Türk generallarının Bakıya səfərinin pərdəarxası

Qardaş ölkədən belə böyük hərbi nümayəndə heyəti nadir hallarda gəlir; bölgədə təhlükəli proseslərin cərəyan etdiyi vaxtda bu görüşlər xüsusi əhəmiyyət kəsb edir - şərh

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəlib.

Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycanın qardaş ölkə ilə hərbi əməkdaşlığının perspektiv imkanlarının daha da genişləndirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub. Qardaş ölkədən ən yüksək səviyyəli, belə böyük hərbi nümayəndə heyəti nadir hallarda Azərbaycana gəlir. Bu da ikitərəfli hərbi əməkdaşlığa verilən böyük önəmin təzahürü olmaqla yanaşı, heç şübhəsiz, bölgəmiz və onun ətrafında cərəyan edən təhlükəli proseslərlə, o sırada son vaxtlar artan müharibə riskləri və Ermənistanın sülhdən yayınaraq sürətlə silahlanması ilə bağlıdır.

Nə barədə ki, Prezident İlham Əliyev türkiyəli generalların səfərindən cəmi bir gün qabaq parlamentin yeni tərkibdə ilk iş günündə etdiyi çıxışda açıq danışıb. Ermənistanda hakimiyyət də daxil, revanşist qüvvələrin yenidən baş qaldırdığını, İrəvanın sülh istəmədiyini diqqətə çatdırıb. Bu xüsusda ölkə qarşısında 1 nömrəli vəzifənin hərbi qüdrətimizi durmadan artırmaq olduğunu bildirib. Əlbəttə, Azərbaycana qarşı yeni revanşist planlar quran İrəvan üstümüzə gəlməzdən öncə öz havadarları ilə birgə iki-üç dəfə düşünməli, Şuşa Bəyannaməsini bir də oxumalı olacaq. Hərgah Ermənistanın cavabını təkbaşına da verə bilərik. 44 + 1 günlük Vətən savaşındakı kimi. Erməni tərəfi onu da unutmasın ki, Prezidentin qeyd elədiyi kimi, Azərbaycan müasir hərbi sənaye kompleksinə malik ölkə kimi indi həm də onlarla ölkəyə silah ixrac edən bir dövlətdir. Yəni silahlanma yarışında bu cırtdan ölkənin bizimlə ayaqlaşması mümkünsüzdür. Ermənistana verilən Qərb silahlarına gəlincə, əvvəl-axır onların da yeri ən yaxşı halda Bakıdakı Hərbi Qənimətlər Parkı olacaq.

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də “AÇIR  SANDIĞI, TÖKÜR PAMBIĞI”

Şair Ramaldanov

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyədən belə böyük hərbi heyətin gəlməsi ilk dəfə deyil: “Əvvəllər də qardaş dövlətin hərbi rəhbərliyi böyük nümayəndə heyəti ilə Bakıya təşrif buyurub. Ən azından ildə bir dəfə belə böyük heyətlə səfər edirlər. Ona görə də burada təəccüblü, yaxud təsadüfi hal görmürəm. Çünki Azərbaycanın Türkiyə ilə hərbi müttəfiqlik sahəsində geniş işbirliyi var, bu əlaqələr gücləndirilir, səviyyəsi artırılır. Ona görə də planlı şəkildə iş aparılması məqsədilə Bakıya belə bir böyük heyətlə danışıqlara gələ bilərlər”. Polkovnik xatırladır ki, Azərbaycandan da Türkiyəyə böyük heyətlə səfərlər olub: “Yəni prinsipcə burada qeyri-adilik yoxdur. Sadəcə, rəsmi hissəsi budur ki, Bakıda keçirilən sərgidə iştirak üçün gəliblər. Lakin bütövlükdə Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ordu quruculuğu ilə bağlı qarşıya "türk modeli" tapşırığı qoyub. Ola bilsin ki, bu prosesin gedişi haqda müzakirələr aparılsın, yerində məlumatlar alsınlar, bundan irəli gələn müttəfiqliyi davam etdirsinlər". Ş.Ramaldanov səfər zamanı regionun təhlükəsizliyinin müzakirəsini də istisna etmir: “Cənubi Qafqazın, bölgənin təhlükəsizliyinin təmin olunmasında Türkiyə-Azərbaycan birliyi var və region ölkələrinə də məlumdur. Hazırda regionda yaranmış risklərin qarşısını almaq üçün birgə addımlar atılmasının müzakirəsi mümkündür. Nəzərə alaq ki, regionda həssas proseslər getməkdədir. Bununla belə, Ermənistanın silahlanmasına gəlincə, İrəvan Azərbaycanın və Türkiyənin qüdrətini, hərbi potensialını nəzərə alır. Onlar yaxşı bilirlər ki, bu silahlanma ilə bizə qarşı heç nə edə bilməzlər. Fikrimcə, məqsəd Azərbaycana qarşı silahlanma deyil”.

Polkovnik hesab edir ki, Ermənistan ordusunun NATO hərbçiləri ilə birgə təlimlər keçməsi, Qərb silahlarının alınması gələcəkdə planlaşdırılan münaqişədə bu imkanlardan, hərbi texnikalardan istifadəyə hesablanıb: “Məlumdur ki, bu münaqişə də hansı dövlətə qarşı hədəflənib. Gəlin diqqət edək - artıq bəzi xəbərlər var ki, Ermənistan Avropa Birliyinin verdiyi bəzi hərbi-texniki vasitələri Ukraynaya ötürür, bunun əvəzində öz ordusu üçün dəstək qazanır. Qərb bu siyasəti yürütməklə "bir güllə ilə iki dovşan vurur": birincisi, Ukrayna silahlanır, ikincisi, Ermənistanda NATO silahları ilə təchiz olunmuş ordu yaratmağa, ideoloji cəhətdən rusmeyilli olmaqdan uzaqlaşdırma strategiyası həyata keçirməyə çalışırlar. Yəni Ermənistanın Qərbdən bu cür silahlandırılmasına səbəb havadarlarının regionla bağlı gələcək planlarından irəli gəlir".

Ramil Məmmədli: “Törədilən təxribat müharibənin hələ də bitmədiyini  göstərdi”

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli iki ölkə arasında hərbi müttəfiqliyin yüksəlişdə olduğunu müşahidə edir. Onun sözlərinə görə, Şuşa Bəyannaməsindən irəli gələrək bu münasibətlər inkişaf etdiriləcək: “Üstəlik, Cənubi Qafqazda gedən kövrək proseslər eskalasiya riskləri təsəvvürü yaradır. Burada dəhlizlər və strateji rəqabət savaşları hadisələrin kontroldan çıxaraq hərbi toqquşmalara gətirib çıxmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, Azərbaycan ən yaxın hərbi müttəfiqi ilə əlaqələrini gücləndirir. Təbii ki, sərgidə iştirakla yanaşı, bu heyət mötəbər görüşlər keçirməyə, müzakirələr aparmağa, gələcək addımları koordinasiya etməyi danışmağa gəlib. Üstəlik, Ermənistanın yeni müttəfiqləri olan Avropa ölkələri üzərindən Ukraynaya silah və digər hərbi texnikalar satması haqda xəbər inandırıcı informasiyadır. Çünki artıq 2 ilə yaxındır ki, Ermənistan SSRİ dövründən və Rusiyadan 1990-cı, o cümlədən 2000-ci illərin əvvəllərində aldığı silah və sursatları xarici ölkələrə satmaqla məşğuldur. Buna bənzər məlumatlar müxtəlif vaxtlarda mənə də deyilib. Lakin konkret hansı məhsulların ixrac olduğu bəlli olmayıb. Təbii ki, burada əsas məqsədlərdən biri ordunun silah arsenalının yenilənməsidir. Həmçinin Ermənistan büdcəsinə maliyyə vəsaitlərinin daxil olmasıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

26.09.2024 11:09
2184