Söyüş müxalifətinin “tanınmış” simalarından biri olan Tural Sadıqlı 7 il əvvəl (28 mart 2018-ci ildə) Sevinc Telmanqızına verdiyi müsahibəni yenicə baş tutmuş kimi təqdim edərək sosial media platformalarında yayımlayıb.
Musavat.com-un məlumatına görə, bu addım ictimaiyyətdə çaşqınlıq yaratmaq, eləcə də Sevinc Telmanqızı və “Yeni Müsavat” Media Qrupunu hədəf almaq məqsədi daşıyır.
Bu videonun yeni müsahibə kimi təqdim olunması bir sıra təxribatçı məqamları özündə ehtiva edir. Tural Sadıqlı köhnə müsahibənin kontekstdən çıxarılmış hissələrini montaj edərək özünü üstün, haqlı, jurnalistimizi isə zəif göstərməyə çalışıb. Halbuki müsahibənin tam versiyasında jurnalistimiz onu sualları ilə divara dirəyir və özünün digər söyüş müxalifətindən fərqləndiyini söyləməyə vadar qoyur.
Bir daha qeyd edirik ki, müsahibə 7 il əvvəl, Vətən müharibəsindən və Qələbədən əvvəl, tam fərqli bir dövrdə baş tutmuşdu. O zaman Tural Sadıqlı da digər söyüş mühacirlərindən nisbətən fərqlənirdi və onların içində kəskin söyməyən, danışmaq, müsahibə almaq mümkün olan simalardan idi.
Hazırda Azərbaycan dövləti, onun dəyərləri və ölkə rəhbərliyi ilə düşmənçilik mövqeyində dayanan Tural Sadıqlı sistemli şəkildə dövlət atributlarına, milli dəyərlərə və Azərbaycanın maraqlarına qarşı çıxır. Tural və onun kimi söyüşü özlərinə peşə etmiş xaricdəki “YouTuberlər” Azərbaycanın zəfərinə, işğal altındakı torpaqlarımızın qaytarılmasına belə əks mövqedə dayanır; Vətən müharibəsi günlərində və 2023-cü ildəki antiterror əməliyyatı zamanı Ermənistanın mövqeyindən çıxış edir və öz ölkələrinin haqlı mübarizəsini dəstəkləmirdilər. İndi də eyni xətlə fəaliyyətlərini davam etdirirlər. Yəni hazırda belə biri ilə bizim hər hansı əməkdaşımızın normal mükaliməsi, müsahibə alması mümkün deyil. Tural Sadıqlının bizlər də daxil olmaqla, tanınmış ictimai-siyasi şəxslər, dövlət rəhbərləri barədə də ardıcıl qarayaxma kampaniyası apardığı bir zamanda ona öz platformamızda efir vermək yanlışlıq olardı.
Musavat.com rəsmi olaraq bildirir ki, son günlərdə, hətta son illərdə nə Tural Sadıqlı ilə əlaqə saxlanılıb, nə də ondan müsahibə alınıb. Müsahibənin yayıldığı dönəmdə isə (2018) Müsavat TV-nin imkanları məhdud idi, sistemli yayımımız yox idi və əsas yayımlar Facebook üzərindən həyata keçirilirdi.
Arayış üçün onu da bildirək ki, Tural Sadıqlı bir vaxtlar “Yeni Müsavat” qəzetinə məqalələr yazan bir gənc, elmi işçi, eyni zamanda Müsavat Partiyasının Gənclər Təşkilatının üzvü kimi (mühacirətə gedənə qədər) redaksiya ilə əlaqədə olub. Uzun müddət Müsavat Partiyası ilə eyni ofisdə fəaliyyət göstərdiyimiz üçün onu tanıyır, görüşür, ara-sıra da yazılarını dərc edirdik.
Lakin mühacirətə getdikdən sonra o, Azərbaycanın dövlət maraqlarına qarşı açıq mövqe tutub və söyüş ritorikasını əsas fəaliyyət istiqaməti kimi seçib. “Yeni Müsavat” Media Qrupu Sadıqlının saxtakarlığını qınayır və onun manipulyasiya etdiyi videonun “YouTube” və digər platformalardan silinməsi üçün addımlar atacağını bəyan edir.
Bu hadisə bir daha göstərir ki, Tural Sadıqlı informasiya manipulyasiyası və dezinformasiyanı fəaliyyətinin əsas istiqamətinə çevirib. Mühacirətdə olan bəzi radikal ünsürlər hətta 7-8 il əvvəlki videoları belə yenidən montaj edərək ictimaiyyəti çaşdırmağa çalışır. Görünür, onların buna ehtiyacı var.
Bu tip saxtakarlıqların qarşısını almaq və informasiya müharibəsində dövlət maraqlarını qorumaq üçün belə halların ifşası və geniş auditoriyaya çatdırılmasını vacib sayırıq.
“Yeni Müsavat” Media Qrupu