Türkiyə 7 ilə təbii qaz idxalını tam dayandırmaq niyyətindədir

Türkiyə 2030-cu ilədək təbii qaz idxalından asılılığı tamamilə aradan qaldırmağı planlaşdırır. Türkiyə Dövlət Neft Şirkətiolan TPAO-nun direktoru Məlik Xan Bilginin mətbuata verdiyi açıqlamaya görə, təbii qaz idxalından imtina ölkəsində dövlət büdcəsinin kəsiri problemini aradan qaldırmağa imkan verəcək: “2022-ci ildə enerjidaşıyıcıları idxalına görə Türkiyənin dövlət büdcəsində 90-100 milyard dollarlıq kəsir yaranıb. Aylıq kəsir məbləği 8-9 milyard dollar təşkil edib. Biz bu kəsiri bağlamağa çalışırıq”.

Türkiyə qaz idxalına Qara dənizdə aşkarladığı ehtiyatlar hesabına son qoymaq niyyətindədir. Rəsmilər indiyədək aşkarlanan ehtiyatların 30-40 illik dövrdə tələbatı təmin etməyə imkan verəcəyini deyirlər. İlkin mərhələdə Qara dənizdən gündəlik 10 milyon kubmetr – tələbatın 10 faizi həcmində hasilat həyata keçiriləcək. Bu isə qaz idxalından ayda 1 milyard dollara qənaət etməyə imkan verəcək – xərclər 9 milyard dollardan 8 milyard dollara düşəcək.

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın verdiyi məlumata görə, Qara dənizdən ilk qaz ölkənin qaz təchizatı şəbəkəsinə cari il martın sonunadək çatdırılacaq.

Musavat.com

31.01.2023 14:00
457