“Trampın qanı və sərvəti halaldır” – 2000-dən çox iranlı din xadimi ABŞ prezidentinə qarşı ölüm fətvasını təsdiqlədi

İranın radikal din xadimləri ABŞ prezidenti Donald Trampın qətlə yetirilməsinə açıq şəkildə çağırış ediblər.

Musavat.com xəbər verir ki, İranın müxtəlif dini qurumlarını və mədrəsələrini təmsil edən 2000-dən çox ruhani rəsmi bəyanatla çıxış edərək, “Trampın qanı və sərvəti halaldır” ifadəsini işlədib.

Bu barədə İsveçrədə yaçayan Elbəyi Həsənli özünün Facebook hasabında yazıb.

Paylaşımda qeyd olunur ki, bu ekstremist məzmunlu sənəd, İranın Qum şəhərində yerləşən “Dini Hövzələr İnformasiya Mərkəzi” tərəfindən yayımlanıb və burada ABŞ-ın hazırkı prezidenti Donald Tramp “Allahın düşməni” kimi təqdim edilir. Ruhanilər onu “İslam ümmətinə qarşı açıq hücumun əsas memarı” adlandırırlar.

Trampa qarşı fətvanın altında kimlərin imzası var? Xameneinin adamları…

Bəyanata imza atanların sırasında İranın siyasi və dini iyerarxiyasında yüksək mövqe tutan şəxslər var:
• Əhməd Hatəmi – Tehranın cümə namazı imamı,
• Möhsün Əraki – İranın Məsləhət Şurasının üzvü,
• Mehdi Şabzendedar – Mühafizə Şurasının fəal üzvü.

Bu şəxslərin hamısı İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin birbaşa təyin etdiyi fiqurlardır. Yəni bu çağırışlar təkcə “müstəqil mövqe” deyil, eyni zamanda rejimin ideoloji xəttinin tərkib hissəsidir.

Xatırladaq ki, bu çağırış ilk deyil. Artıq bir müddət əvvəl Qum elmi hövzəsinin ali rəhbərlərindən olan Ayətullah Məkarim Şirazi açıq şəkildə Tramp və İsrailin baş naziri Netanyahunu “Allahın düşməni” adlandıraraq onların öldürülməsini dini vəzifə elan etmişdi.

Məkarim Şirazi İranda “mərceyi-təqlid” statusuna malikdir – bu isə onu şiə aləmində ən yüksək dini nüfuz sahibi edir. Onun verdiyi fətvalar təkcə İranda deyil, İraq, Livan, Bəhreyn və Yəməndəki şiə cəmiyyətlərinə də ideoloji istiqamət verir.

Bu çağırışların yenidən gündəmə gəlməsinin əsas səbəbi kimi, 2020-ci ilin yanvarında ABŞ-ın İran generalı Qasım Süleymanini öldürməsi və 2025-ci ilin iyun ayında ABŞ tərəfindən İranın nüvə obyektlərinin bombalanması göstərilir. Tramp hər iki əmrin birbaşa siyasi və hərbi məsuliyyətini üzərinə götürmüş və buna görə İranda onu “qanın içində boğulmalı olan tiran” kimi təqdim etmişdilər.

Ruhanilər iddia edirlər ki, Tramp “İslamın müqəddəslərinə qarşı cinayət törədib” və bu səbəbdən onun “qanı halaldır”. Bu bəyanat isə faktiki olaraq beynəlxalq səviyyədə bir dövlət tərəfindən başqa dövlətin liderinə qarşı dini əsaslı ölüm çağırışıdır.

ABŞ tərəfi hələlik bu çağırışlara rəsmi reaksiya verməyib. Lakin təhlükəsizlik dairələrində vəziyyət izlənilir. Analitiklər bildirirlər ki, İranın bu cür açıq ekstremist ritorikası beynəlxalq hüququn və diplomatik etik qaydaların kobud şəkildə pozulmasıdır.

Azərbaycanlı jurnalist Elbəyi Həsənli isə məsələ ilə bağlı yekunda belə qeyd yazıb:

“Keçinin buynuzu gicişəndə, onu çobanın çomağına sürtər. Donald Tramp İrana neyləsə, azdır. Başa düşmürlər ki, bu dəfə hücum olsa, Amerika işi bitirəcək…”

Bu çağırışlar göstərir ki, İran rejimi siyasi rəqiblərinə qarşı yalnız diplomatik yox, dini vasitələrlə də təzyiq mexanizmi qurub. Trampın adı ətrafında yayılan bu ekstremist ritorika təkcə bir şəxsi hədəf almır, Qərbin özünə qarşı açıq dini savaş ritorikasına çevrilir.

Musavat.com

02.08.2025 19:36
651