Donald Trampın proteksionist iqtisadi siyasəti ölkədə avtomobil istehsalının maya dəyərinin ildə 6 trilyon yen (təxminən 40 milyard dollar) artımına, həmçinin dekarbonizasiya prosesində və süni intellektin inkişafı sahəsində durğunluğa səbəb ola bilər.
Musavat.com xəbər verir ki, bu qiymətləndirmə ilə Yaponiyanın aparıcı biznes qəzeti "Nikkei" çıxış edib.
Qəzetin araşdırmasına görə, Trampın bütün idxala 10-20 faiz tarif tətbiq etmək planı avtomobil sənayesinə böyük zərbə vuracaq, çünki bu, təkcə ABŞ-a başqa ölkələrdən gətirilən hazır avtomobillərə deyil, həm də ehtiyat hissələri və komponentlərə də təsir edəcək. Qeyd edilir ki, tariflərin tətbiqi bir avtomobilin istehsalının dəyərini təxminən 4 min dollar artıracaq. ABŞ-da ildə təxminən 10 milyon avtomobil istehsal olunur, bu isə xərclərin ümumi artımını 40 milyard dollara qədər yüksəldir. Analoji vəziyyətin digər istehsal sahələrində, o cümlədən maşınqayırma və polad sənayesində də yaranacağı, istehsal xərclərinin artması qaçılmaz olaraq son məhsulun məsrəflərini artıracağı, bütün bunların son nəticədə adi istehlakçının üzərinə yüklənəcəyi vurğulanır.
Qəzet qeyd edir ki, Trampın bərpa olunan enerji mənbələri ilə bağlı məsələlərdə sərt mövqeyi dekarbonizasiya prosesini yavaşladacaq, immiqrasiya siyasətinin sərtləşdirilməsi isə ölkəyə mütəxəssislər axınını azaldacaq və yüksək texnologiyalar sektorunun, o cümlədən süni intellektin inkişafına mənfi təsir göstərəcək. Yapon nəşri Trampın iqtisadi sahədə real proteksionist addımlarının onun seçki vədlərindən fərqlənə biləcəyini etiraf edir, lakin xarici şirkətlərin gələcək inkişafın müxtəlif ssenarilərinə hazırlaşmalı olduğunu vurğulayır.
Musavat.com