Qərb mətbuatında Türkiyəyə qarşı yunan öncəgörənin proqnozu yayılıb. Rusiyanın utro.ru saytının xəbərinə görə, məşhur yunan öncəgörəni Paisiusun Türkiyə ilə bağlı “həyəcanverici proqnozunun” niyə yenidən gündəmə gətirilməsi maraq doğurur.
Bildirilir ki, beynəlxalq aləmdə böyük dəyişikliklərin baş verdiyi bir dövrdə bu kimi qorxulu proqnozlarla insanlar özlərini daha az inamlı hiss edirlər, gələcək onlar üçün müəmmalı və gözlənilməz görünür. Bunun fonunda insanlar həm də tez-tez müxtəlif öncəgörənlərə və kahinlərə müraciət etməyə başlayırlar. Qərb mətbuatı da gözlənilmədən məşhur yunan Paisiusun proqnozlarını gündəmə gətirib.
Paisius 1994-cü ildə vəfat edib. O, sağlığında verdiyi proqnozlarla diqqəti özünə cəlb etmişdi, vəfatından sonra da məşhur kahinin öncəgörmələri zaman-zaman yenidən çap edilib.
Öncəgörəninin Qərb nəşrlərində yer alan proqnozu “Rusiyanın Türkiyəyə qarşı müharibəyə başlayacağını” barədədir. Öncəgörənin vaxtilə dediklərinə görə, iki ölkənin irimiqyaslı qarşıdurmasında Rusiya qələbə qazanacaq. Onun proqnozunda bildirilib ki, Türkiyə bu müharibə nəticəsində guya “dörd yerə bölünəcək”. Hətta İstanbul yenidən Konstantinopol olacaq, “pravoslavlığın incisi öz doğma limanına qayıdacaq”. Öncəgörənin iddiasında həmçinin qeyd edibmiş ki, ruslar ən mühüm boğazları nəzarətə götürə biləcəklər, söhbət Bosfor və Çanaqqala boğazlarından gedir.
Bu proqnozun xarici mətbuatda niyə indi və aktiv şəkildə təkrar nəşrinin səbəbləri haqda müxtəlif versiyalar irəli sürmək mümkündür. Ehtimal etmək olar ki, Qərb dövlətləri konkret olaraq Rusiya ətrafında gərginliyi artırmağa çalışır və hətta öncəgprənlərin köməyinə müraciət etməyə başlayıblar.
Yada salaq ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfəri növbəti dəfə təxirə salınıb.Səfərin təxirə salınma səbəbi açıqlanmayıb.
Bu mənasız öncəgörmənin yayılmasında son aylar istiləşən Türkiyə-Yunanıstan münasibətlərini korlamaq niyyəti də var. Məlumdur ki, dekabr ayında Türkiyə ilə Yunanıstan arasında “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi” imzalanıb. Bəyannaməyə əsasən, iki ölkə dostluq münasibətlərini inkişaf etdirmək, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan siyasə əlaqələri gücləndirmək, aralarındakı hər hansı mübahisələri sülh yolu ilə və beynəlxalq hüquqa uyğun olaraq həll etmək kimi öhdəliklər götürür.Bundan əlavə, tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini, xüsusən də iqtisadi əlaqələri gücləndirməyə dair razılığa gəliblər.
Orxan ƏLİYEV,
Musavat.com