Ermənistanın baş naziri Nikol Paşinyan Əskipara kəndində məskunlaşmış ermənilərlə görüşündə Azərbaycan və Türkiyənin hücum edə biləcəyini iddia edib.
Bu barədə Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan deyib.
Ağababyan deyib ki, Paşinyan insanlara kəndləri qaytarmayacağımız təqdirdə, tezliklə müharibənin başlayacağını bildirib.
“Paşinyan bildirdi ki, 4 kəndi təhvil verməsək, Azərbaycan Əskipara istiqamətində, Türkiyə isə Armavir istiqamətindən hücuma keçəcək”, - icma rəhbəri bildirib.
“Hraparak” nəşri Paşinyanın “Türkiyə hücum edəcək” iddiasını sərhəd kəndlərinin icma rəhbərləri ilə araşdırıb.
Armavir vilayətinin Araks (Türkiyə ilə sərhəddə yerləşir) inzibati ərazi dairəsinin rəhbəri Vardan Qriqoryan sərhəddə hər şeyin qaydasında olduğunu, heç bir hərəkətlənmənin olmadığını bildirib.
“Burada hər şey qaydasındadır, sərhəddə heç nə baş vermir. İnsanlar gündəlik həyatını yaşayırlar, heç bir hücum təhlükəsi yoxdur. Bəlkə, baş nazir Azərbaycanla Türkiyənin adını qarışdırıb?” – deyə Qriqoryan bildirib.
Türkiyə ilə sərhəddə yerləşən Canfidə kəndinin icma rəhbəri Kamsar Qorqanyan da hər şeyin normal olduğunu, sərhədin o tərəfində heç br dəyişikliyin olmadığını deyib.
Əslində Nikol Paşinyanın Azərbaycan və Türkiyənin “hücum edəcəyi”, müharibənin başlayacağı haqda iddiaları erməni ictimai rəyinə hesablanıb. O izah etməyə çalışır ki, Ermənistan işğalında qalan 8 kənddən dördünü – anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli – indi qaytarmasalar, ciddi təhlükələrlə üzləşəcəklər. Lakin görünür erməni baş nazir “Türkiyənin də hücuma keçəcəyini” deməklə bir qədər irəli gedib.\\Publika.az