Qardaş Türkiyə iqtisadiyyatında baş verən həyəcanlanma Azərbaycanda ciddi müzakirə olunur, narahatlıq yaradır. May seçkilərindən sonra qurulan yeni hökumət iqtisadiyyatda baş qaldıran problenləri aradan qaldırmaq üçün ciddi addımlar atır. Lakin xüsusilə milli valyutanın dəyərsizləşməsi prosesini önləmək hələ ki, mümkün olmayıb.
Türkiyə iqtisadiyyatında ən önəmli məsələlər nələrdir? Yeni hökumət dayanıqlı müsbət göstəricilər yoluna nə zaman çıxa biləcək?
İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, Türkiyə iqtisadiyyatında baş verənlərdən ən önəmli dərs budur ki, uzun illər yığılmış və formalaşmış problemləri bir neçə aya həll etmək mümkün deyil: "Zamana ehtiyac var. Bu qədər uzun müddət yığılmış problemlərin həllini bir neçə aya gözləmək diletantlıqdır.
Türkiyə iqtisadiyyatını batmaqdan qoruyan ən vacib addım: məşğulluğa (istihdama) ayrılan diqqətdir. Türkiyə monetar siyasətində çox böyük və dərin səhvlərə yol verdi".
Ekspert qeyd edir ki, ucuz türk lirəsi niyyəti və strategiyası doğru idi: "Həmin strategiyanı həyata keçirmək üçün seçilən taktika, gedilən yol tamamilə yanlış oldu. Həmin səhvlərin (məsələn, kur korumalı mevduat (kurs fərqindən qoruyan depozit)) bir hissəsinin nəticələrini bu gün də aradan qaldırmaq böyük baş ağrısıdır və büdcə bunun bədəlini hələ də ciddi xərclərlə ödəyir. Əslində Türkiyə iqtisadiyyatı defolt ola, çökə bilərdi və bu ehtimal çox yüksək idi. Bu iqtisadiyyat möcüzə sayəsində çökmədi. Bu möcüzə Türkiyənin istihdamı qorumaq cəhdləri, bu yolda atdıqları addımlar oldu (kənar dəstəklər, ölkəyə girən valyuta, enerji sahəsindəki məsələlərin də rolu oldu. Lakin, bu rol məşğulluğun, xidmət və yerli istehsalın qorunmasının gətirdiyi bəhrə qədər önəmli və güclü deyil). Türkiyə monetar siyasətdə buraxdığı səhvləri məşğulluq sahəsində də buraxsaydı, 99.9 faiz ehtimalla defolt ola, dərin, xroniki böhrana sürüklənə bilərdi. Məsələn, Argentina kimi.
Məşğulluq iqtisadiyyatın təkcə ən dərin, ən böyük sahələrindən biri deyil. Məşğulluq iqtisadiyyatın nüvəsidir, drayveridir"!
Musavat.com