Macarıstan Türkiyəsiz təbii qaz idxalı imkanını görmür.
Musavat.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlardan sonra deyib.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri birgə mətbuat konfransında deyib: "Türkiyəsiz təbii qazın tədarükü bizim üçün mümkün deyil. Türkiyə bu baxımdan bizim ən etibarlı və proqnozlaşdırıla bilən tranzit tərəfdaşımızdır".
Macarıstan qazın əsas hissəsini hələ də Rusiyadan alır. 2021-ci ilin sentyabrında Macarıstanın MVM şirkəti “Qazprom”la Ukraynadan yan keçməklə Serbiya və Avstriyadan keçən boru kəmərləri vasitəsilə cəmi 4,5 milyard kubmetr qaz tədarükünü nəzərdə tutan iki uzunmüddətli müqavilə bağlayıb. “Şimal axını” qaz kəmərinin istifadəsi dayandırıldığı üçün 2022-ci ilin oktyabrında Rusiya qazının cənub marşrutu – “Türk axını” və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolu boyunca nəqlinin artırılmasına dair razılıq əldə olunub. 2022-ci ildə bu marşrutla Macarıstana 4,8 milyard kubmetr, 2023-cü ildə 5,6 milyard kubmetr qaz nəql olunub.
Bununla yanaşı, ölkə hökuməti enerji mənbələrinin və təchizatının şaxələndirilməsi siyasətini davam etdirir. Siyarto Ankaraya səfəri zamanı İqtisadi Əməkdaşlıq üzrə Birgə Macarıstan-Türkiyə Komissiyasının iclasında tərəflərin bu ilin ikinci rübündə başlayacaq 275 milyon kubmetr təbii qazın tədarükü ilə bağlı yekun razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, qazın alınması üzrə Macarıstanın MVM enerji şirkəti və Türkiyənin Botaş şirkəti arasında imzalanacaq müqavilə yekunlaşıb.
Musavat.com