Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara təsir etdi, qiymətlər artdı, manat isə...

"Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da təsirsiz ötüşməyib. Seçki nəticələrindən təsirlənən birjalarda bondların, dolların, əsas səhmlərin və eləcə də Bitcoinin qiymətində artımlar qeydə alınıb".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili qeyd edib ki, ABŞ bondları 4.5 faiz, dollar isə səbət valyutalara nisbətən 2.0 faiz güclənib, Bitcoinin qiyməti ilk dəfə olaraq 75.0 min dollaradək yüksəlib.

Vüqar Bayramov — Vikipediya

"ABŞ birjalarında pozitiv dəyişikliklərə rəğmən digər aparıcı ölkə bazarlarında volatillik davam edib. Avro dollara nisbətən 2.0 faizə yaxın ucuzlaşıb. İnvestorlar Trampın ikinci prezidentlik dönəmində ABŞ-ın daxili bazarına yönəlik siyasətinin güclənəcəyini güman edirlər. Bu səhər 2.0 faizə yaxın dəyər qazanan S&P 500 indeksi məhz onun birinci prezidentliyi dövründə 70.0 faizə dəyər qazanmışdı.

Göründüyü kimi, ABŞ indekslərində artım fonunda digər aparıcı qlobal mərkəzlərin birjalarında xüsusi canlanmalar müşahidə edilmir. Bu isə, Trampın birinci prezidentlik dönəmindəki iqtisadi siyasəti davam etdirəcəyi ilə bağlı mesajlar ilə əlaqədərdir.

Trampın yenidən prezident seçilməsinin Azərbaycan ABŞ münasibətlərinə təsirlərinə gəldikdə isə ölkəmiz Birləşmiş Ştatlar ilə əməkdaşlıq ruhunda əlaqələrdə maraqlıdır. Bütövlükdə, Azərbaycan ərazi bütövlüyü və suverenliyə hörmət çərçivəsində digər dövlətlər ilə münasibətlərin güclənməsinə töhvə verir", deyə millət vəkili qeyd edib.

Vüqar Bayramov ABŞ-dakı son prezident seçkilərinin nəticələrinin Azərbaycan iqtisadiyyatına, eləcə də manata təsirlərindən də danışıb:

"Ölkəmizin əsas ticarət tərəfdaşı Avropa İttifaqı olduğundan bu tərəflər arasındakı ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək. Bununla belə, dünya bazarında dolların səbət valyutalara nisbətən daha möhkəmlənməsi və enerji resurslarının qiymətinin azalacağı da istisna deyil. Amma ABŞ-Körfəz əməkdaşlığı da neftin qiymətinə xüsusi təsirlərə malik olacaq. Belə əməkdaşlıq birjalarda nefti potensial təsirlərdən qoruya bilər".

Xalidə Gəray
Musavat.com

06.11.2024 20:56
1157