Türkiyə bankları Rusiya şirkətlərini getdikcə daha çox sıxır – Səfir  

 

Türkiyə bankları Rusiyaya malların tranziti ilə məşğul olan şirkətləri getdikcə daha çox “sıxır”, onların köçürmələrini və hesablarını bağlayır.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov TASS-a banklararası sferada vəziyyəti şərh edərkən deyib: “Hazırda iki ölkə arasında qarşılıqlı hesablaşmalarda problemlər davam edir, Türkiyə banklarında malların Rusiyaya daşınması ilə məşğul olan şirkətlərin “sıxılması” halları tez-tez baş verir və onların köçürmələri bloklanır, onların hesabları tamamilə bağlanıb”.

Yerxov qeyd edib ki, səfirlik və ticarət missiyası öz səlahiyyətləri çərçivəsində Rusiya şirkətlərinə yardım göstərməkdə davam edir: “Bir daha xatırladırıq ki, xarici iqtisadi fəaliyyətlərində oxşar problemlərlə üzləşən Rusiya biznes qurumları birbaşa olaraq bizim ticarət nümayəndəliyimizlə əlaqə saxlaya bilərlər, biz onlara fərdi qaydada kömək etməyə çalışacağıq”.

Qeyd edək ki, Rusiyadan edilən bütün əməliyyatlar və köçürmələr Türkiyədəki maliyyə qurumlarının maksimum nəzarəti altındadır. Ruslar üçün yerli banklarda hesab açmaq üçün universal qadağalar da yoxdur. Bununla belə, bu prosedurlar qəbul edilmiş norma və qaydalara uyğun, eləcə də sanksiyalar komponenti kontekstində diqqətlə izlənilməklə həyata keçirilir. Türkiyə Rusiyaya qarşı Qərbin sanksiyalarına rəsmən qoşulmayıb, lakin onun maliyyə institutları ikinci dərəcəli sanksiyaların risklərinə məruz qalmamaq üçün təhlükəsiz oynamağa məcburdur.

 

Musavat.com

04.09.2024 18:13
454