“Travmatik tapança çıxarıb atışmağa başladı” - Bakı sakini Moskvada dava salıb

Moskvanın mərkəzində elit restorana gələnlər atışma ilə dava salıblar. Polis 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, onun üzərindən travmatik tapança aşkar edilib. Həmin şəxs əvvəllər avtomobil oğurluğu və iqtisadi dələduzluqda şübhəli bilinirdi. Davanın digər iştirakçıları “Lamborghini Urus” markalı avtomobillə hadisə yerindən qaçıblar. Hadisə şahidləri deyirlər ki, bu restoranda belə hadisələr az deyil.

Mash Telegram kanalı baş verənləri təsvir edir: "Dava klassik münaqişə ilə başlandı: qonaqlar mübahisə etdi, biri xəsarət aldı və atəş açmağa başladı".

İddialara görə, mübahisə zamanı ağ paltarlı bir şəxs travmatik tapançanı çıxararaq havaya 5-7 dəfə atəş açıb.

Hadisə şahidləri polisə müraciət ediblər. Olay yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıb və onun silahını götürüblər. Hadisə yerindən şübhəlini göstərən görüntüləri yayımlanıb. O, iki polis əməkdaşı tərəfindən saxlanılır və sakit davranır. Kişinin sərxoş olduğu ehtimal edilir. Polis mərmi gilizləri axtararkən eyvanı mühasirəyə alıb, həmçinin şahidləri dindirib. Ölən və yaralananlar barədə məlumat verilmir.

“İzvestiya” müəyyən edib ki, polis hadisə yerindən iki giliz tapıb.

Hadisənin əsas fiqurantı 33 yaşlı Dmitri X. Bakıdandır, Moskva vilayətinin Leninski rayonunda qeydiyyatdadır, övladları var. Axtarış zamanı onun üzərindən iki travmatik tapança - "Qroza" və "Xorxe" tapılıb, sonuncusu qeydiyyata alınmayıb.

Teleqram kanalları münaqişənin başladığını əks etdirən video əldə edib. Görüntülərdə iki nəfərin restorandan çıxması əks olunub. Onlardan biri nalayiq sözlər işlədərək digərinin üstünə ucadan qışqırmağa başlayır və bundan sonra aralarında dava düşür. Nəticədə münaqişə tərəflərindən biri asfalta yıxılır, daha sonra bir neçə atışma səsi eşidilir.

Şahidlər münaqişənin bütün iştirakçılarının silahlı olduğunu bildirir.

Bildirilir ki, bir neçə başqa qonaq da kişilərin arxasınca çıxıb, lakin onlar davanın qarşısını almağa çalışmayıblar. “İzvestiya” qəzeti münaqişədə ümumilikdə 20-yə yaxın adamın iştirak etdiyini iddia edir.
Hadisə şahidi Vardan Avalyan REN TV-yə bildirib ki, restoranda tez-tez davalar, bıçaqlanmalar baş verir.

Musavat..com

02.09.2024 15:47
566