"TÜRK" İran rəhbəri 40 milyonu belə aldadır - SENSASİON VİDEO

Xəbər verdiyimiz kimi, Günaz TV İranın rəhbəri Əli Hüseyni Xamənənin etnik mənsubiyyəti haqqında yeni araşdırmanı təqdim edib.

"Xamənədə 1 həftə belə yaşamayan Molla Cavad və oğlu Əli Hüseyni Xamənə etnik kökəncə farsdır, ya da 1200 il ərzində farslaşmış ərəbdir", - araşdırmada qeyd olunur. 

Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Musavat.com-a bildirib ki, İran rəhbərinin etnik kökəninin nə olduğu onun fars şovinizminin ən sadiq qulluqçularından biri olduğu gerçəkliyini dəyişdirmir.

329003258_578684717161342_345305530324043696_n.jpg (74 KB)

Siyasi şərhçinin sözlərinə görə, bu gün İran hakimiyyətində onlarla kürd, ərəb və Azərbaycan kökənli məmur, idarəçi var ki, onların dövlətin şovinist, rasist mahiyyətini dəyişdirmə imkanları yoxdur:

"Elə bir niyyətləri və cəhdləri də yoxdur. Çünki bu dövlətdə məmur olmağın olmazsa olmaz şərti dövlətin ideologiyasına, onun şovinist, rasist mahiyyətinə sadiq qalmasından ibarətdir. İranda hakimiyyətdə kimin və ya kimlərin olması bu dövlətin ideoloji quruluşunu dəyişdirə bilməz. 1979-cu ildə biz bunu çox dəqiq və açıq şəkildə gördük. Həmin ildə bu dövlətin ideoloji təməllərini atan Pəhləvilərin devrilib üzdəniraq İslam Cümhuriyyəti rejimi gəldiyində dövlətin mahiyyətində heç bir dəyişiklik olmadığını, şovinizmin, rasizmin Pəhləvilərdə olduğu kimi davam etdiyini aylar keçmədən hər kəs gördü".

Çingiz Göytürk vurğulayıb ki, Xamneyinin etnik kökəninin fars olduğu ilə bağlı bu günə qədər bir neçə ciddi araşdırma yazısı ortaya qoyulub. Bunlardan biri də Fərzad Səmədliyə aiddir:

"Bu araşdırmaların hamısının ortaq nöqtəsi Xamneyinin soy-kökünün İraqın Nəcəf şəhəri və onun ətrafına bağlı olduğunu göstərir. Eyni zamanda göstərir ki, onlar sonradan farslaşıblar, onların babalarının Xamnə qəsəbəsinə gəlişi isə sadəcə müvəqqəti yerləşmə məqsədi ilə olub. Qısa müddətdə Xamnədən ayrılaraq Xorasana gediblər. Bugünkü Seyid Əli Xamneyi Xorasanda doğulub və orada boya-başa çatıb.

Diqqət yetirilməsi vacib məqam ondan ibarətdir ki, xüsusilə Azərbaycan müstəqilik qazandıqdan sonra Xamneyinin məqsədli bir şəkildə türk olması yalanının yayılmasında İran hakimiyyətinin xüsusi marağı olub. Bunun da kökündəki səbəb ondan ibarətdir ki, Azərbaycan Respublikası müstəqil olduqdan sonra Azərbaycan vətəndaşları, rəsmiləri İrana gedərkən və yaxud İran rəsmiləri Azərbaycana gələrkən hər dəfə bu suallar ortaya çıxırdı ki, 40 milyonluq Azərbaycan türklərinin niyə bir məktəbi belə yoxdur. Niyə öz mədəniyyətlərini inkişaf etdirə bilmirlər? Niyə televiziya kanalları yoxdur? Niyə onların səsləri bu səviyyədə susdurulur? Daim bu suallarla qarşı-qarşıya qalanda dedilər ki, ölkənin rəhbəri türkdür və İranda türklərə qarşı hər hansı bir ayrıseçkilik yoxdur. Yəni Xamneyinin türk olma məsələsini sırf Xamnə adına görə qabardaraq tənqidlərin qarşısında əllərində bir cavab olsun deyə bu yalanı uydurdular və onu hər kəsə qəbul etdirməyə çalışdılar. Bu gün Azərbaycan ziyalılarının məhz bu məsələnin üzərində fikir bəyan etmələrinin, araşdırma yazıları ortaya qoymalarının kökündə yatan məsələ bundan ibarətdir".

Musavat.com   

23.02.2023 18:03
3463