Tupak Şakurun qatili 27 il sonra tutulub

ABŞ-da reper Tupak Şakurun qətlində ittiham olunan Dueyn Kit Devis həbs edilib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Tupak Şakurun qətli 27 il əvvəl Las-Veqasda baş verib. 7 sentyabr 1996-cı ildə reperin olduğu avtomobil yaxınlıqda dayanan avtomobildən atəşə tutulub. Qatilin kimliyi naməlum olaraq qalıb. Lakin şahid qismində dindirilən Devis atışma baş verən avtomobildə olduğunu dəfələrlə bildirib.

Devis 1996-cı ildə Las-Veqasdakı cinayətkar dəstələrinin liderlərindən biri olub. 2019-cu ildə nəşr olunan xatirələrində o bildirib ki, münaqişə reper tərəfindən qardaşı oğluna hücum edildiyi üçün başlayıb.

Cinayətkarın qardaşı oğlu olan Orlando Anderson Şakurun qətlində şübhəli bilinirdi. Lakin o, 1998-ci ildə, istintaq hələ başa çatmamış, atışmada öldürülüb.

Hazırda mənbələr istintaqın intensivləşməsinə və qətl ittihamının irəli sürülməsinə nəyin səbəb olduğunu açıqlamayıblar. İyul ayında Devisin evində axtarış aparılıb və müxtəlif elektronika ələ keçirilib.

30.09.2023 02:49
1051