“Turan” bağlandı, Mehman Əliyev jurnalistikadan getdi

Musavat.com bildirir ki, Azərbaycanın ən köklü və tanınmış xəbər agentliklərindən biri olan “Turan” İnformasiya Agentliyi fəaliyyətini rəsmi olaraq dayandırıb.

Bu barədə məlumat “Vergilər” qəzetinin 11 mart sayında dərc olunmuş kreditorlara ünvanlanan müraciətdə yer alıb. Agentliyin hüquqi şəxs kimi ləğv prosesi başladılıb, rəsmi internet saytı da artıq fəaliyyət göstərmir.

Maliyyə çətinlikləri səbəbindən fəaliyyətinə son qoyan agentliyin təsisçisi, tanınmış jurnalist Mehman Əliyev isə Modern.az-a açıqlamasında bildirib ki, jurnalistika sahəsi ilə vidalaşıb.

“Hazırda jurnalistika sahəsində fəaliyyət göstərmirəm. Yeni media strukturu yaratmaq barədə də düşünmürəm. Gələcəkdə də bu sahədə fəaliyyət göstərməyəcəm”, – deyə Mehman Əliyev bildirib.

O, bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyi ilə bağlı suala isə belə cavab verib: “Mən artıq 3 ildir ki, təqaüdçüyəm”.

Beləliklə, uzun illər Azərbaycan jurnalistikasında müstəqil media anlayışının simalarından sayılan Mehman Əliyev həm agentliyini, həm də peşəsini arxada buraxaraq sahədən kənara çəkilib.

Musavat.com

20.04.2025 17:41
1529