“İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ ilə keçmiş SSRİ arasında gərginlik artdıqca, rəsmi Vaşinqton müxtəlif ölkələrdə hərbi bazalar yaratmağa başladı. “Soyuq müharibə” dövründə bu hərbi bazaların sayı artdı. SSRİ də bir neçə ölkədə hərbi bazasını formalaşdırdı. Ancaq Moskva hərbi bazaların sayına görə Vaşinqtondan xeyli geri qalırdı. SSRİ-nin 1991-ci ildə dağılması ilə “soyuq müharibə” bitib. ABŞ qələbəsini elan edib və birqütblü dünyaya keçid baş verib”.
Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, illər keçdikcə vəziyyət dəyişməyə başlayıb.
Politoloqun sözlərinə görə, Rusiya, Çin, Türkiyə, Braziliya və digər bir qrup ölkə ABŞ-nin hegemonluğunu qəbul etməyib, çoxqütblü dünyanın formalaşması prosesində rol almağa başlayıblar: “ABŞ artıq hər yerə çatdıra bilmir, regional münaqişələr onu taqətdən salır. Bundan istifadə edən bir qrup dövlət regional siyasətlərini gücləndiriblər. Bu, həmin ölkələrin müxtəlif dövlətlərdə yaratdıqları hərbi bazalarda da özünü göstərir. ABŞ dünyada hərbi bazaların sayına görə ilk sırada qərar tutsa da, Vaşinqtonun müxtəlif qitələrdə ciddi rəqibləri peyda olub. Rusiya, Çin və Türkiyə müxtəlif dövlətlərdə və bölgələrdə, o cümlədən Yaxın Şərq və Afrikada hərbi bazalarının sayını artırmağa başlayıblar. Misal üçün, Rusiya Ukraynada işğalçı müharibəsini davam etdirərkən, uzaq Sudanda hərbi dəniz qüvvələri üçün bazanın yaradılması prosesini sürətləndirib. Kremlin Sudan hökuməti ilə sazişi var. Rusiya və Çin hərbi güclərini artırmaqla yanaşı, bundan sonra da harada mümkündürsə hərbi bazalarının sayını artırmağa çalışacaqlar”.
E.Şahinoğlu deyib ki, hərbi bazalar adətən dənizlərə, okeanlara çıxış və maliyyə ehtiyacı olan dövlətlərdə yaradılır: “Bu sıraya Somali, Cibuti, Suriya kimi dövlətləri aid etmək olar. Ancaq təhlükəsizlik baxımından öz ərazisini üçüncü dövlətin hərbi bazası üçün açan varlı dövlətlər də var. Misal üçün varlı Cənubi Koreya özünü kasıb Şimali Koreyadan qorumaq üçün ABŞ-nin hərbi bazalarına ehtiyacı var. Qətər də varlı dövlətdir, ancaq Doha təhlükəsizliyini gücləndirmək, özünü qonşu ölkələrin birinin hücumundan qorunmaq üçün ABŞ və Türkiyənin hərbi bazalarının yerləşməsinə şərait yaradıb”.
Politoloq Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyinə, hərbi əməkdaşlığın üst səviyyədə olmasına, birgə hərbi təlimlərin sayının ilbəil artmasına, iki dövlət arasında birgə hərbi texnikanın istehsalı prosesinə başlanılmasına da diqqət çəkib: “Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” tezisi sürətlə həyata keçirilir. Rusiya Ermənistandan hərbi bazasını çıxarmayacaq. Fransa da hərbi nöqteyi-nəzərdən Ermənistanda yerləşməyə çalışır. İranın da Azərbaycan siyasəti dəyişməz qalır. Bütün bu amillər Türkiyənin Azərbaycanda hərbi varlığının daha üst səviyyəyə qaldırmasını diktə edir”.