Bu ilin yay aylarının sonunda Bolqarıstanın Varna şəhərində maraqlı bir kəşf edilib.
Musavat.com The Archaelogist saytına istinadla xəbər verir ki, tətil zamanı Bolqarıstana səfər edən və keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşı olan bir turist, bir barın içərisində masaya çevrilmiş qədim bir daş quruluşun üzərində mürəkkəb oyma işlərini fərq edib və dərhal yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb.
Aparılan araşdırmalar nəticəsində, arxeoloqlar bu əsəri II əsrə aid olan orijinal Roma sarkofaqı kimi tanıyıblar. Sarkofaqın orijinal qapağı olmasa da, üstündə yerləşdirilmiş bir plitə onu bar masasına çevirib. Arxeoloq Aleksandr Minçev bildirib: “Bu, əsl Roma sarkofaqıdır, lakin zamanla onu rəngləyiblər”.
O, həmçinin əsərin üslubunun Varna bölgəsi üçün qeyri-adi olduğunu və ehtimal ki, Bolqarıstanın başqa bir regionundan gətirildiyini əlavə edib.
Mütəxəssislər bu sarkofaqın qanunsuz artefakt dövriyyəsi ilə əlaqəli ola biləcəyini düşünürlər. Artefakt artıq yerli arxeoloji muzeyə təhvil verilib.
Fotoların mənbəsi: Bolqarıstan DİN, Google Maps
Musavat.com