Əlbəttə, 2020-ci ildə Amerika seçkilərində nadir hadisələrdən idi ki, prezident ikinci müddətə seçilmirdi. Amerikanın “dərin dövləti” Trampa qarşı hələ o prezident olandan mübarizə aparırdı. Onun 2016-cı ildə seçkidə Hillari Klintona qalib gəlməsi Baydenin qələbəsi kimi olmuşdu. Seçici səsi çox olan yox, yerli nümayəndələrin verdiyi səs prezidentlik yarışının taleyini müəyyən etmişdi. Trampın 4 illik prezidentliyi həm də o ittihamla keçmişdi ki, “seçkilərə Rusiya hakerlərinin müdaxiləsi olub”, “Putinin adamıdır” və sairə. Baydenlə yarışda onu həm də “ABŞ dünyada üstünə vəzifəsi olmayan işlərə müdaxilə etməyəcək” kimi bəyanatları bitirmişdi. Amerika “dərin dövləti”nin kəndirini kəsmək qərarı idi bu... ABŞ okeanın o tayında oturub öz problemləri ilə məşğul olacaqsa, o zaman Amerika kimə gücünü göstərəcəkdi, kimə sözünü keçərəcəkdi? Trampın “qələmini” o zaman Amerika imperialist düşüncəsinə zidd olan siyasətinə görə qırdılar. 2020-ci ildə də ikinci dəfə prezident olmasına imkan vermədilər. Tramp dedi ki, seçkilər saxtalaşdırılıb, tərəfdarları da etiraza qalxdılar, iğtişaş törətdilər, hətta ölənlər də oldu. Trampın yerinə Ağ Evə gələn Bayden dərhal bu siyasətə düzəliş etdi, “Amerika hər yerdə var” dedi, saxta erməni soyqırımı qərarı ilə başladı, sonra Ukrayna, İsrail-Fələstin müharibələri və sairə..
Qarşıdan gələn noyabr seçkisində də Trampın prezident olmasına imkan vermək istəmirlər. Sui-qəsd cəhdi yəqin ki, dərin güclərin ona xəbərdarlığı idi. Amma baş tutmamış sui-qəsdən sonra öldürülməsi də problem kimi görünmür. “Arxadan vurulan zərbə” filmindəki kimi əyil demirsən, Tramp daha həyatda olmur, ya da Bayden kimi olur, yəni yarımcan... Film kimi görünür, amma realdır.
Sui-qəsd cəhdindən sonra Trampı artıq seçkinin qalibi hesab edənlər də var. Bir çox lider, hətta dünənədək onun dediklərini ciddiyyə almayan Ukraynanın “vaxtı keçmiş prezidenti” Zelenski son müraciətində ona “prezident” deyə xitab edib. Tramp irəli gedir, amma zənnimcə, heç nə məlum deyil, əksinə hər şey indi daha dolaşıqdır.
ABŞ-da Tramp və Baydenin reytinqləri ilə bağlı "ABC News" və "Ipsos"un yeni araşdırması dərc edilib. Sorğu da göstərib ki, sui-qəsd cəhdindən və Respublikaçıların Milli Konvensiyasından sonra Trampın nüfuzu xeyli artıb. Belə ki, onun reytinqi 40 faizə yüksəlib. Bu, onun son dörd ildə ən yüksək reytinqidir. Sorğu həmçinin müəyyən edib ki, amerikalıların əksəriyyəti prezident Co Baydenin yarışdan çıxmasını istəyir. Hazırkı prezidentin rəğbət reytinqi 32 faizdir, vətəndaşların 55 faizi isə onun haqqında mənfi fikirdədir.
Deyim ki, Trampın prezidentliyi dövründə də onun barəsində çox tənqidlər yazmışam. Zənnimcə, Trampın qaba danışıq üslubu onun ən ciddi qüsurudur. Məsələn, 2018-ci ilin martında Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi təyin edilən Bolton 2019-cu ilin sentyabrında “prezidentlə ciddi fikir ayrılığı səbəbindən” işdən azad edildi.
Bolton işdən azad edildikdən sonra bekar oturmadı və yazdığı kitabla diqqəti Trampın ziddiyyətli siyasətinə yönəldə bildi. ABŞ prezidenti buna cavab olaraq Boltonu “insanları bombalamağı təklif edən dəli manyak” adlandırdı. Ağ Evin rəhbəri sabiq müşavirinin öz işini bacarmadığını, sərrast ağıla malik olmadığını da dedi. “Tvitter” hesabında da Boltonu hədəf alan Tramp “ onu sarsaq, gopçu və səriştəsiz ”kimi sözlər yazdı. İnanmıram ki, müxalifətdə qaldığı illər onun bu məsələdə dəyişməyinə faydası olsun...
Trampa milyarderlərin təmsilçididir, onların əksəriyyəti isə nədənsə, ABŞ-ın siyasi sitemini köklü şəkildə dəyişmək istəyirlər. O da var ki, Baydendən fərqli olaraq trampizm tərəfdarları qlobalist deyillər, milli dövlət tərəfdarlarıdır. ABŞ isə milli dövlət ola bilməz, o bəşəri dövlət idddiasından heç vaz keçmədi.
Amerikalını isə Ağ Evin imperialist maraqlarından daha çox, yaşayış səviyyəsi, təhlükəsizliyi düşündürür. Tramp dövrünə ona görə nostalji var ki, onun hakimiyyəti illərində işsizlik azaldı, büdcə şişdi, əhalinin gəlirləri artdı. Amerikalılar yenə yaxşı yaşayırlar, amma Bayden hakimiyyəti onlardan yığılan vergi pullarını Ukraynada havaya sovurmaqda davam edir, Amerikaya düşmən kimi baxan ölkələrin sayı da artıb. Əslində, Amerikaya indi heç xarici düşmən lazım deyil, içəridə didişmələr kəskinləşir, seçki ərəfəsi daha gərgin hadisələrin olacağı da gözləmək olar.
Baydenin isə yenidən namizəd olması gülməli olmayan lətifədir.
Nazim SABİROĞLU,
Musavat.com