Trampın Ukrayna planı: nə hərb, nə sülh

Respublikaçı Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Avropa İttifaqı ilə ticarət, təhlükəsizlik və Ukraynaya yardım məsələlərində münasibətləri əhəmiyyətli dərəcədə dəyişəcək.

Trampın Ağ Ev sahibliyi Avro-Atlantik münasibətlərin möhkəmliyi və Vaşinqtonun Kiyevə dəstəyi sual altına qoymuş oldu. Ukrayna indi maliyyə yardımının ən böyük hissəsini ABŞ-dan alır.

Tramp Rusiyanın Ukraynadakı müharibəsini 24 saat ərzində bitirə biləcəyini iddia etsə də, bunu necə etmək niyyətində olduğunu açıqlamayıb. Ssenarilərdən biri budur ki, Tramp Ukraynaya silah tədarükünü dayandıracaq və Zelinskini Vladimir Putin qarşısında çarəsiz durumda qoyub atəşkəsə nail olacaq. Bu da son deyil respublikaçı prezident ABŞ-ın bütün dünyaya təsir edəcək təcrid siyasəti yürütməsinin tərəfdarıdır, hətta borcu olan NATO üzvü olan ölkəni müdafiə etməyəcəyi ilə hədələyib.

Dünyada çoxları artıq başa düşür ki, bu gün ABŞ-ın aparıcı rolu olmadan bəşəriyyətin fəlakətə doğru sürüşməsini dayandırmaq mümkün olmayacaq. Demokratların istər daxili, istərsə də xarici siyasətdə bütün cəbhələrdə məğlub olmasının əsas səbəbi, elə ABŞ-ın dünyada aparıcı rolunun zəiflədilməsi ilə birbaşa bağlıdır. Bu durumu dəyişəcək ilk nöqtə isə məhz Ukraynadır.

1b5e302-trump-getty_690x387.jpg (27 KB)

ABŞ-ın həm daxili, həm də qlobal arenadakı durumuyla bağlı radikal islahat vədlərini nəzərə alsaq demək olar ki, Ukraynadakı müharibə Tramp üçün prioritet məsələ deyil. Lakin gec-tez Tramp və onun administrasiyası müharibəni dayandırmaq üçün çoxtərəfli saziş imzalamağa çalışacaq. Bəli, məhz çoxtərəfli – təkcə Ukrayna, Rusiya arasında deyil, heç bu ikiliyə ABŞ da daxil olmaqla üçlü də deyil, həm də Avropanın ən azı bir neçə ölkəsinin iştirakı ilə. Amma bu o anlama gəlməməlidir ki, ABŞ NATO ilə Rusiyanın Ukraynadan keçən cəbhə xəttini həmişəlik donduracaq. Əsla! Ağ Ev üçün Kreml prioritet hədəfdir və bu hədəf ancaq daha əlverişli zamanadək ikinci plana keçirilə bilər.

Buna görə də Rusiyaya işğal olunmuş ərazilərin Rusiyanın hüquqi tərkib hissəsi kimi tanınmadan (Krımda olduğu kimi), indiki gərginliyi yumşaltmaq üçün hətta bəzi yüngül sanksiyalar aradan qaldırıla bilər. Paralel olaraq Ukrayna, Polşa və Baltikyanı ölkələrə silah tədarükünün artırılması, hərbi sənaye kompleksinin genişləndirilərək müasirləşdirilməsi istiqamətində ciddi addımların atılacağı istisna deyil. Bu həm Rusiya ilə mümkün gələcək hərbi toqquşmaya hazırlıq, həm də Avropa ilə etibarlı bufer zona yaradılması üçün vacibdir. ABŞ sərmayələri ilə bağlı radikal mövqedə duran Tramp Avropaya bundan artıq heç nə vəd edə bilməz. Əvəzində Avropanın üzərinə Ukraynanın bərpasını maliyyələşdirməz və bütövlükdə ehtimal olunan çoxtərəfli sazişin icrasına nəzarət qoyulacaq. Ukrayna NATO və ya Aİ-yə rəsmi üzvlük qəbul etməyəcək.

Amma faktiki olaraq, Qərb Ukraynada Putinin ən az istədiyi şeyi - Rusiyanı hərbi yolla ələ keçirmək üçün özünün hərbiləşdirilmiş “qalasını” yaratmağa başlayacaq.

gettyimages-2084802691-61eb12cb6.jpg (118 KB)

Üstəlik, bu “qala” daxilində güclü və dərin anti-Rusiya hissləri ilə. Bu həm də Kiyevi çətin atəşkəsə razı salmaq üçün lazımdır. Zelinski və ya ondan sonrakı Ukrayna rəhbəri Avropa ilə sıx qarşılıqlı əlaqə və siyasi inteqrasiya görüntsü yaradan hər hansı bir qurumla şirnikləndirilə bilər. Bu prosesin ABŞ, NATO-nun məğlubiyyəti, yaxud Putinin qələbəsi kimi qəbul olunmaması üçün Ukraynada işğal olunmuş ərazilərin əsasən geri qaytarıla bilməyəcək şəkildə dağıdıldığı və buna heç ehtiyac da qalmadığı, ordunun, iqtisadiyyatın, infrastrukturun bərpası, eləcə də əlaqələrin fəal şəkildə gücləndirilməsi mövzusunda geniş miqyaslı təbliğat kampaniyası aparılacaq. Bu tək Ukrayna vətəndaşlarınin razı salınması deyil, həm də beynəlxalq rəy üçün vacibdir.

Ukrayna belə bir sövdələşməyə etiraz etməyə çalışarsa, yardımı və şəxsən Zelenski də ictimai dəstəyi dayandırmaqla hədələnəcək. Rusiyanın buna etirazı isə onun hərbi və infrastruktur obyektlərinə həqiqətən güclü zərbələr endirilməsi qarşılana bilər.

Bir sözlə, Tramp adminstrasiyası 2025-ci ilin birinci yarısında sazişin bağlanması üçün əlindən gələni edəcək. Trampdan başqa heç kimə sərfəli olmayan bu sazişi zəruri edən faktorlardan ən əsası, nə Ukraynanın, nə də Rusiyanın açıq-aydın qələbə qazana bilməyəcəyi müharibəni sonsuz və davamlı şəkildə aparmaq imkansızlığıdır. Bu şərtlər daxilində Rusiya üçün müharibəyə qədərki dövrdən fərqli olaraq status kvonun coğrafi, hərbi mövqe baxımdan onun xeyrinə dəyişməsi cəlbedici görünür.

Təbii ki, Rusiya daxilində sövdələşməni ölkənin və şəxsən Putinin qələbəsi kimi təqdim etmək üçün böyük təbliğat aparılacaq və əsas şüar da “yeni ərazilər”ə, “Rusiya yeni torpaqlarla böyüyür” faktına yönəldiləcək. Amma reallıqda Putin daha da əsəbiləşəcək, daha aqressivləşəcək və daha da paranoyaklaşacaq. Ona görə də ən geci onilliyin sonuna qədər Rusiya yenidən hərbi təcavüzə başlayacaq və bəlkə də təkcə Ukraynada deyil.

Amma başqa bir variant da var: Nə Ukrayna, nə də Rusiya müharibəni dayandırmağa razı olmaya bilər…

Nəsimi Şərəfxanlı,
Xüsusi olaraq Musavat.com üçün

08.11.2024 13:30
443