Türk lirəsi ucuzlaşmaqda davam edir, TCMB-nin yeni sədri də qarşısını ala bilmir?

Ekspert: “TL-nin yaxın zamanda güclənəcəyini söyləmək çətindir, çünki...”

Fevralın 9-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0.36% azalaraq 0.0554 manat təşkil edib.

Musavat.com xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəricilərində bu öz əksini tapıb. 2024-cü ilin fevralın 8-də  isə lirənin məzənnəsi 0.0556 manat olub.

Halbuki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına bir həftə əvvəl yeni sədr təyin olunandan sonra vəziyyətin dəyişəcəyinə ümid edilirdi.  Yada salaq ki, Hafize Gaye Erkanın Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri vəzifəsindən azad edilməsi ilə bağlı müraciətindən sonra, 3 fevral 2024-cü tarixində Fatih Karahan yeni sədr təyin olunub.  Karahan mətbuata ilk açıqlamasında  inflyasiya hədəflərinə uyğun səviyyələrə düşənə qədər lazımi sərt pul siyasətini (yüksək faizləri) qoruyub saxlamaqda qərarlı olduqlarını vurğulayaraq, "İnflyasiyanın pisləşməsinə qəti icazə verməyəcəyik" deyib.

Bununla belə, ABŞ dolları/Türk Lirəsi məzənnəsi TCMB sədrinin dəyişməsinə kəskin reaksiya verməyib. Türk lirəsi ucuzlaşmaqda davam edir.

Yeri gəlmişkən,  2018-ci ildə Türkiyə prezident idarəetmə sisteminə keçdikdən sonra Mərkəzi Bankın sədri vəzifəsinə təxminən altı ildə 5 fərqli ad təyin edilib. Belə ki, Prezident Tayyib Ərdoğanın qərarı ilə TCMB sədrinin səlahiyyət müddəti 5 ildən 4 ilə endirilib. Lakin o vaxtdan bəri qısaldılmış dörd ili heç kim tamamlaya bilməyib. Bu müddət ərzində beş sədr səlahiyyət müddətini başa vurmadan TCMB ilə vidalaşmalı olub.

Bu dövrdə Türkiyə məzənnə böhranları ilə üzləşib, inflyasiya da son 26 ilin pik həddinə yüksəlib.

Azərbaycan BMT-yə komissiya yaradılması üçün müraciət edə bilər –

İqtisadçı- alim Vüsalə Əhmədova Musavat.com-a mövzunu belə şərh edib: “Türkiyədə iki ilə yaxın müddət boyunca yumşaq pul-kredit siyasəti tətbiq edildi. Qarışıq pul siyasəti ölkənin valyuta və qızıl ehtiyatlarının azalmasına səbəb oldu. Bu da təbii olaraq lirənin ucuzlaşmasına gətirib çıxardı. Hazırda, 105 milyard dollarlıq ümumi ehtiyatlardan, valyuta swap razılaşmalarını və kredit hesablamalarını çıxdıqda 115 milyard dollarlıq mənfi saldo olduğu görünür. Məlum olduğu kimi, həftənin əvvəlində Türkiyə Mərkəzi Bankının sədri istefa verdi, bu da əlavə spekulyasiyalara səbəb oldu. Vəziyyətin nə vaxt stabilləşəcəyini və ya düzəlib-düzəlməyəcəyini proqnozlaşdırmaq bir qədər çətindir. Qarşıdan turizm mövsümü gəlir. Güclü turizm mövsümünün qısa müddətdə ehtiyatları yenidən gücləndirəcəyi gözlənilir. O cümlədən, Körfəz ölkələri və Rusiyadan Türkiyə Mərkəzi Bankına köçürülən valyutalar da vəziyyətin bir qədər düzəlməsinə kömək edə bilər. Həmçinin, ABŞ Federal Ehtiyat Sisteminin 2024-cü ilin ikinci yarısından faizləri endirməyə başlayacağına dair gözləntilər mövcuddur. Bu da ölkələrin yerli valyutalarının dollar qarşısında az da olsa güclənməsinə səbəb olacaq”.

Ekspert onu da əlavə edib ki, ancaq 2024-cü ilin ikinci yarısından etibarən Türkiyə Mərkəzi Bankının da faiz endirimlərinə gedəcəyi müzakirə olunmağa başlayıb: “Çünki keçən ildən başladılan davamlı faiz artımı inflyasiya üzərində təzyiq yaradır. Əlavə olaraq, xarici investorların ölkəyə marağını artırmaq üçün ehtimal olunur ki, uçot dərəcəsi endiriləcək. Bu səbəbdən də TL-nin dollar qarşısında yaxın zamanda güclənəcəyini söyləmək çətindir. İl sonunda 1 dolların 33 TL olacağı ehtimal olunur. Hazırda əsas məqsəd, Avropa ixrac bazarlarında və turizmdə sağlam böyüməni təmin etməklə, perspektivli investisiya edilə bilən ölkəyə çevrilməkdir”.

Afaq MİRAYİQ,
Musavat.com

10.02.2024 12:36
1021