Trampın Ukraynada sülh formulu - yeni qaydalar  

 

“Yaxın vaxtlarda ABŞ tərəfindən Ukraynada atəşkəsin tarixi və təhlükəsizlik təminatları ilə bağlı bəyanatlar verilə bilər”.

Musavat.com-un məlumatına görə, Polşanın Baş naziri Donald Tusk ölkəsinin rəsmi dövlət radiosuna açıqlamasında bu mülahizələrini səsləndirib.

ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planını şərh edən Tusk bildirib ki, belə bir plan böyük ehtimalla yalnız hazırlıq mərhələsindədir: “Yaxın gələcəkdə bəyannamələr verilə bilər, xüsusən də atəşkəsin tarixi, onun hansı sərhəddə fəaliyyət göstərəcəyi və Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı”.

Tramp hakimiyyətinin Ukrayna ilə bağlı hazırladığı sülh planında ABŞ-ın bu ölkənin işlərinə daha az müdaxilə etməsinin nəzərdə tutulduğunu düşünən Polşa prezidenti belə bir qərarın yalnız Ukrayna deyil, digər Şərqi Avropa ölkələri,  o cümlədən Polşa üçün də böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Bəs Trampın Ukrayna üçün sülh planı nəyi əhatə edir və Polşanın timsalında Şərqi Avropa ölkələri ona niyə bu qədər ehtiyatla yanaşırlar?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ-ın Ukraynaya torpaq güzəşti müqabilində sülh təklifi yeni və Trampa aid ideya deyil: “Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ilin yaz və yay aylarına rus işğalçılarına qarşı hazırladığı əks-hücum əməliyyatları istənilən nəticəni verməyincə xüsusilə ABŞ hərbi dairələrindən “güzəştli sülh” təklifləri gəlməyə başladı. Bu barədə ən çox danışan və müxtəlif məqalələr yazan ABŞ-ın keçmiş admiral Ceyms Stavridis idi. Vaxtilə ABŞ-ın NATO-dakı ən yüksək vəzifəli səlahiyyətlisi olan Stavridis dəfələrlə səsləndirdiyi təklifində Ukraynaya Koreya təcrübəsini məsləhət bilir. Bu ideyaya görə, Ukrayna öz ərazisinin 20 faizini Rusiyaya verib Avropa ilə inteqrasiyaya başlamalıdır. Bu inteqrasiya prosesi nəticəsində Ukrayna da eynilə Cənubi Koreya kimi iqtisadi cəhətdən inkişaf edəcək və dünyanın aparıcı dövlətlərindən birinə çevriləcək. Ukraynanın ərazisini işğal edən Rusiya isə Avropa ölkələri ilə iqtisadi-ticarət əlaqələrini itirəcək, eynilə Şimali Koreya kimi dünyadan təcrid olunaraq, zəifləyəcək. Bu proses baş verdikdən sonra Ukrayna işğal olunmuş ərazilərində yaşayan vətəndaşları üçün əsl cazibə mərkəzinə çevrilə bilər və onlar yenidən Ukraynaya birləşmək üçün Rusiyanın daxilində mübarizəyə başlayarlar. Beləcə, Ukrayna öz ərazi bütövlüyünü qansız-qadasız həll etmək imkanına qovuşar”.

Heydər Oğuzun fikrincə, bəzi utopik fərziyyələrlə bəzədilmiş bu ssenaridə nəzərə alınmayan bəzi məqamlar var və bu məqamlar mülahizənin yaşanabilərliyini şübhə altına alır: “Əvvəla, Koreya misalında da gördüyümüz kimi, bir çox hallarda qurulan plan yaşanan reallıqlara uyğun gəlmir. Şimali Koreya 70 ildən çoxdur ki, yarımadanın cənubundan ayrılıb. Bu müddət ərzində Cənubi Koreya həqiqətən dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilib. Bununla belə, o, Şimali Koreya üçün model-dövlətə çevrilə bilmir. Çünki Şimali Koreya xalqının öz arzuladığı dövləti qurmaq və ya zorla parçalanmış vətəninin digər hissəsi ilə bütövləşmək şansı yoxdur. Ukrayna parçalanarsa və Rusiya onun 20 faizini ilhaq edərsə, bənzər proses bu coğrafiyada da yaşana bilər.

Üstəlik, 1950-ci illərin Koreyası ilə indinin Ukraynasının vəziyyəti də eyni deyil. Koreya xalqı o dövrlərdə sözdə də olsa, öz taleyini müəyyənləşdirir, hansı rejimlə idarə olunmasının davasını aparırdı. NATO ölkələri və SSRİ isə guya vətəndaş müharibəsi aparan tərəfləri dəstəkləyirdilər. İndiki Ukraynada isə iki tərəf var: öz ərazisini rus təcavüzündən qoruyan Ukrayna xalqı və müxtəlif bəhanələrlə onu işğal etməyə çalışan Rusiya. Yəni Ukrayna savaşının tərəfləri ölkənin daxili qüvvələri deyil. İşğalçı ilə vətən müdafiəçiləri arasında amansız döyüşlər gedir.

Ən əsası isə, Koreya savaşında hər iki tərəf nələrsə qazanmışdı. Ukrayna savaşında isə birmənalı şəkildə məğlub olan tərəf var və bu tərəf işğalçı güc qarşısında nələrisə qurban verməlidir. Sözsüz ki, bu durum təkcə Ukraynanın məğlubiyyəti ilə yekunlşamır. Ukraynanı dəstəkləyən Qərb dövlətləri də məğlub tərəfdir. Bu isə istər-istəməz Rusiyanın Avropa üzərində nüfuzunu və xofunu yenidən bərpa edir. Nəticədə Avropa İttifaqı və NATO müttəfiqliyi heç bir əhəmiyyət kəsb etməyən əlavə yükə çevrilir”.

Heydər Oğuzun fikrincə, Trampın sülh təklifi bu mənada təkcə Ukrayna üçün hazırlanmayıb: “Onun ən böyük hədəfi Avropa İttifaqıdır. ABŞ-ın təhlükəsizlik çətirinə sığınıb iqtisadi cəhətdən inkişaf edən, amma NATO-nun güclənməsi üçün öz Ümumdaxili Məhsulunun 2 faizini belə kollektiv müdafiəyə ayırmayan Avropanın bu “çoxbilmişliyi” hər zaman ABŞ rəsmilərini narahat edib. Obamadan tutmuş Baydenə qədər bütün ABŞ prezidentləri açıq şəkildə bu narazılıqlarını dilə gətirsələr də, Avropa ölkələri bütün iradları qulaq ardına vururdu. Görünür, Vaşinqton məhz bu səbəbdən öz müttəfiqlərinə “qonşuya ümid olan şamsız yatar” məsəlini əyani şəkildə başa salmağa çalışır”.

Bununla belə, Heydər Oğuz ABŞ-ın Avropa İttifaqını qəzəblənmiş Rusiyanın önünə atmasının arzulanan effekti verəcəyinə inanmır: “Vaşinqtonun son məqsədi Avropanı rus xofu ilə ram edib özündən asılı vəziyyətə salmaqdır. Amma dərd burasındadır ki, rus xofu bütün Avropa ölkələrini eyni dərəcədə narahat etmir. Rusiyadan ən çox qorxan Şərqi Avropa ölkələridir və bu da səbəbsiz deyil. Əvvəla, həmin ölkələr bir zamanlar rus imperializminin ya öz ərazisində, ya da təsir dairəsində olublar. Moskva indi də həmin ərazilərə iddialıdır. İkincisi, xüsusilə Baltikyanı ölkələrin özünü müdafiə edəcək zəruri hərbi strukturları da indiyədək formalaşdırılmayıb. Təsəvvür edin ki, Baltikyanı ölkələrin yetərli hava qüvvələri belə yoxdur. Onların hava sərhədlərini NATO müttəfiqləri qoruyur. Bu qədər həssas vəziyyətdə olan Baltikyanı ölkələr Ukraynanı da NATO-nun təhlükəsizlik çətiri altına almağı tələb edirlər. Bir növ özlərinin formalaşdırılmasında iştirak etmədikləri, amma yararlandıqları bir gücün istiqamətini müəyyənləşdirməyə çalışırlar. Sözsüz ki, Tramp kimi hövsələsiz liderlər bu “müftəxorluğa” uzun müddət səbr göstərə bilməzlər. Görünür, ortaq müdafiə sisteminin formalaşmasında ortaya çıxan bu tənasübsüzlük NATO-nu da dağılmağa doğru aparır. Elə bu səbəbdən də Trampın sülh formulunun ilk hədəfi Ukraynadırsa, əsas və əsl hədəfi Avropa İttifaqının müftəxorluğuna son qoymaqdır”.

Heydər Oğuzun fikrincə, Trampın hakimiyyəti təhvil alması ilə dünya nizamının yenilənməsi prosesi yeni mərhələyə qədəm qoyacaq və təkcə Avropada deyil, bizim regionumuzda ciddi proseslər yaşanacaq.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

10.11.2024 14:45
416