Türkiyə ikili təyinatlı malların öz ərazisindən Rusiyaya reixracını tam dayandırıb - Financial Times

Türkiyə Qərbin qadağan etdiyi ikili təyinatlı malların Rusiyaya ixracını dayandırıb.

Musavat.com xəbər verir ki, bu məlumatla Financial Times çıxış edib. Qəzet iddia edir ki, bu, Vaşinqtonun Ankaraya ticarəti dayandırmayacağı təqdirdə nəticələri barədə xəbərdar etməsindən sonra baş verib.

Məsələdən birbaşa xəbəri olan üç mənbəyə görə, son həftələr Türkiyə gömrük sistemini tənzimləyib, 40-dan çox kateqoriyadan olan ABŞ mənşəli malların Rusiyaya reixracını əngəlləyib. Vaşinqton və onun Qərb müttəfiqləri bu malları Rusiyanın Ukraynadakı müharibəsi üçün vacib hesab edirlər.

Həmsöhbətlərdən biri izah edib ki, Türkiyənin elektron gömrük sistemi artıq ixracatçılara “döyüş meydanı malları” adlanan malların Rusiyaya göndərilməsinə icazə vermir. Aİ-dən gələn oxşar mallar da ixrac üçün bloklanır.

Mənbələrdən biri deyib ki, Qərb müttəfiqlərinin silahlarda istifadə edildiyini söylədiyi çiplər və uzaqdan idarəetmə sistemləri kimi mülki məhsullara qoyulan məhdudiyyətlər məsələnin “siyasi həssaslığı” səbəbindən ictimaiyyətə açıqlanmayıb.

Türkiyənin Ticarət Nazirliyi və Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov məsələni şərh etməyiblər.

Nəşr yazır ki, qadağan olunmuş mallar ABŞ, Böyük Britaniya, Aİ və Yaponiyanın Rusiya hərbi sənayesi üçün əsas kimi müəyyən etdikləri Qərb istehsalı olan 50 “prioritet” malın siyahısına daxildir: “Bunlara Ukraynada vurulan raketlərdə və dronlarda müntəzəm olaraq tapılan qabaqcıl elektronika, məsələn, prosessorlar və yaddaş kartları, həmçinin silah istehsalı üçün istifadə olunan dəzgahlar və digər avadanlıqlar daxildir”.

 

Musavat.com

23.10.2024 22:06
241