Tunberqi Azərbaycana hürdürən şok səbəb - ilginc təfərrüat

Siyasi şərhçi: “İsveç hökuməti və Qretanın valideynləri onu müalicə etdirib normal həyata qaytarmaq əvəzinə xəstəliyindən divident əldə etməyə çalışırlar”

Bədnam isveçli “ekoloji” fəal və təxribatçı Qreta Tunberq hələ də Ermənistandadır və neçə gündür oradan ölkəmizdə keçirilən COP29 iqlim konfransı və Azərbaycan əleyhinə açıqlamalar verir, aksiyalar keçirir. Ölkəmizi utanmazcasına ermənilərə qarşı bəşəri və hərbi cinayətlərdə, etnik təmizləmə siyasəti aparmaqda ittiham edir. “Məsuliyyətə cəlb etməyə” çağırır.

Caliber.az-a görə, Tunberqin Ermənistana səfəri və səsləndirdiyi anti-Azərbaycan bəyanatların çox konkret izahları var. Məsələ burasındadır ki, o, 2020-ci ildə erməni əsilli Britaniya neft maqnatı şərəfinə təsis edilən Qaalust Gülbekyan mükafatının ilk laureatı olub. Tunberq 46 ölkədən 79 təşkilat və 57 şəxs daxil olmaqla, 136 namizəd arasından seçilib. 

Bu fakt Tunberqin Ermənistana rəğbətini izah edə bilər. Onun Ermənistana səfəri və oradan Azərbaycana dil uzatmasının 4 il əvvəl ona verilən bir milyon avro mükafata görə bir növ minnətdarlıq olması şübhə doğurmur.

Bu, bir daha onu göstərir ki, hazırda Azərbaycanın əsas düşməni əslində Ermənistan yox, əli çox yerə çatan erməni lobbisidir. 

Azərbaycan dövləti bu faktoru necə zərərsiz hala gətirə, neytrallaşdıra bilər, yoxsa istənilən halda xristian amili öz sözünü deyəcək.

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Qreta Tunberq adlı ekoloji fəalın ölkəmizin əleyhinə danışdırılmasının daha ciddi səbəbi də var: “Məsələ burasındadır ki, 21 yaşını yenicə tamamlamış bu qız uşağı çox ciddi bir zehni xəstəlikdən də əziyyət çəkir - autizm. Bunu özü belə gizlətmir, əksinə, bu xəstəliyini dühasının əsl səbəbi kimi göstərməkdən belə çəkinmir. O, Böyük Britaniyada nəşr olunan ”The Gardian" qəzetinin 2021-ci ilin 25 sentyabr tarixli buraxılışına verdiyi müsahibəsində bildirib: “11 yaşında dərin depressiyaya düşdüm və yeməyi dayandırdım”. Depressiyaya düşməsinin səbəbini isə belə izah edir: “Səbəblərdən biri o idi ki, mən insanların dünyada baş verən hər şeyi vacib hesab etmədiklərini, sadəcə, özləri haqqında düşünmələrini başa düşə bilmirdim. Mən autizmli çox həssas uşaq idim, ona görə də bu barədə çox düşünürdüm və bu məni depressiyaya salırdı”.  Nəşrin iddiasına görə, Tunberqə həkimlər “Asperger sindromu, obsesif-kompulsiv pozğunluq və selektiv mutizm” diaqnozu qoyublar".  

Heydər Oğuzun bildirdiyinə görə, Qreta Tunberqə qoyulan bu diaqnoz onun israrlı şəkildə bəzi həqiqət bildiyi mövzulara qeyri-adekvat reaksiyalarının əsl səbəbi ola bilər: “Dərd burasındadır ki, İsveç hökuməti və Qretanın valideynləri onu müalicə etdirib normal həyata qaytarmaq əvəzinə xəstəliyindən faydalanıb siyasi və yaxud iqtisadi divident əldə etməyə çalışırlar. Halbuki zehni xəstəlik olan autizmli şəxslərin bəyanları hüquq müstəvisində belə etibar görmür və görməməlidir. Üstəlik, Qreta bu "eko-fəallığı"na da çox erkən yaşlarında başlayıb. 15 yaşında olanda ilk “ekoloji aksiyasını” keçirib və müəyyən maraq dairələri onun bu həssaslığından faydalanıb, Qretanı dünya ulduzuna çeviriblər". 

Qreta Tunberqdə aşkarlanan zehni xəstəliyin əlamətlərinə diqqət çəkən Heydər Oğuz bu əlamətləri belə sıralayıb: “Obsessiv-kompulsiv pozuntu (OKP) əlamətləri.

Ən çox görülən obsessiv simptomlar bunlardır:

- Həddindən artıq şübhə və daimi güvən ehtiyacı;

- Simmetriya, nizam və mükəmməllik; 

- Sosial olaraq qəbuledilməz davranış və ya rüsvay olmaq qorxusu;

- Səhv etməkdən qorxmaq;

- Başqasını incitməkdən qorxmaq;

- Çirklənmə və ya çirklənmə qorxusu.

Kompulsiyanın ən çox görülən simptomları isə bunlardır:

- Əl sıxmamaq, qapının dəstəyini tutmamaq;

- Dəfələrlə əlləri yumaq, duş qəbul etmək;

- Dəyərsiz əşyaların toplanması və yığılması;

- Müəyyən sayda və müəyyən bir ardıcıllıqla görüləcək işləri görmək;

- Müəyyən ifadələri, sözləri və ya duaları təkrarlamaq;

- Narahat edən  və yuxunu pozan şəkillər, sözlər və ya düşüncələrə ilişib qalmaq;

- Yeməklərini müəyyən bir ardıcıllıqla yemək;

- Məişət və ya şəxsi əşyaların müəyyən bir şəkildə təşkili;

- Gündəlik işləri yerinə yetirərkən ucadan və ya davamlı olaraq saymaq istəyi;

- Kilidlər, sobalar, ütülər, elektrik kimi bağlanması lazım olan əşyaların daim yoxlanılması. 

Allah eşqinə, bu qədər dərin psixoloji xəstəliyi olan adamın sözünə əhəmiyyət vermək nə dərəcədə doğrudur?

Nə yazıq ki, bizim cəmiyyətimizdə də İsveçin ruhi xəstəsinin sayaqlamalarından mədəd uman erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı qaldırılan “üsyan bayrağı”nın kölgəsinə sığınanlar var. Onlar anlamalıdırlar ki, erməni lobbilərinin bir ruhi xəstədən hansısa cılız məqsədlər üçün bu cür istismarının təsirləri uzunmüddətli olmayacaq və sabun köpüyü kimi dağılacaq. Belə boş ideyaların arxasınca düşüb özlərini biabır etməsələr yaxşıdır". 

Heydər Oğuz onu da bildirdi ki, Qreta Tunberqin özü də zaman-zaman verdiyi müsahibələrdə bəzi maraq dairələri tərəfindən istismar olunduğunu gizlətmir: “O, "The Guardian" qəzetinə verdiyi müsahibəsində bunu dolayısıyla etiraf edərək deyib: “Autizm sizi məhdudlaşdıra bilər, lakin əgər siz düzgün şəraitdə olsanız, doğru insanların yanında olsanız və bir məqsədiniz olduğunu hiss edirsinizsə, ondan yaxşı istifadə etmək olar. Və düşünürəm ki, mən indi bunu edirəm”. Göründüyü kimi, Tunberq ekoloji etiraz aksiyalarında istismar olunmasını “düzgün şərait”, “doğru insanların əhatəsində olmaq” kimi qiymətləndirir. Elə bu etirafın özü də onun məkrli qruplar tərəfindən istismar olunduğunu təsdiqləyir".

E.MƏMMƏDƏLİYEV,
Musavat.com 

19.11.2024 11:00
927