fikirləri sadəcə manevr olaraq adlandırıla bilər. Lakin bunun üçün Türkiyənin NATO-dan ayrılması lazımdır. Buna isə Türkiyənin getməyəcəyi dəqiqdir".

Siyasi analitik Türkiyənin o qurumdan xaric edilməsini mümkünsüz sayır: “NATO-nun özü Türkiyəni ittifaqdan xaric edə bilməz. Bunun üçün onun texniki və hüquqi imkanları yoxdur. Məsələn, bir sıra beynəlxalq təşkilatların nizamnalərində müəyyən hallar yaşanarsa üzv dövlətin xaric edilməsi üçün maddələr yer alır. Misal üçün, BMT Nizamnaməsinin 5 və 6-cı maddələri, Avropa Şurası Statusunun 8-ci maddəsi, Avropa İttifaqı Sazişinin 7-ci maddəsi bu qəbildən alətlər olaraq istifadə oluna bilsə də, NATO-da belə bir alət yoxdur. NATO Nizamnaməsinin heç bir maddəsi üzv dövlətin digər üzvlər tərəfindən ittifaqdan xaric edilə bilməsinə imkan vermir. NATO-da hər hansı üzv dövlətin digər üzvlər tərəfindən məqbul hesab edilməyən davranışına dair problemin həlli üçün mümkün mexanizm, yalnız diplomatik vasitələr, siyasi təzyiq, və uzun-müddətli danışıqlardır. Atlantik Şurası beyin mərkəzinin eksperti Corc Benitezin dediyi kimi, ”ittifaq liderləri özünü pis aparan dövlətin milli rəhbərinin ittifaqın dəyərlərinə hörmətlə yanaşan hökumət təsis etməsinədək gözləyirlər".

Bu, əslində NATO-nun üzv dövlətin daxili işlərinə müdaxilə edə bilmə potensialının üstüörtülü açıqlaması hesab oluna bilər. Bu fikirlər də elə Türkiyə barəsində səsləndirilmişdi. Belə ki, Türkiyənin NATO-dan xaric edilməsi məsələsi ilk dəfə indi deyil, 2019-cu ildə ortaya atılmışdı. Türkiyənin Suriyadakı kürdlərə qarşı “Barış Pınarı Harekatı” adlı əməliyyatı NATO üzvləri tərəfindən kəskin narazıçılıqla qarşılanmış, Qərb bloku həmin kürdlərin ittifaqın İŞİD-lə mübarizəsinə yardım etdiyini və önəm daşıdığını vurğulayaraq, Türkiyənin davranışlarını tənqid ediblər. Almaniyanın o dövrdəki Kansleri Merkel Ərdoğana zəng edərək əməliyyatı sonlandırmağı tələb etmiş, İngiltərə Baş naziri Conson və ABŞ-ın keçmiş Prezidenti Tramp narahatlıqlarını dilə gətiriblər və ən nəhayət, ABŞ Senatoru Lindsey Graham Türkiyənin Suriyadakı əməliyyatı sonlandırmazsa NATO-dakı üzvlüyünün durdurulmasına, yəni Türkiyənin İttifaqdan çıxarılmasına dair çağırış etmişdi. Bu fikir bir sıra digər senatorlar tərəfindən də dəstəklənib. Bununla belə, texniki olaraq Türkiyənin üzvlüyünün dondurulması mümkün olmadığı üçün, ABŞ 2020-ci ildə Türkiyəyə qarşı CAATSA sanksiyaları qəbul etmişdi. Hazırda Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı yaranan vəziyyət bütün gerçəkliyi gün üzünə çıxarmış, lakin eyni zamanda NATO-Türkiyə münasibətləri üçün tarixi bir şans yaratmışdır. Bu şansdan Qərb həm öz, həm də Türkiyə maraqlarını təmin etməklə istifadə edə və ittifaqı daha da möhkəmləndirə bilər. Əks-təqdirdə qazanan Rusiya, itirən isə NATO olacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

 

21.05.2022 13:21
1541