Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır. Heyət Azərbaycan Respublikası Ali Məhkəməsinin dəvəti ilə ölkəmizə səfərə gəlib.
Qonaqlar Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn türkiyəli qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarının üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət edilib, önünə əklil qoyulub. Musavat.com xəbər verir ki,
Ömər Kərkəzin başçılıq etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş keçirilib.
İnam Kərimov Ömər Kərkəzi qardaş Türkiyənin Ali Məhkəməsinin sədri seçilməsi münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Xalqlarımızın qardaşlığı və həmrəyliyi sayəsində 2 ölkə arasında bütün sahələrdə əlaqalərin yeni mərhələyə qədəm qoyduğu və daim inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, hər iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar mövcuddur.
Görüşdə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti barədə geniş məlumat verilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Ömər Kərkəz iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayaraq, əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, onun tarixini əks etdirən muzeyə baxıblar.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da iştirak edib.
E.Məmmədəliyev,
Musavat.com