Trampın qələbəsi Almaniyada hakim koalisiyanı möhkəmlədəcək

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi Almaniya Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) hazırkı hakim koalisiyasına Almaniyada hakimiyyəti saxlamağa kömək edəcək.

Musavat.com xəbər verir ki, bu fikri “Politico” qəzeti yazıb.

Bildirilir ki, yaxın həftələrdə bu partiyaların liderləri ilk növbədə federal büdcəyə və genişmiqyaslı pensiya islahatı qanun layihəsinə təsir edən bir sıra taleyüklü qərarlar qəbul etməli olacaqlar. Nəşrin yazdığına görə, SPD və FDP liderləri işlər yolunda getmədiyi təqdirdə koalisiyanın ləğvi ilə hədələyiblər.

SPD-dən olan deputat Ralf Şteqnerin fikrincə, Trampın qələbəsi “böyük təsir” göstərəcək və siyasətçiləri “Almaniyada sabitliyin son dərəcə vacib olduğunu” qəbul etməyə məcbur edəcək. "Çətin geosiyasi vəziyyətdə Almaniyada yeni seçkilərə icazə verilə bilməz", - FDP-i parlamentdə təmsil edən Reynhard Huben deyib. “Xarici təzyiqlər artarsa və bu, Donald Trampın dövründə baş verərsə, Avropanın bundan sonra necə toparlanacağını təsəvvür edə bilərsiniz”, - o əlavə edib.

Almaniya Xarici Əlaqələr Şurasının eksperti Dominik Tolksdorf deyir ki, Trampın seçilməsi koalisiya üçün həyəcan siqnalı ola bilər və onu nəhayət bir araya gəlməyə məcbur edə bilər.

Musavat.com

24.10.2024 13:36
194