Türkiyədə prezident seçkilərinin nəticələri məlum olduqdan sonra maraq doğuran müəyyən məqamlar mövcud idi. Onların sırasında prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyət komandasının kimlərdən ibarət olacağı ilə bağlıydı. Bu məsələ həm Azərbaycanda, həm də bütün dünyada böyük önəm daşıyan həlledici faktorlardan biri kimi ön plana çıxarılırdı.
Türkiyədə isə bu məsələ daha çox yeni komandanın tərkib etibarilə özündən əvvəlki ilə hansı potensial fərqini ortaya çıxara biləcəyi üzərindən təhlil edilməkdəydi. Çünki dünyada dərin maliyyə-iqtisadi, eləcə də, hərbi-siyasi böhran mövcuddur. Bütün bunlar isə Türkiyəyə də birbaşa təsir göstərir. Daha çox sarsıntılı məzmun daşıyan bu böhranlı situasiyadan isə yalnız güclü və peşəkar hakimiyyət komandası ilə çıxmaq mümkün ola bilər.
Prezident seçkilərindən sonra ön plana çıxan əsas ehtimallar Türkiyə liderinin yeni risklərə həvəs göstərməyəcəyi artıq böyük təcrübəyə malik mövcud hakimiyyət komandası ilə yoluna davam edəcəyini proqnozlaşdırırdı. Ancaq prezident Rəcəb Tayyib Ərdoğan növbəti dəfə hər kəsi təəccübləndirməyi bacardı. Türkiyə lideri hakimiyyət komandasını cəmisi iki nazir istisna olmaqla, tamamilə dəyişdirdi. Və bununla da Türkiyənin gələcək inkişaf perspektivləri ilə bağlı konkret hədəflərinin olduğunu biruzə verdi.
Təbii ki, Türkiyə cəmiyyəti üçün ölkənin maliyyə və iqtisadi sistemininin kimə etibar ediləcəyi ilə bağlıydı. Hər halda, Türkiyə vətəndaşları mövcud sosial-iqtisadi vəziyyətdən qətiyyən məmnun deyil. Bu sistemdə ciddi dəyişikliklərin edilməsinə xüsusi önəm verirlər. Və indiki situasiyada Türkiyəni beynəlxalq səviyyədə dərinləşən maliyyə-iqtisadi burulğandan yalnız bu sahənin ən yüksək peşəkarı yayındırıb, daha sabit mərhələyə keçirə bilər.
Maraqlıdır ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatını etibar edə biləcəyi belə peşəkarı tapmaqda çətinlik çəkmədi. Çünki, yeni iqtisadiyyat naziri Mehmet Şimşek bu sahə üzrə beynəlxalq səviyyədə dahi hesab olunur. O, vaxtilə Ərdoğanın komandasında artıq bir dəfə təmsil olunmuşdu. Ancaq o dövrdə FETÖ hələ Türkiyənin siyasi sistemində güclü təsir mexanizmlərinə malik olduğundan Mehmet Şimşək istefa vermək məcburiyyətində buraxılmışdı. Ona görə də, bu dəfə Mehmet Şimşək nazir postu üçün aldığı təklifi yalnız onun iqtisadi islahatlar paketinin tam şəkildə icra edilməsi şərti ilə qəbul etdiyi bildirilir. Yəni, Mehmet Şimşək Türkiyə iqtisadiyyatında ciddi islahatlar aparmaq niyyətilə nazir kreslosuna əyləşdirilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın xarici işlər naziri postuna seçimi isə Qərb siyasi dairələrində müəyyən çaşqınlığa və narahatlığa səbəb olub. Belə ki, bu postda Mövcud Çavuşoğlu peşəkar kəşfiyyatçı - Milli İstehparat Təşkilatının başqanı Hakan Fidanla əvəzlənib. Keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı sevən təcrübəli diplomatıydı. O, beynəlxalq səviyyədə böyük nüfuza və geniş əlaqələrə malik idi. Və Mövlud Çavuşoğlunun daha bir dönəm Türkiyə diplomatiyasını idarə edə biləcəyi gözlənilməz olmazdı.
Ancaq prezident Rəcəb Tayyib Ərdoğan xarici siyasət sektorunda dəyişiklik etmək qərarına gəldi. Yeni nazir Hakan Fidan Türkiyənin bütün sirlərinin əsas qoruyucusu hesab olunur. Rəsmi Ankaranın geopolitik prioritetlərinin müəyyən edilməsində Hakan Fidanın rolu inkaredilməzdir. İndi belə geniş məlumatlı və ölkənin gələcək hədəflərinin ssenari müəlliflərindən biri olan peşəkar kəşfiyyatçı Türkiyənin gələcək prioritetlərinin reallaşdırılması ilə şəxsən birbaşa məşğul olacaq.
Belə anlaşılır ki, prezident Rəcəb Tayyib Ərdoğan bu dəfə sonuncu hakimiyyət dönəmində olduğunu Türkiyənin hədəfləri baxımından, daha önəmli faktor hesab edir. Başlatdığı strateji geopolitik layihələri öz hakimiyyət müddətinin sonuna qədər yekunlaşdırmaq niyyətindədir. Böyük ehtimalla prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni dünya supergücünə çevrilmək niyyətində olduqca qərarlıdır.
Yeni xarici işlər naziri Hakan Fidan isə özünün peşəkar kəşfiyyatçı qabiliyyətlərini siyasi-diplomatik fəaliyyətdə tətbiq etməklə Türkiyə liderinə strateji hədəflərə çatmaqda dəstək verməli olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra "Türk əsri başlansın" çağırışı bütün dünyaya açıq mesajdır. Və bu səbəbdən də, prezident Rəcəb Tayyib Ərdoğanın özündən sonra daha güclü Türkiyə buraxmaq niyyəti Qərb siyasi dairələrində elə indidən ciddi narahatlıq doğurmağa başlayıb.
Artıq heç kimdə şübhə doğurmur ki, rəsmi Ankara NATO-nun idarə edilməsində ABŞ-ın liderliyinə şərik çıxmaq niyyətindədir. Bu isə dolayısı ilə Türkiyənin ABŞ və Qərblə bütün dünyada rəqabət aparmaq prioritetlərinin olduğunu sezdirir. Yəni, rəsmi Ankara yeni dünya düzənində ABŞ və Qərbin Türkiyəyə ayıracağı payın nədən ibarət ola biləcəyinin aydınlaşdırmasını gözləməyə həvəsli deyil. Çünki bunun nədən ibarət olacağını təxmin etməkdə qətiyyən çətinlik çəkmir. Ona görə də, rəsmi Ankara Türkiyənin yeni dünya düzənindəki yerini özü müəyyən etməkdə israrlıdır.
Bəzi mülahizələrə görə, prezident Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyənin Avropa Birliyinə üzv olmasına deyil, əksinə, "qoca qitə"də geopolitik siyasi iradə sahibinə çevrilməsinə çalışacaq. Eyni zamanda, buna paralel olaraq, rəsmi Ankara Azərbaycanla müttəfiqlik üzərindən Cənubi Qafqazda əsas regional oyunçu statusuna da iddialıdır. Bu, rəsmi Ankaraya Orta Asiyanın "geopolitik qapılar"nı aça biləcək önəmli faktor hesab olunur. Nəhayət, Türk Dövlətləri Təşkilatının beynəlxalq siyasi-iqtisadi güc mərkəzinə çevrilməsi məhz prezident Rəcəb Tayyib Ərdoğanın "Türk əsri başlansın" çağırışının qarşılığını təmin edə bilər.
Onu da nəzərə almaq lazımdır ki, Türkiyənin Ukrayna savaşında zəifləmiş Rusiya ilə münasibətləri ABŞ və Qərblə rəqabətdə qüvvələr nisbətini rəsmi Ankaranın xeyrinə balanslaşdıra biləcək önəmli faktorlardan biri hesab olunur. Hər halda, ABŞ və Qərb Türkiyənin sahib olduğu geniş geopolitik, geoiqtisadi və geostrateji manevr imkanlardan qətiyyən məmnun deyil. Və bu manevr imkanlarının yaxın perspektivdə beynəlxalq məkanda Türkiyənin öz hərbi-siyasi iradəsinin diqtəsinə imkan yaradaq real güc mexanizmlərinə çevrilə biləcəyindən narahatdır.
Ona görə də, prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdən daha da güclənərək, çıxması ABŞ və Qərbi sarsıntılı mərhələyə hazırlaşmaq məcburiyyətində buraxıb. ABŞ və Qərb bir tərəfdən Türkiyə liderinin heç kimin gözləmədiyi səviyyədə güclü hakimiyyət komandası ilə öz xarici rəqiblərinə meydan oxumasından çaşqınlıq keçirir. Digər tərəfdənsə, prezident Rəcəb Tayyib Ərdoğanın özündən sonrakı hakimiyyəti də elə indidən inşa etməyə çalışdığından əmindir.
Məsələ ondadır ki, bəzi Qərb ekspertləri keçmiş milli müdafiə naziri Hülusi Akarın prezident Rəcəb Tayyib Ərdoğanın siyasi varisi ola biləcəyini düşünürlər. Onların fikrincə, Hülusi Akar həm ölkə xaricində, həm ölkə daxilində, həm də Türkiyə ordusunda böyük nüfuza malikdir. Qərb politoloqları ehtimal edirlər ki, İndi Türkiyə lideri onu ölkənin hərbi sektorundan daxili siyasət səhnəsinə göndərməklə, gələcəkdə hakimiyyəti ötürəcəyi varisi hazırlamaq planına da start verib. Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğandan sonra da hakimiyyətdə onun "Türk əsri" ideyasının əsas daşıyıcılarından birinin ola biləcəyini düşünmək belə, ABŞ və Qərbdə bir çoxlarının yuxusunu qaçıra biləcək ehtimaldır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu