Trampın qərargahı: Yekun nəticələr bu gecə açıqlanmayacaq

Donald Trampın seçki qərargahı hesab edir ki, prezident seçkilərinin yekun nəticələri çox güman ki, günün sonuna (Bakı vaxtı ilə noyabrın 6-na keçən gecə) qədər məlum olmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə CNN respublikaçı ətrafında gedən daxili müzakirələrdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Seçkilərin nəticələrinin elan edilməsində gecikmə ola bilsə də, Trampın qərargahı axşam saatlarına kimi bəzi əsas ştatlarda seçkinin gedişatı barədə məlumat verəcək nəticələr olacağına əmindir.

Qərargah həmçinin Trampın Florida ştatının Palm-Biçdəki Mar-a-Laqo iqamətgahından mətbuata açıq çıxışı imkanını nəzərdən keçirir.

Trampın özü çərşənbə axşamı Palm-Biçdə səsvermədən sonra jurnalistlərə deyib ki, qələbəsini elan edib-etməyəcəyinə hələ əmin deyil: “Eşitdim ki, mən bir sıra ştatlarda liderəm, lakin yekun məlumatlar uzun müddət məlum olmayacaq”.

 

Musavat.com

05.11.2024 22:56
389