Ermənistan Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə “zəif bənd” rolunu oynayır. Rəsmi İrəvan son üç il ərzində heç bir geopolitik hədəfinə çata bilməyib. Əksinə, bu müddətdə Ermənistan demək olar ki, küncə sıxışdırılıb. Və bu proses hələ də intensiv xarakter daşıyır.
Artıq qətiyyən şübhə doğurmur ki, Ermənistanın “xaotik xarici siyasət kursu” heç bir effect vermir. Üstəlik, rəsmi İrəvan indi iflasa uğramış bu “xaotik xarici siyasət kursu”nun əks zərbələrinə məruz qalmağa başlayıb. Hər halda, rəsmi İrəvan son illərdə davamlı olaraq, xarici himayədarlar axtarmaqla, Ermənistanın buna qədər mövcud olmuş beynəlxalq müdafiə və dəstək mexanizmlərini də dağıdıb.
Məsələ ondadır ki, Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə yaxınlaşmağa cəhd göstərilməsi Ermənistanı Kremlin ənənəvi dəstəyindən məhrum buraxıb. Eyni zamanda, ABŞ və Qərbdən istədiyini ala bilməyən, beynəlxalq hüquq normaları çərçivəsində sülh sazişinin imzalanması ilə bağlı tələblərlə üzləşən rəsmi İrəvanın geri dönüş cəhdləri Ermənistan üçün daha təhlükəli situasiya yaradıb. Hər halda, hazırda ABŞ və Qərb də Rusiya kimi, Ermənistana güvənmir, rəsmi İrəvanı himayə etməyə həvəs göstərmir.
Bütün bunlar rəsmi İrəvanın indiyə qədər böyük taktiki və strateji səhvlərə yol verdiyini təsdiqləyir. Ən azından ona görə ki, rəsmi İrəvan Ermənistana təhlükəsizlik təminatı verə biləcək cəmisi iki ölkənin olduğunu hələ də anlaya bilməyib. Çünki Ermənistan məhz həmin iki ölkə ilə düşmənçilik etməklə, öz gələcək taleyini böyük risk altında buraxmaqda davam edir.
Əgər, rəsmi İrəvan indiyə qədər xarici himayədarlar axtarmaq əvəzinə, məhz həmin iki ölkə - Azərbaycan və Türkiyə ilə anlaşmağa çalışsaydı, artıq Ermənistan çoxdan təhlükəsizliyini təmin etmiş olardı. Ancaq görünən odur ki, rəsmi İrəvan artıq vaxtilə Ermənistanın qarşısına çıxmış şansı qaçırıb. Və hazırda şərtlər ciddi şəkildə dəyişib, Ermənistan mövcud situasiya ilə barışmaq məcburiyyətindədir.
Məsələ ondadır ki, hazırda rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə anlaşmaq imkanları real görünmür. Paşinyan hakimiyyəti üçün Türk İttifaqı ilə müzakirələr aparmaq imkanları artıq çox-çox arxada qalıb. Yəni, Ermənistan üçün indi Türk İttifaqı ilə anlaşmaq deyil, Azərbaycan və Türkiyənin sərt şərtlərini yerinə yetirmək məcburiyyəti yaranıb. Əks halda, bundan yalnız Ermənistan ziyan çəkə bilər.
Maraqlıdır ki, Ermənistan cəmiyyətində də Paşinyan hakimiyyətinin geopolitik səhvləri ciddi şəkildə müzakirə edilməyə başlayıb. Xüsusilə də, Ermənistan mətbuatı Paşinyan hakimiyyətinin səhnəarxası davranışları ifşa etməyə çalışır. Nəticədə rəsmi İrəvanın manipulyasiya vərdişlərinin ümumi mənzərəsi ortaya çıxmağa başlayıb.
Məsələ ondadır ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti Azərbaycanla aparılan sülh danışıqları prosesinin hansı mərhələdə olması, eləcə də səhnəarxası situasiyanı ictimailəşdirib. “Hraparak” iddia edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif tədbirlərdə Azərbaycana qarşı ittihamlar irəli sürsə də, əslində, səhnə arxasında tamamilə fərqli proseslər cərəyan edir.
Belə ki, qəzet vurğulayıb ki, Paşinyan hakimiyyətinin qapalı toplantılarında daha çox mövcud reallıqlar müzakirə edilir. Baş nazir Nikol Paşinyan və onun yaxın ətrafı Azərbaycanın hədəflərinə müqavimət göstərmək cəhdlərinin real təsirlərdən uzaq olduğunu etiraf edirlər. Onların fikrincə, Azərbaycan öz istəklərinə onsuz da nail olacaq, Ermənistan isə müqavimət göstərəcəyi təqdirdə, daha böyük itkilərlə üzləşəcək.
“Hraparak” parlamentin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətləri üzrə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyanın qapalı toplantılarda verdiyi hesabatla bağlı da məlumat yayıb. Nəşrin iddiasına görə, Ruben Rubinyan son diplomatik təmaslar zamanı Türkiyənin Ermənistana Azərbaycanla münasibətlərini tənzimləməsi üçün cəmisi bir ay vaxt verdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın Türkiyə ilə də münasibətlərinin normallaşması məhz bundan bibaşa asılıdır.
Məsələ ondadır ki, əgər, Ermənistan verilmiş müddət ərzində Türkiyə və Azərbaycanın mövcud tələblərini tam şəkildə yerinə yetirə bilməzsə, onda rəsmi İrəvan ciddi problemlərlə üzləşə bilər. Çünki rəsmi Ankara narazı qalarsa, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi şanslarını unutmaq və hətta arxivə göndərmək lazım gələ bilər. Və bu halda, yenə də geopolitik itkilərlə üzləşəcək tərəf məhz yalnız Ermənistan olacaq.
Göründüyü kimi, Türkiyə Cənubi Qafqazda yenidən fəallaşmaq niyyətindədir. Rəsmi Ankara Azərbaycanın tələbləri icra olunmadan, Ermənistana blokadadan çıxmaq şansı tanımaq niyyətində deyil. Nəticədə Ermənistan regionun “qapalı ölkə” statusunu hələ uzun müddət qorumalı olacaq. Bu isə Ermənistanın gələcək inkişaf perspektivlərinin üzərindən çarpaz xətlərin çəkilməsi anlamı daşıyır.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan indiyə qədər zaman itirməklə məşğul olub. Ermənistanın düşdüyü durumdan çıxarılmasında pozitiv rol oynaya biləcək əsas iki dövlət – Azərbaycan və Türkiyə ilə düşmənçilik edib. Nəticədə indi belə bir ağır seçim qarşısında qalıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu