Türkiyə bankları Rusiya və Belarusla əməliyyatları dayandırmaq və bu əməliyyatları yalnız bir banka həvalə etməyi planlayır.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu addım mümkün sanksiyalar və məhdudiyyətlərdən qaçmaq üçün atılır.
Məlumata görə demək olar ki, bütün türk bankları Rusiya ilə əlaqəli əməliyyatları dayandırmağı və onları yalnız yerli maliyyə qurumuna köçürməyi planlaşdırır.
Bildirilib ki, mövcud vəziyyəti nəzərə alaraq, demək olar ki, bütün türk bankları Rusiya və Belarusla əməliyyatlardan tamamilə çıxmaq istəyir. Banklar bütün bu əməliyyatları Emlak Katılım Bankına həvalə etməyi və gələcəkdə mümkün sanksiyalar və məhdudiyyətlərdən qorunmağı hədəfləyir.
Bu vəziyyət xüsusilə Qərb tərəfdaşları olmayan özəl və dövlət türk banklarını narahat edir. Qərbli iştirakçıları olan maliyyə qurumları artıq Rusiya ilə əlaqəli əməliyyatları böyük ölçüdə dayandırıblar.
Məlumata görə, hazırda yalnız Emlak Katılım Bankası rus rublu ilə türk lirəsi arasında kommersiya əməliyyatları həyata keçirir. Bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerhov banklararası vəziyyətlə bağlı verdiyi açıqlamada türk banklarının Rusiyaya mal daşıyan şirkətləri sıxışdırdığını, onların köçürmələrini blokladığını və hesablarını bağladığını bildirmişdi.
Nigar HƏSƏNLİ,
Musavat.com