Türkmənistan qazını Avropa bazarına daşıyacaq Transxəzər qaz kəməri layihəsi yenidən müzakirə mövzusu olmağa başlayıb. Belə ki, bugünlərdə Şuşada keçirilən beynəlxalq mediaforumda Azərbaycan Prezidenti İlham Əliyev birtaniyalı jurnalistin Transxəzər layihəsinə dair sualını cavablandırıb.
Bildirib ki, Transxəzər Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə deyil: “Çünki Azərbaycanın təşəbbüskarı olduğu layihələr həmin o layihələrdir ki, bu, ölkənin resurslarına əsaslansın. Məsələn, Cənub Qaz Dəhlizi. Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır”.
İ.Əliyev qeyd edib ki, Transxəzər layihəsi bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır: “Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz nə edə bilərik? Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin eyni zamanda, onu unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur. Nəyə görə? Çünki tələbat artır. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP 16-dan 32-yə qaldırılmalıdır. Bu, əvvəllər bizdən gözlənilmirdi. Lakin indi gözlənilir və vəziyyət dəyişib. Odur ki, biz genişlənmə haqqında niyə danışırıq? Azərbaycan daha çox qaz istehsal edəcək və hər yeni il əvvəlki ildən daha çox istehsal edir. Məsələn, 2021-ci ildə biz 19 milyard kubmetr ixrac edirdik, keçən il artıq 22-yə qalxmışdır və cari ildə 24 olacaq. Sizinlə görüşmədiyimiz bu aylarda biz ən azı 300 milyard kubmetr ehtiyatı olan ”Abşeron" qaz yatağının kəşfini elan etmişik və artıq ilk quyu “Şahdəniz”dəki bütün quyulardan daha məhsuldardır. Odur ki, bizim boru kəmərləri sisteminin genişlənməsi öz resurslarımızın artması ilə bağlıdır".
Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, dövlət başçısı bildirib ki, bunun üçün Transxəzər sualtı qaz boru kəməri inşa edilməlidir: “İkincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastruktur lazımdır. Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq. Məsələn, Cənub Qaz Dəhlizini inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi - Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar yaşıl keçid layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha çətinləşdirir. Avropada qaz qiymətlərinin dəyişkənliyi də yeni-yeni suallar ortaya qoyur. Həmçinin qiymətə qoyulan məhdudiyyət, - mən düşünürəm ki, bu, qəbulolunmazdır, istehlakçılar həmin yuxarı həddi təyin edir, - bu da istənilən bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Avropa ölkələri illərlə bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarı olub. Beləliklə, real baxışdan bu, çox ciddi bir problemdir. Lakin kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə biz şad olarıq. Nəticədə bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq”.
Maraqlıdır ki, Türkmənistanda Azərbaycan Prezidentinin cavabı birmənalı qarşılanmayıb. İyulun 24-də Türkmənistan Xarici İşlər Nazirliyi Transxəzər qaz kəməri ilə bağlı açıqlama ilə çıxış edib. Açıqlamada qeyd olunur ki, Türkmənistan Transxəzər qaz kəməri layihəsinin reallaşmasına hər hansı maneə görmür və Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan kəmərə öz enerji satışı bazarını şaxələndirmək yolu kimi baxır: “Türkmənistan əmindir ki, kəmərin çəkilməsi ilə bağlı hər hansı siyasi, iqtisadi və maliyyə problemi yoxdur. Əksinə, Transxəzər qaz kəməri iqtisadi baxımdan səmərəli, tamamilə real, Avrasiya regionunda enerji təhlükəsizliyinə, avropalı istehlakçıların dayanıqlı və fasiləsiz qazla təmin olunmasına töhfə verəcək, nəhayət, bütün tərəflərə, o cümlədən tranzit ölkələrə fayda gətirəcək bir layihədir. Buna görə də Türkmənistan tərəfdaşları ilə birlikdə öz enerji axınlarını diversifikasiya edəcək Transxəzər qaz kəmərinin çəkilməsinə sadiqliyini bəyan edir”.
Türkmənistan XİN bildirir ki, bəzi Qərb mətbuatı Transxəzər kəmərinin çəkilməsi məsələsinə çox diqqət ayırır. Bugünlərdə Şuşadakı beynəlxalq mətbuat konfransında jutnalistlərin suallarını cavablandırarkən Azərbaycan Prezidenti İlham Əliyev “layihənin təşəbbüskarı və maliyyələşdirəni biz olmayacağıq, biz, sadəcə, öz ərazimizi və infrastrukturumuzu tranzit ölkə kimi təqdim etməyə hazırıq” deyib: “Bununla əlaqədar bildiririk ki, Türkmənistanın təşəbbüskarı olduğu Transxəzər qaz kəməri ilk əvvəldən yalnız iqtisadi və maliyyə baxımından səmərəli layihə kimi deyil, qlobal enerji təhlükəsizliyinə ciddi töhfə verən, bütün tərəflərin - istehsalçı, tranzitçi və istehlakçıların maraqlarını təmin edəcək bir layihədir”.
Türkmənistan XİN həmçinin bildirir ki, 5 Xəzəryanı ölkənin 2018-ci ildə dənizin hüquqi statusuna dair imzaladığı konvensiya kəmərin çəkilməsi üçün yalnız iki tərəfin - Azərbaycan və Türkmənistanın razılığa gəlməsi tələb olunur.
Məlumat üçün bildirək ki, Türkmənistan qazının dənizin dibi ilə Azərbaycana, buradan isə Türkiyəyə çatdırılması Türkiyə ilə Türkmənistan arasında 1997-ci ildə imzalanmış alqı-satqı müqaviləsində nəzərdə tutulurdu. Müqaviləyə əsasən Türkiyə ildə 30 milyard kubmetr türkmən qazını almaq öhdəliyi götürürdü. Müqavilənin imzalanmasından dərhal sonra Türkmənistan qazını Xəzərin dibi ilə Azərbaycana çatdıracaq Transxəzər boru xəttinin çəkilməsi ilə bağlı regional və beynəlxalq müstəvidə müzakirələr başladı, ardınca ABŞ və Avropa rəsmilərinin iştirakı ilə konsorsiumun yaradılması elan olundu. Lakin sonradan Rusiyada hakimiyyət dəyişikliyi baş verdi, Putin hakimiyyətə gəldi və bu layihənin tamamilə kənara atılmasına nail oldu.
2022-ci ildə Avropa Ukraynaya qarşı işğalçı müharibə başladan Rusiyanın qazından imtina etdikdən sonra layihə yenidən gündəmə gətirilir. Ötən il Türkmənistana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Transxəzər qaz kəmərinin çəkilişi ilə bağlı da müzakirələr aparıb, layihənin reallaşması üçün zamanın gəldiyini bəyan edib. Eyni zamanda Avropa İttifaqı da layihə ilə bağlı müəyyən aktivlik nümayiş etdirir. Lakin bu aktivlik layihənin icrası baxımından real fəaliyyətlərlə müşayiət olunmur. Xüsusilə layihənin maliyyələşməsi üçün tələb olunan vəsaitin ayrılması ilə bağlı hər hansı ciddi müzakirələr aparılmır. Rəsmi Aşqabad maliyyələşmənin Avropa İttifaqı tərəfindən təmin edilməsinin tərəfdarıdır və bunu açıq bəyan edir. Avropa İttifaqının isə Rusiyanın Xəzər dənizindəki hegemon varlığı şəraitində sırf onun qazını əvəz etmək üçün reallaşdırılacaq layihəyə maliyyə ayıracağı real görünmür.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Türkmənistan XİN-in açıqlamasının sonunda layihənin istehsalçı, tranzit ölkələr və istehlakçıların maraqlarına xidmət etdiyi vurğulanır: “Lakin türkmənlər layihənin tarixi kimi 2007-ci ili - Berdumuhemmedovun hakimiyyətə gəldiyi ili götürürlər. Halbuki onun əsası 1997-ci ildə Türkiyə ilə imzalanan müqavilə ilə qoyulub. Əgər belə səmərəli, maneəsiz layihədirsə, 20 ildən yuxarıdır niyə həyata keçirilmir? Xatırlayırsınızsa, Nabukko layihəsi 10 il masada oldu, müzakirə edildi, amma baş tutmadı, 2013-cü ildən tarixə qovuşdu. Ona görə ki, o, istehlakçıya ucuz qaz vəd etmirdi. Özü də Cənub Qaz Dəhlizi Avropanın cənubuna - İtaliyaya gedirsə, Nabukko Avropa qaz bazarının mərkəzinə - Avstriyaya gedirdi. Cənub Qaz Dəhlizi 3 min kilometrdirsə, Nabukko 4 min km idi. Bu kimi layihələrdə əsas diqqət onunla nəql ediləcək qazın iqtisadi baxımdan səmərəliliyinə yönəldilir”.
Ekspert bildirir ki, rəsmi Aşqabadın qənaətincə, Transxəzər qaz kəmərinin reallaşması Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin bölünməsi məsələsinə bağlıdır: “Yəni Aşqabad yenə də Xəzərin dibinin sektoral olaraq bölünməsini ümumən qəbul etsə də, amma özünə sərf edən "ayrıca məqamlar"ın (Abşeron yarımadası, Çilov adası kimi coğrafi subyektlərin orta xəttə təsiri) nəzərə alınmamasında Bakı ilə olan əvvəlki fikir ayrılıqlarını yenidən gündəmə gətirir.
Mənim qənaətimcə, 2021-ci ilin yanvarında Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanmış sazişin indiyə qədər kağız üzərində qalması məhz rəsmi Aşqabadın tez-tez dəyişən mövqeyinin nəticəsidir. İndi sual edirəm: bəs Aşqabad nədən dövlət səviyyəsində belə bir açıqlama ilə çıxış edir? Düşünürəm ki, məqsəd aşağıdakılardır:
- “Türkmənistan özünün qaz resurslarının çoxşahəli şəkildə beynəlxalq bazarlara çıxarılmasında maraqlıdır” tezisini gündəmdə saxlamaq;
- Bu ideyanın gerçəkləşdirilməsi yönümündə əsas baryerin Xəzərin dibinin bölüşdürülməsinə dair Azərbaycanla olan fikir ayrılığının qalmasını göstərmək;
- Türkmənistan qazının indiyə qədər Avropadakı istehlakçılara çatdırılmaması üçün bütün məsuliyyəti rəsmi Brüsselin çiyinləri üstünə yıxmaq (necə də Kremlin arzuları ilə üst-üstə düşür)".
Dünya SAKİT,
“Yeni Müsavat”