Şahdağ Turizm Mərkəzinin (bundan sonra qısaca ŞTM) ümumi zərərinin 100 milyon manata çatması xəbəri yayılıb. Əgər biz dövlətə 10 manat zərər vursaq, nə baş verər? Dərhal bir sürü idarə at ilxısı, köpək sürüsü kimi üstümüzə tökülər. Biri su xəttini kəsər, o biri işıq dirəyini uçurdar, üçüncü bizi qazda boğar. Ancaq vətəndaşa qarşı amansız münasibətin eynisi cürbəcür ŞTM-lərə qarşı nədənsə görünmür.
ŞTM dağ kurortudur, orada xizək yolları-zad var və bir dəfə neçə il qabaq uşaq-muşağın təkidi ilə məcburən çıxmışıq. Açığı, hər addım atmağa görə Azərbaycan yaşam standartlarına qətiyyən uyğun gəlməyən çox baha qiymətlər qoyulan, pullar alınan o yerdən heç xoşum gəlmədi. Vətəndaşı qazlamaq hesabına forslanmağa nifrət edirəm. Bu turistik məkan isə açıq-aşkar ikiqat qazlama obyektidir.
Çünki çoxlarımız ŞTM-i özəl obyekt sayır, ancaq belə deyil. Onu bir şübhəli şirkətə idarəçiliyə veriblər, yiyəsi isə Dövlət Turizm Agentliyidir. ŞTM-in tikintisi də dövlət büdcəmiz hesabına, təxminən yarım milyard manata başa gəlib (istəyirəm bir nazir çıxıb desin: “Ucuz tikiblər, gəlin qiyməti qaldıraq”). Təbii ki, hər hansı turistik obyekt təzə tikilərkən dövlətdən dotasiya ala bilər. Necə deyərlər, özünü tutana qədər. Ancaq ŞTM 2011-ci ildə istifadəyə verilib! 13 ildə bir qəpik xeyir vermədiyi bəs deyilmiş, ziyanı 100 milyona qalxıb.
Keçən il ŞTM-ə dövlət büdcəsindən 56 milyon manat ayrılacağı xəbəri yayılmışdı. Mərkəzi işlədənlər təkzib elədilər, dedilər guya dotasiya məbləği şişirdilib, əslində 12 milyon alıblar. Lap buna inandıq. Guya 12 milyon az puldur...
Elə dünən bu kimi zərər xəbərlərinin böyründə cəlilabadlı vətəndaşın 2 ton yararsız at ətini inək əti adı ilə satmaq cəhdi zamanı tutulduğu yazılmışdı. Lap yaxşı. Belə saxtakarların, yalan olmasın, gözünü çıxartmaq azdır, xalqın sağlamlığı ilə oynayırlar. Ancaq niyə saxta ət satan cəzalanır, saxta turizm satanlar isə əksinə, dotasiya alır? Bir daha “ödəniş qəbzimizi” xatırladıram: ŞTM-i tikməyə pul vermişik, gedib sürüşsək, pul verməliyik, zərərlə işlədiyi üçün də pul veririk. Üç qat ödəniş oldumu? Oldu. Bəs buna kim cavabdehdir? Olmaya Bayden və Obama? Bir az Putindən də şübhələnirəm.
Əsas məsələ bu deyil. Bizdə ata sözü var: “Malına düşdü talan, sən də bir yandan tala”. Maşallah, uca millətimiz hazırda bu məsələ gen-bol əməl edir və əlinə suç keçisi düşəndə onun dərisinə saman təpir. Məsələn, bu yaxında bir gülməşəkər müəllimciyə sırğa taxmışdılar, hay-harayın, qınağın, türkün sözü, təpkinin və təpiyin biri qəpikdən idi. Lakin 100 milyonu çırpışdır, sənin əlindən-ayağından öpəcəklər. Peşəkara hörmət edirik, bəs necə. Vasif müəllimi xatırlasaq, lap qibtə eləyirik.
Yeri gəlmişkən, ağlıma bir məzəli söz oyunu gəlib. Heyvanların dərisinə saman-filan doldurub müqəvvasını qayırmaq sənətinin adı bilirsiniz nədir? Taksidermiya! Mükəmməl şəkildə yerinə düşür, çünki bu saat bizdə taksi sürənlərin dərisinə saman təpməyə hazırlaşırlar. Hərçənd taksidermiya qədim yunanca “taksis” - qayda, “derma” - dəri sözlərindən yaranıb və bizim taksiçilərlə əlaqəsi yoxdur.
Söz oyununa girmişiksə, elə bununla da bitirək: şahın adına olan dağın xərcini rəiyyət çəkməyə borcludur.