Türkiyə Mərkəzi Bankı 2023-cü ilin sonu üçün inflyasiya proqnozunu yeniləyib.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın sədri Hafizə Qaye Erkan ölkə iqtisadiyyatındakı vəziyyətlə bağlı hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun inflyasiya proqnozu artım istiqamətində dəyişib:
"Mərkəzi Bank bu ilin sonu üçün orta inflyasiya proqnozunu 65 faizə qaldırıb. 2024-cü ildə inflyasiya səviyyəsini 36 faiz, 2025-ci ildə 14 faiz gözləyirik. 2023-cü il üçün inflyasiya dəhlizinin yenidən işlənmiş minimum və maksimumumuz 62-68 faiz, 2024-cü il üçün - 30-42 faizdir”.
Erkan xatırladıb ki, Mərkəzi Bankın iyul ayı hesabatında illik inflyasiyanın 58 faiz olacağı proqnozlaşdırılmışdı. Onun sözlərinə görə, proqnoza yenidən baxılmasına “son aylarda inflyasiyanın səviyyəsinin gözləntiləri üstələməsi” təsir edib, baxmayaraq ki, artım tempi hələ də hər ay yavaşlayır:
“Pul siyasətimizin sərtləşdirilməsinin kumulyativ effekti tədricən görünməyə başlayır. İnflyasiya prosesinin 2024-cü ilin ikinci yarısından azalmağa başlayacağını gözləyirik. Artıq daxili tələbin sabitləşməsi ilə bağlı siqnallar alırıq". O qeyd edib ki, geosiyasətlə bağlı dünya enerji qiymətlərinin dəyişkənliyi də iqtisadiyyata mənfi təsir göstərir, neft-qaz qiymətləri ilə bağlı proqnozlar hələ də qeyri-müəyyəndir.
Musavat.com